Paytaxtın Yasamal rayonunda yenə ağacları kəsib tikinti işləri aparırlar.

Hakimiyyet.Az AzEuroNews.com–a istinadən xəbər verir ki, Yeni Yasamal 1 ünvanında yaşayan bina sakinləri prezidentə şikayət məktubu yazıblar.

Bu ünvanda yaşayanların əksəriyyəti jurnalistlərdir. Onların çoxu televiziya işçiləridir.

Şikayət məktubunda da qeyd olunub ki, 10 mərtəbəli telestudiya binasının 2 metrliyində yaşıllıqları məhv edərək şadlıq evi inşa edirlər.

Sakinlərin sözlərinə görə, 5-ci mərtəbəyə qədər bütün mənzillər günəş işığı və havadan məhrum olacaq. Bina sakinlərinin şadlıq evinin tüstüsündən, səs-küyündən rahatlığı pozulacaq. Binanın 2 metrliyində tikinti aparılması normativlərə ziddir və qəza vəziyyəti yarada bilər.

Üstəlik, bundan sonra yanğınsöndürmə və ya xilasetmə tədbirləri üçün heç cür mümkün olmayacaq.

Prezidentə müraciətində jurnalistlər bildiriblər ki, AzTV, İctimai TV və mətbuat orqanlarında işləyənlərin şikayətini nəzərə alaraq 30 illik binanın bir qrup möhtəkirlər tərəfindən dağıdılmasına imkan verilməsin.

Qeyd edək ki, bu ilin aprelində prezident İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisi dayandırılmışdı.

Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsi idi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələmişdi.

Paylaş