“Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır”.
Palitika.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 16-da Abşeron Olimpiya İdman Kompleksinin açılışında çıxış edərkən deyib.
Ölkə başçısı məmurları xalqa xidmət göstərməyə, vətəndaşların problemlərinə həssas yanaşmağa bir daha çağırıb.
Prezidentin çıxışı əksər rayonların icra başçılarına eşitdirilən mesajdır. Onlar kəndlərdə, qəsəbələrdə ən kiçik məsələni də araşdırıb həllinə tapşırıq verməlidirlər.
Dekabrın 15-nə kimi möhləti olan RİH başçılarının arayışı Prezident Administrasiyasına təqdim olunur.
Cəmi bir ay qaldı və bu müddətdə hansı bölgələrdə dəyşikliklər olacağını müşahidə edəcəyik.
Xüsusən də ilin sonuna yaxın Şəkidə sakinlərin etiraz aksiyası keçirməsi icra başçısı Elxan Usubovun aktivinə 0 xal olaraq yazıldı.
Şəkidə “Çöl yol” deyilən ərazidə söküntü işlərinə yerli sakinlərin kütləvi etirazı başlanıb. Ərazidə yaşayanlar yolu bağlamağa cəhd ediblər.
Hadisə yerinə xeyli sayda polis qüvvələri cəlb edildiyi də bildirilir. Yerli İcra hakimiyyəti həmin ərazidə tikilən evləri qanunsuz hesab edib sökmək niyyətindədir.
Palitika.Az xəbər verir ki, Şəkinin icra başçısı vəzifəsini itirmək təhlükəsi olan məmurlar siyahısına adını yazdırmış oldu.
Əhalini narazı salmaq, aksiyaya təhrik etmək və seçkiqabağı sosial narazılıq yaratmaq heç də hakimiyyətin kursuna uyğun deyil.
İqtidar daxildə sabitliyi, sosial problemlərin həllini və yerlərdə insanlarla işləməyi prioritet kimi qarşısına hədəf qoyub.
Üstəlik, Şəki kimi tarixən fəal, həssas region hərəkətləndirmək icra başçısı E.Usubov üçün yaxşı perspektiv vəd etmir.
Bəzi rayonlar istisna olmaqla, əksər icra başçıları prezidentin bölgələrə investisiya cəlb edilməsi ilə bağlı tapşırığı yerinə yetirə bilməyib.
Fərqlənən rayon icra başçıları isə yalnız şəxsi əlaqələr hesabına Rusiyanın vilayətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb, qarşılıqlı biznes mühitini canlandırmağa çalışıblar.
Əksər icra başçıları isə ənənəvi “kabinet siyasətindən” əl çəkməyiblər. İddialara görə, ötən müddət ərzində də bu sahədə xüsusi irəliləyiş nəzərə çarpmayıb.
Bildirilir ki, rayona sərmayə cəlb etmək, yeni iş yerləri açmaq, yerli əhalinin problemlərinə daha həssas və çevik münasibət göstərmək əvəzinə, bəzi rayonlarda yenə ciddi irəliləyiş yoxdur.
Dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəsiz xərclənməsi, mənimsənilməsi faktları da var ki, bu məlumatlar PA-da toplanaraq təftiş edilir.
Məlumatlarda o da deyilir ki, Hesablama Palatası da büdcə vəsaitlərinin aidiyyəti üzrə xərclənməsi üçün apardığı yoxlamalarda 14 rayonun icra hakimiyyətində külli miqdarda yeyinti faktları aşkar edib ki, bunlar da ilin son ayında icra başçıları üçün həlledici olacaq.
İddia olunur ki, həm prezidentin qətiyyətli tapşırığı, həm yaxınlaşmaqda olan seçki ili bu dəfə kimsəyə bağışlanılmaq şansı verməyəcək.
O cümlədən oliqarxlar da özlərinə yaxın icra başçılarına “qoruna bilməyəcəyəkləri” barədə xəbərdarlıq edib. İcra başçıları üçün kritik ay başlayıb. Dekabrın 15-nə isə sayılı günlər qalır…