“Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin vitse-prezidenti Musa Tükanovun günahsız həbsinə bais olan Zaur Tağıyevin özünə, sən demə, bir müddət əvvəl Azərbaycan Cinayət Məcəlləsinin 309.1 və 311.3.3 maddələri ilə cinayət işi açılıbmış…

Ataların belə bir məsəli var: “Özgəsinə quyu qazan özü düşər!”. Və “Bir dəli bir quyuya daş atdı, yüz ağıllı onu çıxara bilmədi”.

Sözümün “məmmədalısı” var… “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyində də bu gün həmin anlar yaşanır. Yəni bu cəmiyyətin keçmiş işçisi Zaur Tağıyev quyuya bir daş atıb. 1 ildən çoxdur onlarla polis və prokurorluq işçiləri onu çıxarda bilmir. Əksinə, polis və prokurorluq orqanlarına bu daşı çıxartmağa kömək edən “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin vitse-prezidenti Musa Tükanov həbs edilir. Qəzetimizin ötən sayında M.Tükanovun günhasız həbsi barədə müəyyən qədər məlumat vermişdik. Sonda onu da qeyd etmişdik ki, M.Tükanovun oğlu Akif Tükanovun təqdim etdiyi sənədləri, həmçinin lal və karların özlərinin arqumentlərini işıqlandıracağıq. Doğrudan da, M.Tükanovun oğlu A.Tükanov “Təzadlar”da olarkən söhbətində çox maraqlı fikirlər söylədi və bizə olduqca ciddi sənədlər təqdim etdi. Sənədlərlə tanışlıqdan məlum olur ki, “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin təsis etdiyi “Mehran” Təchizat, Nəqliyyat və Tikinti Müəssisəsinin və Təmir-Tikinti İdarəsinin keçmiş rəisi Tağıyev Zaur Arif oğlu cəmiyyətin vəsaitlərini və əmlaklarını mənimsəməklə məşğul olub. Cəmiyyətin üzvləri bir də onda ayılıblar ki, Zaur Tağıyev bu quruma məxsus Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 3 saylı Tədris İstehsalat Müəssisəsinin inzibati binasını sökdürmüş və orada olan əşyalar, mebellər yoxa çıxmışdır. Hətta həmin müəssisədə sahibkar olan icarəçinin 25 min manatlıq əmlakı da Z.Tağıyev və ətrafı tərəfindən mənilsənilmişdir.

Zaur Tağıyev indi də “Era-2006” MTK vasitəsi ilə cəmiyyətin Şərifzadə-3 ünvanda yerləşən 70 sot torpaq ərazisini ələ keçirmək niyyətindədir…
“Mono Liza" Şadlıq Sarayının baş ofisiantının Karlar Cəmiyyətinin ərazisində nə marağı var?
Həmçinin Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi-3 ünvanda yerləşən cəmiyyətin 64 min manatlıq vəsaitini və 42 min manat Z.Tağıyev və onun dəstəsində olan İsmiyev Nizami Nofəl oğlu və Laçın rayonu Arduşlu kəndində qeydiyyatda olan məcburi köçkün Cabbarov Natiq Sədrəddin oğlu tərfindən talan edilmişdir. Bütün bu özbaşnalıqlar barədə cəmiyyətin son 3 il prezidenti vəzifəsini icra edən, vitse-prezident Musa Tükanov (eyni zamanda Azərbaycan Vahid Komunist Partiyasının sədridir) hüquq mühafizə orqanlarına müraciət edib ki, tədbir görülsün. Çünki Z.Tağıyev cəmiyyətə məxsus mal-mülkü və pulu mənimsədikdən sonra, indi də “Era-2006” MTK vasitəsi ilə cəmiyyətin Şərifzadə-3 ünvanda yerləşən 70 sot torpaq ərazisini ələ keçirmək niyyətindədir.
Maraqlıdır ki, M.Tükanov bütün bu özbaşınalığa və korrupsiya əməllərinə qarşı 1 ildən çoxdur mübarizə apardığı bir vaxtda onun özünü 31 oktaybr 2017-ci ildə Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə (Passiv rüşvətxorluq) həbs edirlər. Adını da qoyublar ki, 3 il bundan əvvəl Laçın rayonundan köçkün olan Natiq Cabbarovdan 50 min manat pul istəyib.
Ancaq sual verən yoxdur ki, məcburi köçkün kimi dövlətdən yardım alan və əyin-başından hədsiz dərəcədə kasıb olduğu görünən Natiq Cabbarovda 50 min manat harada imiş ki, ondan da bu pulu kimsə almaq istəsin… Və yaxud, 3 il bundan qabaq verilən və ya istənilən 50 min manat niyə indi yada düşüb?
Daha bir sual: tutaq ki, M.Tükanov 50 min manat pul alıb və həbs olunub. Bəs niyə rüşvət alan həbs olunur, rüşvət verən yox? Natiq Cabbarovdan onu da soruşmaq olar ki, əgər 3 il bundan əvvəl 50 min manat rüşvət verərək cinayətə yol vermisənsə, niyə 3 il bu cinayəti bilib, gizlətmisən?
Bütün bu suallardan M.Tükanovun tam əsassız yerə həbs olunduğu gün kimi aydındır. Ötən sayımızda da qeyd etmişdik ki, məqsəd “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinə məxsus Şərifzadə-3 ünvandakı 70 sot ərazini ələ keçirməkdir. Amma çox təəssüf ki, kimlərinsə şəxsi maraqlarını həyata keçirmək üçün hüquq mühafizə orqanlarından tələ kimi istifadə edirlər.
M.Tükanovun qanunsuz həbs edildiyini sübut etmək üçün “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin 87 nəfər üzvünün imzası ilə Respublikanın Baş prokuroru cənab Zakir Qaralova vaxtilə yazdıqları müraciətə nəzər salmaq kifayətdir. Müraciətdən sitat:
“Cənab Baş Prokuror! O ki qaldı şər və böhtana məruz qalan cəmiyyət rəhbərliyinə, o cümlədən də Cəmiyyətin birinci vitse-prezidenti Musa Tükanova, Cəmiyyətin yataqxana komendantı Almaz Tağıyevaya, MMC-nin direktor müavini Əli Cəfərova və digərlərinə, həmin şəxslərə biz inanırıq və onları müdafiə edirik, bundan sonra da müdafiə edəcəyik. Məhz Əli Cəfərov Yasamal rayonu, Şərifzadə-3 ünvana direktor təyin olunandan sonra Cəmiyyətin Mərkəzi İdarəsinə vəsaitlər daxil olmağa başladı. Mərkəzi İdarə əməkdaşları əmək haqqı almağa başladı, Cəmiyyət üzvlərinə maddi yardımlar verildi. “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin keçmiş işçiləri Tağıyev Zaur Arif oğlu, İsmiyev Nizami Nofəl oğlu həmin sahədə işləyərkən Mərkəzi İdarəyə ümumiyyətlə, vəsait daxil olmurdu, nəticədə çoxsaylı əmək haqqı borcu, o cümlədən də Sosial Müdafiə Fonduna borclar yarandı. Yığılan vəsaitlər isə (42 min manat) Tağıyev Zaur Arif oğlu tərəfindən mənimsənilmişdir, qalan hissəsi isə Həşimov Həsənqulu tərəfindən tikintinin genişləndirilməsinə sərf olunurdu. Faktiki olaraq orada aparılan tikinti işləri Tağıyev Zaur Arif oğlu tərəfindən Cəmiyyətdə mənimsənilən vəsaitlər hesabına aparılıb. Həşimov Həsənqulu isə yalnız 10.10.2013-cü il tarixli müqavilə imzalayıb, bu şəxs tikintiyə şəxsən heç bir vəsait qoymayıb. Çünki bunu təsdiq edən heç bir sənəd yoxdur. Şərifzadə-3 ünvanda olan tikililər Cəmiyyətin vəsaiti hesabına inşa olunduğu üçün Cəmiyyətə məxsusdur və həmin sahəyə kənar şəxslər daxil ola bilməzlər, biz buna yol verməyəcəyik”.

Korrupsiya qalmaqalı isə böyüyür…

Bildiyimiz kimi, lal və kar olan insanlar çox həssas olurlar. Onlar qanunun aliliyinə və insanlıq amilinə çox önəm verirlər. Əgər kimsə məsələn, Zaur Tağıyev kimilər bu prinsiplərə zidd gedibsə, yəni lal və kar insanların haqqına giribsə, dorğudan da bu insanlar onları heç vaxt bağışlamayacaq və haqq ədalət bərpa olunana qədər mübarizə aparacaqlar. Çünki həm Zaur Tağıyev, həm də onun Nizami İsmiyev və Natiq Cabbarov kimi əlbir olduğu dəstə lal və kar olan insanların payını mənimsəyiblər. Bunu nəinki lal və kar olan insanlar, heç Allah da bağışlamaz. Cəmiyyətin üzvləri olan bu insanlar kimin haqlı, kimin haqsız olduğunu məhkəməsiz, istintaqsız da çox yaxşı bilirlər. Onu da yaxşı bilirlər ki, əgər M.Tükanov onların vəsaitlərini yesəydi onun yaşadığı mənzilin sadə qapısı Sovet dövründən bəri olduğu kimi qalmazdı… Əgər 64 yaşlı, Qarabağ döyüşlərinin iştirakçısı olmuş, Qarabağ veteranı M.Tükanov onlara məxsus pulları mənimsəsəydi, bu gün köhnə “Opel” markalı maşın sürməzdi. Lal və kar olan insanların gözləri əsl tərəzidir və yaxşını pisdən çox yaxşı seçirlər. Əgər bu gün bu insanlar Musa Tükanovu yox, Zaur Tağıyevi və onun dəstəsini ittiham edirlərsə, deməli, nəsə bilirlər. Bilirlər ki, cəmiyyətin əlil üzvləri kasıb günlərini yaşadığı halda, Z.Tağıyev adi maaşla bahalı geyimlər alıb, ən bahalı “Cip” maşında gəzə bilməzdi. Əgər M.Tükanovun tabeliyində olmuş Zaur Tağıyevin yaşayış tərzinə fikir verilsə, onda Cəmiyyətin vitse-prezidentinin kasıb həyat tərzi ilə Z.Tağıyevin kübar həyat tərzi çılpaqlığı isə üzə çıxar.
Maraqlıdır, M.Tükanovu həbs edənlər bu nüansı niyə nəzərə almayıblar? Axı Cəmiyyətin üzvü olan lal-kar insanlar özlərini öldürürlər ki, korrupsiyaya yol verən M.Tükanov yox, Z.Tağıyevdir. Görəsən bu insanların ah nalələri, harayları niyə eşidilmir? Məgər hüquq mühafizə orqanlarında da kar olan insanlar var? Axı Z.Tağıyevin dələduz olduğu həmin hüquq mühafizə orqanlarına da məlumdur. Bunu sübut edən bir səbəbə diqqət edək: deməli, Zaur Tağıyev Bakı şəhəri, Şərifzadə küçəsi, ev 112, mənzil 34 -də yaşayan İbrahimov Ağadadaş Nurməmməd oğluna söz verir ki, onu “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin müsəssislərindən birinə direktor təyin edəcək. Bu məqsədlə Z.Tağıyev A.İbrahimovdan 150 min dollar pul alır, lakin pulu həzm-rabedən keçirir, verdiyi sözə isə əməl etmir. Ona görə də A.İbrahimov müxtəlif orqanlara şikayət məktubları göndərir. Onun göndərdiyi şikayətlərdən birinə Səbail rayon Prokurorluğunun müstəntiqi vəzifəsi üzrə ştajor Babək Zakirzadənin 19 oktyabr 2017-ci il tarixli, 549-ş-17 saylı məktubunda oxuyuruq:
“Hörmətli Ağadadaş müəllim.
Tağıyev Zaur Arif oğlunun sizə qarşı qanunsuz hərəkətlər etməsini əks etdirən şikayətiniz 19.10.2017-ci il tarixində Səbail Rayon Prokurorluğuna daxil olmuşdur. Hazırda “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin Mərkəzi İdarəsinin vətəndaş Tağıyev Zaur Arif oğlu barəsində yazdığı şikayətlə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1, 311.3.3 -cü maddələri ilə 170096053 nömrəli cinayət işinin istintaqı aparılır. Odur ki, sizə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə müraciət etməyiniz tövsiyyə olunur”.
Göründüyü kimi, Z.Tağıyevin çoxsaylı qanunsuz əməlləri Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə yaxşı məlumdur. Elə isə görəsən, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin əməkdaşlarının da korrupsioner Z.Tağıyevi bir kənara qoyub, onunla mübarizə aparan M.Tükanovu həbs etməkdə məqsədləri nədir?
Məhz buna görə də “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyi adından həm Respublikanın Baş Prokuroru cənab Z.Qaralova və onun birinci müavini cənab R.Usubova bu qanunsuzluqların aradan qaldırılması üçün müraciət edilib. Həmin ürək ağrıdan müraciətlər barədə növbəti buraxılışmızda məlumat verəcəyik. İndilikdə isə Zaur Tağıyevin korrupsiya əməlləri barədə ATV televiziyasının 16.06.2016-cı il tarixdəki axşam xəbərlərində efirə getmiş video-sujeti diqqətinizə çatdırırıq. Elə bu video materiladan da görünür ki, “Oğru elə bağırdı ki, doğru küncə qısıldı”. Video materialla saytda, yazının axırında tanış ola bilərsiniz.

“Mono Liza” Şadlıq Sarayının baş ofisiantının necə “investor” oldu?

İndi isə daha maraqlı məqamı diqqətə çatdırmaq istəyirik. Cəmiyyətin Şərifzadə-3 ünvanındakı ərazisində gedən tikintilərə yatırım qoyan Həsənqulu Həşimova diqqət kəsilək. Görəsən, bu Həsənqulu Həşimov hansı böyük bir biznesin sahibidir ki, Zaur Tağıyevin dəstəsinə qoşulub tikintiyə babat pullar buraxır? Bu adam heç bir biznesin sahibi deyil. Sadəcə “Mono Liza” şadlıq evinin baş ofisiantıdır. Görəsən, hüquq mühafizə orqanları Həsənqulu Həşimovu çağırıb soruşacaqlarmı ki, ay baş ofisant, sənin lal və karların ərazisində nə işin var? Və ya sənin bu qədər pulun varsa, bəs niyə ofisant işləyirsən? “Mono Liza” Şadlıq Sarayının sahibinin isə bundan xəbəri yoxdur ki, onun ofisantı nə işlə məşğuldur və adı cinayət dosyesində hallanır. “Mono Liza” Şadlıq Sarayının kimə məxsus olduğunu bilirik, lakin hələ ki ad çəkmək istəmirik. Amma həmin professordan xahiş edirik ki, Həsənqulu Həşimov kimi bir baş ofisiantın lal və karların ərazisində nə üçün peyda olmasına özü aydınlıq gətirsin…
Digər maraqlı məqamlar barədə növbəti buraxılışlarımızda tanış ola bilərsiniz.

Hazırladı: Elçin Məmmədli

P.S. Əks tərəf kimi yazıda adı çəkilən hər kəsin mövqeyni dərc etməyə hazırıq. Bu məqsədlə həm də “Mono Liza” Şadlıq Sarayının sahibi olan professora zəng vursaq da zəngimizə cavab vermədi…
Yazıda adı hallanan Zaur Tağıyevlə, əks tərəf kimi əlaqə yaratmağa çalışdıq. Nəhayət, Z.Tağıyev redaksiyamızda oldu. Özü və Musa Tükanova 50 min manat verməkdə adı çəkilən Natiq Cabbarovun və Həsənqul Həşimovun haqqında yazılanların düzgün olmadığını bildirdi. Yəni Musa Tükanovun vitse-prezidneti olduğu “Azərbaycan Karlar Cəmiyyəti” İB tərəfindən bizə təqdim edilmiş sənədlər yetərli deyil. Eyni zamanda Z.Tağıyev bizə özünün haqlı olduğunu sübut edən çox qalın bir qovluq təqdim etdi. Qəzet çapa gedən ərəfə olduğundan və həmin matreriallarla tanış olmaq çox vaxt tələb etdiyindən ətraflı məlumat verə bilmirik. Ancaq materiallarla əhatəli tanış olduqdan, geniş araşdırma apardıqdan sonra Z.Tağıyevin də əks tərəf kimi mövqeyni dərc edəcəyik.
Tezadlar.az

Paylaş