Bu gün yolum Baş Dövlət Yol Polisi İdarəsinə düşdü. Səbəbi ziyarətimin məqsədi yaxın qohumumun maşınını adına keçirməyində yardımçı olmaq idi.
Yetişdik hadisə yerinə. İşçilərdən birinə yaxınlaşıb işə haradan başlayacağımızı soruşduq. Əfqan adlı işcinin ilk sözü bu oldu ki, dövlət rüsumi ilə işinizi həll etmək istəyirsinizsə maşını 1-ci yaxud 3-cü sıraya verin, növbənizi tutun. Yox əgər burada hər hansı bir çətinliklə üzləşmək istəmirsinizsə 250 manat verin, maşını da 2-ci cərgəyə sürün. Özüm həll edəcəm. Biz ona bildirdik ki, maşın Yasamal rayon məhkəməsinin qərarı ilə banka borc olduğuna görə həbsdə olub. Keçən həftə icraçıların təqdimatı ilə həbsdən çıxarılıb. Bu haqda əlimizdə göndəriş var. Onu hara təqdim edək? Əfqan dedi ki, maşın həbsdən azad məktubu təqdim olunduğu gündən 7 iş günündən sonra azad olur. Ona görə sizin işiniz ən tezi gələn həftə həll oluna bilər. Amma… Amması da budur ki, 50 manata dərhal həll eliyə bilərəm. Elədi də. Tapşırdı qalxdıq 3-cü mərtəbəyə.
İşimiz təcili olduğuna görə, Əfqanın təklifini qəbul etdik. Məlumat üçün bildirim ki, bu işi məşhur 301-ci otaq həyata keçirir. Oranı da gördük. Qapıda növbədə sürücülər bizim kimi pul verməkdən ötrü sıraya düzülmüşdülər. Açığı xəcalət çəkdim. Amma məcbur idim.
Amma bununla bitmədi. Sən demə, maşının iki dənə qərarsız cəriməsi də var imiş. Göndərdilər bizi 403-cü cərimələr otağına. Orada da iynə atsan yerə düşməz. İllərlə görmədiyimiz dostlar, feyzbukdan qiyabi tanıdığımız tanışlar hamısı bizim kimi pul verməyə gəlmişdilər. Cərimə ödəməyə yox ha. Nə isə növbə çatdı bizə. Mülki geyimdə oturan bir müəllim dəvət elədi hüzuruna. Sistemdə axtarış verdi, qeyd elədiyim kimi, iki qərarsız cərimə. Biri bizim qohumun adına olan 10 manat cərimə, biri də maşının bizdən öncəki sahibinin adına olan 40 manat borc. Əməkdaş bizə bir kağızda kod qeyd edib bildirdi ki, siz yaxınlaşın banka və ya poçta 10 manat borcunuzu ödəyin. Amma o biri cərimədən ötrü mütləq həmin şəxsin sürücülük vəsiqəsi gəlməlidi bura. Dedik ki, nəinki biz, heç məhkəmə icraçıları tapa bilmir, onu hardan tapıb gətirək bura. Yazın bizim üstümüzə o cəriməni də ödəyək. Qəti şəkildə etiraz elədi. Amma… Yenə amma işə düşdü, bir çıxış you var. Deməli cəriməni sizin üstünüzə keçirmək olar. Ondan ötrü əlavə 20 manat ödəməlisiniz. Onda işiniz düzələcək. Çox xahiş-minnət elədik xeyri olmadı. Çarəsiz qalıb 20 manat artıq verdik. Amma bundan ötrü hər hansı qəbz verilmədi. İstədikə isə cavabı bu oldu ki, “sənə çek lazımdı yoxsa işinin “aşmağı”? Təbii ki, işin aşmağı. Onsuz da can bizdən çıxır. 70 manat verib, məsələmizi həll elədik. Sonda yaxınlaşdıq yenə Əfqan müəllimə(?). Maşın bütün göstəricilərə cavab vermişdi artıq. Göndərdi bizi 7-ci otağa. Sənədləri təqdim edib gözlədik. 10 dəqiqəyə yeni texniki pasport hazır oldu. Bununla da BDYPİ məcaramız bitdi.
Sonda qeyd etmək istəyirəm ki, bəxtimizdən maşın 2019-cu ilə kimi texniki baxışdan keçmişdi və 2018-ci ilin fevralına kimi sığortası var idi.
Hörmətli BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyevə üzümü tuturam: Necə olur ki, pulsuz 7 iş gününə həll olunan məsələ, 50 manata 5 dəqiqəyə başa gəlir? Necə olur ki, əvvəlki sürücünün adına yazılan cərimənin sonrakı sürücünün adına keçirilməsi 20 manata başa gəlir? Bütün bu yığımlar rəsmi rüsumdursa qəbzləri niyə verilmir? Rəsmi rüsum deyilsə, bu pullar niyə alınır və hara gedir?
P.S. Yazını hüquqi aspektdən yanaşmalar və ekspertlərlin rəyi ilə davam etdirəcəyik.
BDYPİ-də oldu və qələmə aldı: Səbuhi QAFAROV reportyor.org