Parlamentin passiv fəaliyyəti ilə seçilən, seçicilərinin “əldə çıraq” axtardığı xanım deputatı Aytən Mustafayevadan narazılıq spiker səviyyəsində təsdiqlənib

Palitika.Az xəbər verir ki, spiker Oqtay Əsədov parlamentin iclasında ona Milli Məclisdə heç vaxt seçici qəbul etmədiyini xatırladıb.

Bir neçə ay qabaq yazmışdıq ki, Aytən Mustafayeva nə seçicilərlə maraqlanır, nə də Milli Məclisdə çıxış edir.

A.Mustafayeva 16 saylı Yasamal ikinci seçki dairəsindən millət vəkilidir. Onun qeyri-fəallığı haqlı olaraq etirazla qarşılanır.

Millət vəkilinin vəzifəsi parlamentdə fəallıq göstərmək, məsələlər qaldırmaq və seçiciləri ilə maraqlanmaqdır.

2015-ci ildən bəri A.Mustafayevanın aktiv fəaliyyəti nəzərə çarpmayıb. Milli Məclisin örnək olan deputatları var – Yevda Abramov, Vahid Əhmədov, Aydın Mirzəzadə, Fazil Mustafa, Zahid Oruc və başqa deputatları qeyd etmək olar.

Xanımlar arasında Bahar Muradova, Zeynəb Xanlarova, Qənirə Paşayeva və s. çox fəaldırlar. Əfsus ki, eyni sözləri A.Mustafayeva barədə demək olmur.

Ona görə də Mustafayeva parlamentin binasında əlillər üçün pandusların və xüsusi liftlərin quraşdırılmasını təklif etdiyi zaman spiker tərəfindən haqlı olaraq ona irad tutulub.

Milli Məclisin sədri Oqtay Əsədov i A.Mustafayevaya cavab olaraq bildirib ki, təmirdən sonra parlamentin binasında hamı, o cümlədən əlillər üçün bütün şərait yaradılıb.

“Siz Milli Məclisin 2012-ci ildə təmir olunan binasına nə vaxt daxil olmusunuz? Nə vaxt burada seçicilərinizi qəbul etmisiniz? Burada əlillər üçün pandus var. Həmçinin lift də fəaliyyət göstərir. Siz seçicilərinizi daha çox çalışdığınız institutda (AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu – red) qəbul edirsiniz”.
Yasamal seçiciləri A.Mustafayevanı AMEA-da da tapmırlar. Əvvəla akademiya seçiciləri qəbul etmək yeri deyil.

Deputat ya onlarla görüşə getməlidir, küçə-küçə, qapı-qapı gəzməlidir, ya da qərargahında seçicilərin problemlərini dinləməlidir.

Spikerin dediyi kimi, parlamentdə seçiciləri qəbul etmirsə, deməli heç onlarla görüşmür. A.Mustafayeva böyük biznesə sahibdir və oğlu tərəfindən idarə olunur.

A.Mustafayevanın oğlunun biznes fəaliyyəti ərzaq, meyvə, tərəvəz satışından tutmuş katric doldurumuna qədər “çox geniş sahə”ni əhatə edir.

Amma deputat oğlunun qazanc sferası bunlarla yekunlaşmır. Çünki İdeal Concept Group əsas pulu inşaat, reklam, “facilities management” kimi sahələrdən çıxarır. Həmin qrupun menecmenti altında olan şirkətlər isə bunlardır:

“One o One” ticarət kompaniyası/Dubay;
“Fresh Berry” supermarket/Dubay;
“Newadvice”- PRO şirkəti/Dubay.
QART eksklüziv avtomovil studiyası/Dubay.
“Twilight” yaxta, su oyunları, icarə və menecment şirkəti/Dubay

“Qalagroup” – mərkəzi ofisi Bakıdadır. Orxan Mustafayev “Linkedin” səhifəsində özünü “Qala Group” şirkətinin qurucusu (founder) kimi təqdim edir.

Bundan başqa, bir müddət əvvəl jurnalist Taleh Şahsuvarlı onun biznesini açıqlamışdı: “Azad Şirniyyat İstehsalat Birliyi adlanan və Bakı şəhərində 26 mağazası olan biznes qurumu ilə təsisçi, payçı, direktor və s. kimi hər hansı hüquqi bağınız varmı?

AMEA-nın İnsan hüquqları institutu hər hansı rəsmi müqavilə əsasında öz binasından, kommunal və kommunikasiya xidmətlərindən, rəsmi web səhifəsindən və e mail ünvanından istifadə etmək üçün Azad Şirniyyat İstehsalat Birliyinə imkan yaradıbmı?

Əgər belə bir hüquqi bağınız və icarə müqaviləniz yoxdursa, Azad Şirniyyat İstehsalat Birliyi hansı hüquqla dövlət büdcəsindən maliyyələşən elmi tədqiqat müəssisəsinin rekvizitlərindən istifadə edir və bunu aradan qaldırmaq üçün indiyə qədər niyə tədbir görməmisiniz?”

Paylaş