Azərbaycanda oğluna, nəvəsinə “putyovka” istəyən məmurların qeyri-rəsmi siyahısı tərtib olunur
Palitika.Az-a Həmkarlar İttifaqları Konfederasiyasından sızan məlumata görə,həmin məmurların kimliyi bəllidir və Prezident Administrasiyasına təqdim olunacaq.
Bəzi nazir, məmur, deputatların abırsız şəkildə müraciət edərək göndəriş vərəqəsi istəməsi ciddi narazılıq doğurub.
Həmkarlar İttifaqları Konfederasiyası rəhbərliyi tərəfindən hazırlanan siyahıda tanınmış deputatların, komitə rəhbərləri, nazir müavinlərinin adları keçir.
Belə bir biabırçılığa imza atan, nəvəsi üçün “putyovka” istəyən rüşvətxor, biznesmen məmurların tələbinə Konfederasiyadan “yox” deyildikdə yuxarılara başqa cür hesabat verməyə çalışırlar.
Odur ki, Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev məsələni yuxarılara çatdırıb ki, agah olsunlar.
“Bəzən deputat yoldaşlarımız 4-5 əlavə “putyovka”, yəni “göndəriş vərəqəsi” istəyir. Amma “göndəriş vərəqəsi” hər adama ildə bir dəfə verilə bilər”.
Bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, ikinci “göndəriş vərəqəsi”nin verilməsinin mümkün olmadığını qeyd edib: “Bəzən Nazirlər Kabinetindən belə vərəqə istəyirlər.
Baxırsan, özünün 60, oğlunun da 40 yaşı var. Hələ nəvəsinə də belə sənəd istəyir. Bu məsələni Prezident Administrasiyasında da müzakirə etmişəm”.
Amma daha maraqlı odur ki, bir çox məmurlar yay istirahətinə külli miqdarda pul xərcləməklə kifayətlənmirlər. Onlar tabeçiliyində olan işçilərin yay tətilini belə gəlir əldə etmək üçün əla fürsətə çevirməyi bacarırlar.
Belə ki, bəzi yüksək çinli məmurların ölkə daxilində kifayət qədər dəbdəbəli istirahət mərkəzləri var.
Həmin istirahət mərkəzləri əsasən ölkənin şimalında – Qubada, Qusarda, həmçinin Şamaxı-İsmayıllı zonasında yerləşir.
Əldə etdiyimiz məlumata görə belə istirahət-əyləncə mərkəzlərinə malik olan yüksək çinli məmurların bəziləri öz işçilərinin qarşısına öz ailəvi yay istirahətlərini məhz həmin istirahət-əyləncə mərkəzlərində keçirməyi şərt kimi qoyublar.
Bunu onlar rəhbərlik etdikləri qurumlardakı həmkarlar təşkilatı vasitəsilə həyata keçirirlər.
Həmkarlar təşkilatı işçilərə belə istirahət mərkəzlərinə göndəriş (“putyovka”) satır. Bununla da bəzi məmurlar işçilərinin yay tətili sayəsində öz obyektlərinin müştərisiz qalmamasına nail olurlar.
Həmkarlar İttifaqları Konfederasiyasında nəvəsinə putyovka istəyən vəzifəli şəxslərin adları məlumdur.
Ancaq qalmaqal olmasın deyə ictimaiyyətə açıqlamırlar. PA-ya çatacaq siyahı ilə tanışlıqdan sonra məmurların bu özbaşınalığına son qoyulacağı gözlənilir.
Sanatoriya və istirahət evlərinə yollayışlar məcburi dövlət sosial sığortasına cəlb olunan və digər yollayış almaq hüququ olan şəxslərə verilir. Həmin şəxslər yollayışı dəyərinin 15%-ni ödəməklə əldə edirlər.
Yollayışların ümumi sayının 10 faizi isə işçilərə (aztəminatlı ailələrə, müharibə iştirakçılarına, əlil, şəhid ailələrinə və s.) ümumiyyətlə tam güzəştlə pulsuz verilir:
İşçilər iş yerlərində, tələbələr isə təhsil aldıqları müəssisələrdə həmkarlar ittifaqı komitələrinə ərizə ilə müraciət edərək yollayışlar ala bilərlər.
Müəssisələrin həmkarlar ittifaqı komitələri, onların xüsusi komissiyaları yollayışlara daha çox ehtiyacı olanları müəyyən edir və işçilərin təqdim etdikləri tibbi arayışa uyğun olaraq müvafiq yollayışlarla təmin edir.
Məcburi dövlət sosial sığorta haqqı ödəyən şəxs ailə üzvü üçün də yollayış almaq istəyirsə və ailə üzvü də məcburi dövlət sosial sığorta haqqı ödəyirsə, onda yollayışın dəyərinin 15%-ni ödəyir.
Əgər işləmirsə, məcburi dövlət sosial sığorta haqqı ayırmaları ödəmirsə, yollayışı dəyərinin 50%-ni ödəməklə əldə edə bilər.
Həmkarlar itifaqı təşkilatlarının vətəndaşlara yollayışları tam dəyəri ödənilməklə də vermək hüququ var.
Elə kateqoriya insanlar var ki, məsələn şəhid ailələri, Qarabağ müharibəsi veteranları – bunlara yüz faiz ödənişsiz yollayışlar vermək olar.
Yeri gəlmişkən, belə hallar da var. Ancaq adi işçilər üçün 50 faiz özləri, 50 faiz isə Dövlət Sosial Müdafiə fondu ödəməklə yollayışların sayını 20-30 faiz artırmaq olar.
AHİK-in üzv təşkilatları da öz vəsaitləri hesabına inşa etdirdikləri müasir tipli pansionatlarda işçilərinin istirahətlərini təşkil edirlər.
Məsələn, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının Nabran zonasındakı “Rabitəçi” istirahət mərkəzində mövsüm ərzində 450 nəfərə yaxın, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının Nabrandakı “Lokomotiv” istirahət mərkəzində 1000 nəfər, Dövlət idarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Nabrandakı “Ülfət” istirahət zonasında 1000 nəfərə yaxın, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nabrandakı “Təhsil” istirahət mərkəzində 1500 nəfərə yaxın, Dəniz Nəqliyyatı İşçilərinin Həmkarlar İttifaqının “Dənizçi” istirahət mərkəzində 1900 nəfərə yaxın həmkarlar ittifaqı üzvü istirahət edib