Tikintisi 4-5 milyon manata başa gələn obyektin rəhbərini «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Nəsir Hüseynovla nə bağlayır?

İş adamı Əkbər Nəsirov Ukrayna və Gürcüstandan gətirilən masajçıları Dövlət Miqrasiya Xidmətindən qeydiyyatdan keçirməyib.

Bir müddət əvvəl paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi, 16D -də yeni hamam, fitnes mərkəzi istifadəyə verilib.

Belə ki, «Atilla Hamam & Fitness» adını daşıyan 7 ulduzlu bu məkanın hələlik ölkəmizdə analoqunun olmadığını iddia edən məlumatlı şəxsin LEGİON.AZ-la paylaşdığı informasiyada deyilir ki, sözügedən obyektin sahibi bir sıra yollara baş vuraraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ərazisini zəbt edib.

«Atilla Hamam & Fitness»in iş adamı Əkbər Nəsirova məxsus olduğunu vurğulayan mənbənin bildirdiyinə görə, tikintisi 3 ilə yaxın davam edən bu obyekt sahibinə nə az, nə çox düz 4-5 milyon manata başa gəlib: «Deyilənlərə görə, «Atilla Hamam & Fitness»in yerləşdiyi ərazi Dövlət Neft Şirkətinin balansındadır. Bildirilir ki, buranın sahibi Əkbər Nəsirov müxtəlif yollara baş vuraraq, əlaqələrini işə salaraq həmin ərazidə bu cur möhtəşəm obyekt inşa etdirməyə müvəffəq olub.

Qeyd olunur ki, «Atilla Hamam & Fitness»in tikintisi ona 4-5 milyon manata başa gəlib. Onu da nəzərinizə çatdırım ki, 7 ulduzlu hamamda işləyən kisəçi, masajçılar və digər əməkdaşlarla əmək müqaviləsi bağlanmayıb. Halbuki onlara bu barədə rəhbərlik tərəfindən müvafiq söz verilib. Ancaq görünən odur ki, iş adamı hələ də vədinə əməl etməyib. Bildiyiniz kimi, müvafiq qanunvericiliyə görə işçini əmək müqaviləsi olmadan işlətmək, onun əməyindən istifadə etmək qanunlara ziddir və buna görə cərimə nəzərdə tutulur».

Bu arada, «Atilla Hamam & Fitness»in sahibi Əkbər Nəsirovun paytaxtın bir sıra ərazilərində biznes strukturlarının olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən biznesmen Xətai rayonunda yerləşən «Park House» restoranının sahiblərindən biridir: «Deyilənlərə görə, Əkbər Nəsirovun obyektlərinin bir çoxu Xətai rayonunda yerləşir. Bildirilir ki, adıçəkilən rayondakı «Park House» restoranının şəriklərindən biri Əkbər Nəsirov , digəri isə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Nəsir Hüseynovdur.

Mətbuatın yazdığına görə Nəsir Hüseynov DİN-nin Daxili Qoşunların polkovnikidir və DQ-nin kadrlar idarəsində çalışır.

LEGİON.AZ
 mövzu ilə bağlı araşdırma apararkən maraqlı məqamları üzə çıxarıb.

Məlumdur ki,hal-hazırda “Azərsu” ASC-nin sədri olan Qorxmaz Hüseynov vaxtı ilə SOCAR-ın vitse-prezidenti olub,sonradan onun digər qardaşı- Faiq Hüseynov da SOCAR-da mühüm vəzifə -Geofizika və Geologiya İdarəsinin rəis müavini vəzifəsini daşıyıb.

Hal-hazırda isə Faiq Hüseynov “Kompleks Qazma İşləri Tresti”ndə rəis müavini işləyir. Yeri gəlmişkən , bu yaxınlarda LEGİON.AZ olaraq Bakının Sabunçu rayonu Ramana qəsəbəsindəki “Şuşa” şəhərciyində yaşayan Füzulinin Böyük Bəhmənli kəndindən olan məcburi köçkün, uzun müddət SOCAR-ın Geofizika və Geologiya İdarəsində işləmiş Elnur İsmayılovun şikayəti əsasında Faiq Hüseynovun özbaşınalığı və korrupsiya,tender oyunları və sairə qanunsuz əməlləri barədə ətraflı yazılar dərc etmişik.

Qeyd edək ki, Elnur İsmayılov LEGİON.AZ-a göndərdiyi müraciətində Faiq Hüseynovu ,yaxınları ilə birlikdə 10 milyondan çox dövlət əmlakını talan etməkdə ittiham edir. 2010-cu ildən 2014-cü ilədək GGİ-də rəis müavini vəzifəsində işləyən Elnur İsmayılov redaksiyamıza göndərdiyi məktubda həmçinin işdən azad olunmasından şikayət etmiş və Faiq Hüseynovun qanunsuz əməllərini ifşa etdiyi üçün onun tərəfindən təhdid olunduğunu bildirmişdir. Bundan başqa o mətbuat vasitəsilə bu barədə prezidentə,baş prokurora ,bir çox yuxarı dövlət instansiyalarına,məsul şəxslərə şikayət etmiş ,ancaq görünür Faiq Hüseynovun himayədarlarının güclü olmasından Elnur İsmayılovun şikayətlərinə müsbət reaksiya olmamışdır. Amma bununla belə görünür Faiq Hüseynovla bağlı hələ çox qanunsuz qaranlıq məqamlar var ki,araşdırma nəticəsində onlar da yavaş-yavaş üzə çıxmağa başlayır.

Belə ki, yazının əvvəlində qeyd etdiyimiz məlumatlar istər-istəməz belə düşünməyə vadar edir ki,Qorxmaz Hüseynov SOCAR -ın vitse prezidenti olan vaxtı çox güman Faiq Hüseynovla birlikdə vəzifələrindən sui-istifadə edərək “Atilla Hamam & Fitness”in ərazisini SOCAR -ın balansından çıxartmış, qardaşları Hüseynov Nəsir və onun şəriki Nəsirov Əkbər əsgər oğlunun adına özəlləşdirməyə müvəffəq olublar.

«Atilla Hamam & Fitness»ə gəlincə, qeyd edim ki, hazırda burada 20-dən artıq masajçı fəaliyyət göstərir. Onların bir qismi isə Ukrayna və Gürcüstandan gətirilib. Həmin əcnəbi masajçılar «Atilla Hamam & Fitness»də çalışsalar da hələ də Dövlət Miqrasiya Xidmətindən qeydiyyatdan keçməyib, müvafiq sənədləşdirmə işləri aparılmayıb. Bu isə qanunlara hörmətsizlikdən başqa bir şey deyil».

Əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, «Atilla Hamam & Fitness»də qiymətlər digər hamam, sauna və masaj salonları ilə müqayisədə xeyli bahadır: «Bundan başqa, bu obyektdə hovuza hansı dərmanın vurulduğu məlum deyil. Lakin buna baxmayaraq, deyilənlərə görə, iş adamı Əkbər Nəsirov sahibi olduğu «Atilla Hamam & Fitness»in telekanallardan birində reklam olunması üçün 150 min manatından keçməli olub. Ümumiyyətlə, bu şəxsin ən son model bahalı avtomobilləri var və o, tikintisi üçün icazəyə 1 milyon verdiyi «Atilla Hamam & Fitness»in açıldığı vaxtdan etibarən demək olar ki, hər gün dostları, tanışları, SOCAR-ın idarə və müəssisə rəhbərləri ilə bu obyektdə istirahət edir».

Paylaş