Binəqədi rayonu ərazisində yerləşən, Bakı metrosunun “Azadlıq prospekti” stansiyasının ətrafında gedən tikinti işləri hər kəsi qorxuya salıb. Buna səbəb isə tikinti proseslərinin metronun üzərində aparılmasıdır
Problem təkcə tikintinin təhlükəli yerdə aparılması deyil, həm də ərazidəki parkın zəbt edilməsidir.
Adıçəkilən ərazidə yerləşən park hər günü daha da çox balacalaşır, bərbad hala salınır, zəbt edilir. İlk olaraq parkın bir hissəsi zəbt edilərək ticarət mərkəzi tikildi. Bunun ardından parkın digər tərəfi öncə hasara alındı, sonra ağaclar kəsildi və daha bir tikinti prosesi başladı. Bu bina isə düz metronun üzərində tikilir.
İndi isə parkın ərazisində 2 bina daha tikilir. Hər ikisi də yaşayış binası olacaq. Əraziyə üstdən baxdıqda şirəyə daraşmış qarışqa görüntüsü yaranır. Hərə bir yandan parkın bir tərəfini qopartmağa çalışır.
Bu qədər tikinti ilə yanaşı park özü də bərbad hala düşüb. Ərazidə zibil qutuları yerinə özü zibilləyə atılmalı olan dəmir yağ qutuları istifadə edilir. Oturacaqların bəziləri qırılıb, bəziləri isə ümumiyyətlə yoxa çıxıb. Parkın içində hərəkət edən zaman yolların sonu dəmir hasarlara çıxır. Çünki hər tərəf zəbt edilib.
Sakinlər deyirlər ki, parkdan artıq əsər-əlamət qalmayıb.
Cəmilə Dadaşova adlı Binəqədi sakini deyir ki, ərazidə uşaqları gəzdirəcək yer qalmayıb: “Yer hər günü daha da aşağı çökür. Hər tərəfdə tikinti gedir. Bir dənə normal oturacaq qalmayıb. Ərazi təmizlənmir, hər tərəf tökülüb-dağılır. Bunu da qəsdən edirlər. İstəyirlər ki, ərazi tam yararsız olsun, rahatlıqla məhv edə bilsinlər”.
Əlövsət Vəliyev adlı Binəqədi sakininin sözlərinə görə, vaxtı ilə ərazi hasara alınanda təmir ediləcəyi deyilib: “Burada bir dəfə partlayış oldu, hər şey də ondan sonra başladı. Əvvəlcə parkın sağ tərəfi hasarlandı. Dedilər ki, təmir edirlər. Sevindik ki, gözəl parkımız olacaq. Sonra gördük ki, hasara alınan yerlərdə ağaclar kəsilir. Anladıq ki, park düzəldən ağac kəsməz. Beləcə proses başladı. Parkın hər yerində tikinti gedir. Ağac kəsilir, yerini beton əvəzləyir. Ərazidə onlarla yaşayış binası var. Heç birinin normal parkı yoxdur. Hamı uşağını bura gətirirdi. Yayda metrodan çıxanda 10-15 dəqiqə oturacaqda otururduq. İndi bu şeylər mümkün deyil. Binəqədidə belə şeylər həmişə olur. Rayonda yaşıllıq qalmayıb. Hər yeri satırlar. Ölkədə bu icralara nəzarət edəcək bir qurum yoxdur?
Necə istəsələr elə də hərəkət edirlər. Heç kim bunlardan soruşmur ki, “Ay məmur, parkı necə satırsan? Niyə satırsan? Hansı qanunla?” Belə getsə, metrodan çıxanda kiminsə evinə girməli olacağıq”.
Qeyd edək ki, bu park haqqında bir neçə dəfə yazı dərc etmişik. Hər dəfə ərazidə olduğumuz zaman yeni bir tikintinin olduğunu görürük. Ərazi tort kimi bölünüb, hissə-hissə satılır. Bütün bu tikintilərə icazəni Binəqədi rayon icra hakimiyyəti verir. Necə, nə üçün, hansı əsasla?
Təbii ki, bu suallara cavab tapmaq maraqlı olardı.
Amma Binəqədi İcra Hakimiyyəti ilə əlaqə saxlaya bilmədik. palitika.az