Deyəsən, Firudin Ələkbərli üçün hələ də Eldar Mahmudovun epopeyası davam edir?

Özünü “vəkil, hüquqşünas, nümayəndə” kimi təqdim edən bu şəxs nədən belə birdən-birə Məhərrəmov Anarı “DTX-nin Daşkəsən şöbəsinin rəisi” vəzifəsinə “təyin edib”?

Şirzad Əsgərov Anar Məhərrəmovdan söhbət ediləndə, onun hələ də məsüliyyətə cəlb olunmadığına çox təəccüb edib

365info saytının redaksiyasına RF-nin vətəndaşı Rəfail Hümmətovun keçmiş MTN rəisi Anar Məhərrəmov tərəfindən aldatma və məcburetmə yolu ilə külli miqdarda pulunun mənimsənilməsi barədə məlumat daxil olmuşdur. Hətta Anar Məhərrəmovun Rəfail Hümmətovla “Whatsapp” vasitəsi ilə səsli yazışmaları da redaksiyamıza təqdim olunmuşdur. Və 365info saytının sosial şəbəkədə yayımladığı həmin səs yazılarında Anar Məhərrəmovun Rəfail Hümmətova qarşı təhdid, təhqir və ağır söyüşlər söyməsi ictimai qınağa çevrilmişdir.

365info saytına daxil olan məlumata görə Anar Məhərrəmovun müdafiə taktikasını quranlar keçmiş MTN-nin Tovuz şöbəsinin rəisi Azad Qurbanov və qatı müxalifətçi, 1995-ci ildə məhkəmə orqanlarından qovulmuş, hakimiyyətin dəyişilməsində əlindən gələni əsirgəməyən və gələcəkdə hakimiyyət dəyişilərsə, ədliyyə naziri olmaq arzusu ilə yaşayan Firudin Ələkbərlidir. Saytın onlar barədə yazdığı sonuncu – ifşa edici yazıdan sonra MTN rəisi ilə müxalifətçinin arasında çaxnaşma düşüb. Yazıdan bərk əsəbləşən Anar Məhərrəmov Firudin Ələkbərliyə acıqlanaraq deyib: “Ayə, sən özün 95-də müxalifətçi olaraq məhkəmə orqanlarından qovulmusan, indi də məni öz gününə salmaq istəyirsən? Əə, sənə qulaq asdım, ayə sən məni hara aparırsan?” deyərək, “sən məni konkret zibilə salmısan” sözlərini dəfələrlə təkrarlayıb.

365info saytı Tovuzun Düz Qırıqlı kəndindəki mənbədən əldə etdiyi məlumata görə Anar Məhərrəmovun “əlaltısı” Seyidəli, daha dəqiq desək, Seyidov Əli Həsən oğlu qarşı tərəfə icmarıc göndərib ki, mənlik bu işdə heç nə yoxdur. Sadəcə Azad Qurbanov, Anar Məhərrəmov və Firudin Ələkbərli ondan qurbanlıq kimi istifadə etmək istəyirlər. Xatırladaq ki, keçən yazımızda Seyidəlinin Anar Məhərrəmovun “əlaltısı” olmasına rəğmən onun yanında “hörmət sahibi” olmasından gördüyü “böyük işlər” və Məhərrəmovun rusiyalı iş adamı, xeyriyyəçi, əslən Tovuz rayonundan olan Hümmətov Rəfailin başına açdığı oyunlar haqda bir çox maraqlı faktlar açıqlamışdıq: “İş adamı keçmiş “MTN-çi rəis” Anar Məhərrəmov tərəfindən uzun müddət psixoloji təcavüzə məruz qalması, inzibati zorakılıq göstərməklə əmlakının əlindən alınmasından şikayət edir.

“Qafqaz Hüquq Mərkəzi”nə hüquqlarının müdafiə edilməsi üçün müraciət edən Rəfail Hümmətov şikayətinin Prezident cənab İlham Əliyevə çatdırılmasını xahiş edib. “Uzun illər baxımsızlıqdan bərbadlaşmış, 2 hektar ərazisi olan kəndin istirahət və mədəniyyət parkını abadlaşdırmaq, ona bitişik olan, “1941-45-ci illərdə Böyük Vətən Müharibəsində həlak olanlar”ın və “Qarabağ Müharibəsi Şəhidləri”nin xatirəsinə yaradılmış abidələri təmir-bərpa etmək üçün aidiyyəti məsul şəxslərin razılığını və həmkəndlilərinin xeyir-duasını aldıqdan sonra, 2010-2013-cü illər ərzində hissə-hissə ərazini əsaslı təmir-bərpa etdirib yeniləşdirmiş, böyük su fontanı, hovuz, əlavə olaraq ticarət mərkəzi, çay evi inşa etdirməklə bir neçə iş yeri də açmışdır. Lakin, onun öz şəxsi vəsaiti hesabına və həvəslə başladığı bu sərmayəçi-xeyriyyəçilik işi 2013-cü ilə qədər davam etsə də, sonradan yarımçıq qalmışdır.

Bunun da səbəbkarı “kənddən olub kənddəkilərə qənim kəsilən, özündən razı, müştəbeh, təkəbbürlü, rəzil, öz əlaltısı Seyidəlinin sözləri ilə desək “kəsdiyi başa sorğu edilməyən”, “qabağında heç kəs dura bilməyən”, “ayə, Allahdır, ey, Allah” və ta nə bilim nə olan, keçmiş “MTN-nin böyüyü Eldar Mahmudovun balaca rayonda yekə iddialı MTN-çi rəisi”olan, vaxtı ilə özünü öyərək “lazım olsa Moskvada LİBOY problemi də həll edərəm” deyən, bu gün isə məsuliyyətdən yayınmaq üçün “gözdən uzaq-könüldən iraq” gümanı ilə, işini başqa sahəyə dəyişərək, çəkilib dağlarda “bəlkə də qaytardılar” xülyası ilə yaşayan, “vaxtı ilə qabağında İSMİRNA duran” Hümmətov Rəfailin indi gözünə görünməmək üçün gecə ikən kəndə gəlib özünün mal fermasında Seyidəli ilə “dərdləşib” sübh tezdən kənddən çıxan Məhərrəmov Anar Məhərrəm oğludur.

Hadisələr belə cərəyan etmişdir: “Seyidəli” kimi tanınan Düz Qırıqlı kənd sakini Seyidov Əli Həsən oğlu abadlaşdırma işləri ilə məşğul olan Rəfail Hümmətovla yaxınlıq edib, parkda onu “Göygöl rayonun MTN-in rəisi Məhərrəmov Anar”la tanış edir və “Anar səni iş yerinə qonaq dəvət edib” deyərək, onu “zor-xoş Göygöl rayonuna aparır, Məhərrəmov Anar iş otağında “Kabinetə təzə gələn rəisə şirinlik verməlidir” deyib, ondan “500 dollar rəis şirinliyini qoparır” və Hümmətov Rəfailə məclis də təşkil etdirir.

Növbəti görüşdə Məhərrəmov Anar ondan “Çay evini işlətmək üçün Seyidəliyə ver” deyə tələb edir. Məhərrəmov Anarın təkəbbürlü təzyiqinə etiraz etməyin xeyir gətirməyəcəyini başa düşən Hümmətov Rəfail onunla razılaşır və həmin vaxtdan tez-tez, təmtəraqla kəndə gəlib, çay evində oturaraq özünü mühüm bir rəis kimi camaata nümayiş etdirən Məhərrəmov Anar: “kim Seyidəliyə dəyərsə, deməli mənim qabağıma keçir” deyərək, Hümmətov Rəfaili “hədələyir və qorxuzur, çünki bu həmin o vaxt idi ki, naziri Mahmudov Eldar olan bəzi “MTN”-çilər Respublikada tüğyan edirdilər, onların “kəsdiyi başa” sorğu yox idi. Kənddən də bir neçəsinin başına torba keçirib aparmışdılar. Həmin şəxslər ölkədən kənarda yaşayan sahibkarlar idi ki, onların pul sarıdan imkanlı olduqları hamıya bəlli idi. Hər dəfə kimsə kənddən aparılanda Seyidəli deyirdi ki, “Anarın işidir eyy! Anarın arxası möhkəmdir, sözünün qabağında heç kim dayana bilməz. Allahdır, ey, Allah!”… Onun dediyinə görə “Anar Məhərrəmov Tovuz rayonundan da, elə öz kəndlərindən olan bir çox iş adamlarının başına torba keçirtdirərək MTN-ə apartdırıb külli miqdarda pullarını aldırıb”.

2014-сi ilin noyabr ayında Məhərrəmov Anar əlaltısı Seyidəlinin vasitəsi ilə Hümmətov Rəfaili çağırtdırıb Gəncə şəhərində olan “Ərikli” kafesinə gətizdirir və orada “Daşkəsən MTN şöbəsinin rəisi Eldənizin də iştirak etdiyi söhbətdə “Mənə pul lazımdır, məni Bakı şəhərinin “Neftçilər” metrosu olan Nizami rayonuna MTN-nin rəis vəzıfəsinə dəyişirlər və bu işə görə yuxarıdan beş yüz min dollar tələb olunur. Pulun 200.000 dollarını mütləq sən tapıb verməlisən.” deyə ondan tələb edir və bu qədər pulu olmadığını deyən Hümmətov Rəfailə, sonradan Seyidəlinin vasitəsi ilə xəbər çatdırır ki, “əgər pulu verməsə onu da həmkəndliləri Qaranın, Elçinin, Xanların və başqalarının halına salacaq. Belə ki, “kənddə hamı bilirdi ki, həmin şəxsləri müxtəlif yollarla Anar apartdırıb pullarını aldırıbdır”. Bu səbəbə özünün və ailə üzvlərinin taleyindən qorxan Hümmətov Rəfail Moskva şəhərindəki dost-tanışlarından 130.000 ABŞ dolları pul toplayıb Məhərrəmov Anara çatdırır. Bununla “doymayan” Məhərrəmov Anar özünün mal fermasına şəriklik etmək adı ilə Hümmətov Rəfaili “Prado” markalı maşınını əlaltısı Seyidəlinin tanışına 20.600 ABŞ dolları məbləğində pula satmağa məcbur edərək, pulu öz qaynı Bağırov Vüsalın vasitəsi ilə alıb mənimsəyir.

Lakin, məlum hadisələr cərəyan etdikcə, bəzi keçmiş “MTN-çilər” kimi Məhərrəmov Anarın da işi dəyişdirilir. Bundan sonra, Hümmətov Rəfail ondan öz pullarını tələb edir. Anar Məhərrəmov əvvəlcə razılaşıb pullarını son qəpiyinə qədər qaytarmağa hazır olduğunu ona desə də, sonradan Rəfaildən qaçaraq, min bir bəhanə ilə görüşməkdən yayınır.

“Tapıldıqdan” sonra isə, üzə çıxmayan Məhərrəmov Anar öz adamlarının vasitəsi ilə Gəncə şəhərində yarımçıq qalmış, sənədi olmayan bir həyət evini 180.000 manata, Bakı şəhərində: D.Bünyadzadə küçəsi, ev 34-B ünvanında 2 qoşa mənzilini hər birini 150.000 manata, Cavadxan küçəsi 44, mənzil 32 ünvanda olan mənzili 100.000 manat qiymətə hesablamaq şərti ilə təklif etsə də, mütəxəssislər qiymətlərin qəsdən 2 qat şişirdildiyini bildirdikdə Hümmətov Rəfail razılaşmadığı üçün telefonda onunla mübahisə edən Məhərrəmov Anar ona “hara qaçıb getsən səni tutacam, sən hələ məni yaxşı tanımırsan, bilmirsən mən kiməm”, deyə hədə-qorxu gəlir. Amma həmin vaxtdan Hümmətov Rəfail ilə görüşməkdən yayınır və ondan məcburi olaraq və aldadaraq aldığı pullarını qaytarmaqdan imtina edir”, – “Qafqaz Hüquq Mərkəzi”nin baş direktoru İlqar Abbasovun Rəfail Hümmətovun şikayəti əsasında ölkə Prezidentinə ünvanladığı həmin müraciətin bir hissəsində bildirilir.”

Bundan başqa həmçinin 365info olaraq qeyd etmişdik ki, Anar Məhərrəmovun hiyləgər oyununun toruna düşənlərdən biri də Həsənov Mətləb Məhəmməd oğlu olub. Anar Məhərrəmov Mətləb Həsənovu o həddə çatdırıb ki, o, iflic vəziyyətinə düşüb.

365info saytına verilən məlumatda həmin məsələnin təfərrüatı açıqlanır: “Mətləb və Uğurlu Həsənov qardaşları rayonda tanınan iş adamları olublar. Onlardan biri mebel biznesi ilə, digəri isə ticarətlə məşğul olub. Anar Məhərrəmov MTN-nin Göygöl şöbəsinə rəis təyin olunan kimi bir çox iş adamlarını, o cümlədən, Həsənov qardaşlarını şöbəyə çağırtdırır və onlara deyilir ki, gəlib təzə “rəisi təbrik” etsinlər, daha doğrusu “şirinlik” versinlər. Lakin qardaşlar A.Məhərrəmovu – təzə rəisi tanımadıqlarından və qanunla heç bir problemləri olmadıqlarından A.Məhərrəmovun qeyri-rəsmi, məcburi tonda görüş, dəvətini qəbul etməyiblər və MTN-nin Göygöl şöbəsinə getməyiblər. Sonradan onlara hədə dolu zənglər gəlib. Bir çox xəbərlər isə Məhərrəmovun sürücüsü vasitəsi ilə çatdırılıb.

Bir neçə il bundan əvvəl dekabr ayında, seçkiqabağı Mətləb Həsənov yenə təcili MTN-nin Göygöl şöbəsinə çağırılır. M.Həsənov da Anar Məhərrəmovun qəbuluna gedir. A.Məhərrəmov qəbula gələn M.Həsənovun salamını belə almayıb. Həsənova deyilib ki, guya Ermənistana zəng edib. Həmçinin ona da düşmən ölkədən zənglər gəlib və o, düşmən dövlətlə əlaqədə ittiham olunub. Vətənini istəyən, doğma torpağını sevən, bir çox qohumu şəhid olan, bir tərəfi əslən Göyçədən, bir tərəfi isə Kəlbəcərdən olan Mətləbə belə təhqiredici ittiham olunmaq çox pis təsir edib. O deyib ki, heç zaman belə şərəfsizlik etməz və bu ittiham şər-böhtandan başqa bir şey deyil. Bundan başqa, o, A.Məhərrəmova ona şər atdığına görə qəzəblənib. Məhərrəmov isə vəzifəsindən istifadə edərək, ona hədə-qorxu gəlib, ona ağır təhqiramiz fikirlər deyib. Sonra A.Məhərrəmovun goranboylu müavini Mətləbi öz iş otağına çağırıb və ondan izahat almaq istəyib. Lakin M.Həsənov vəkilini çağırmaq istədikdə və vəkilsiz heç bir izahat verməyəcəyini deyəndə, müavin duruxub və gedib rəisinə deyib ki, onlar, yəni qardaşlar, bizdən şikayət edəcəklər, problem yaradacaqlar. Bundan sonra müavin M.Həsənova deyib ki, “bu dəfə rəis səni bağışlayır, deyir çıxsın getsin”.

Şəkər xəstəsi olan və təzyiqdən əziyyət çəkən, ömründə sahə müvəkkili tərəfindən belə polisə çağrılmayan M.Həsənova Anar Məhərrəmovun nahaqdan yaşatdığı xəyanət ittihamı çox pis təsir edir və onun səhhəti pisləşib, huşunu itirib, sonra isə komaya düşüb. Komadan ayılsa da, M.Həsənov bu günəcən yataq xəstəsidir, gözlərinin sol tərəfləri görmür. Onun müalicəsi üçün xarici ölkələrdən həkimlər çağırılır, özü Türkiyəyə, Rusiyaya aparılıb. Bakıda gedilməyən klinika qalmayıb. Təbii ki, bütün bu müalicələrə külli miqdarda pul da xərclənib. Bu azmış kimi, oğullarına qarşı edilən qanunsuzluqlara, ədalətsizliyə, bir yandan da oğlu Mətləbin çarəsiz dərdinə tab gətirməyən anaları bir müddət sonra vəfat edir.

Bu özbaşınalıqla bağlı Mətləbin qardaşı Uğurlu Həsənov və sağ ikən anaları-mərhum Həsənova Dilbər Qədim qızı A.Məhərrəmovun qanunsuz əməllərindən Prezident Aparatına və Milli Təhlükəsizlik naziri Eldar Mahmudova dəfələrlə şikayət məktubu göndərirlər. Ancaq hər şikayət məktubundan sonra A.Məhərrəmov M.Həsənovun qardaşı Uğurlu Həsənovu Göygöl rayonunda görəndə gülərək deyir ki, “ə mənim arxamda “Akula Akif” dayanıb, məni bu vəzifəyə də o, qoydurub, hara şikayət edirsən et. Mənə kim nə deyəcək?! Mən “Akula Akif”lə Eldar Mahmudovun kadrıyam”.

U.Həsənov 2015-ci ilin oktyabrında MTN-də təmizləmə prosesi başlanmasına sevinir, DTX-nin rəhbərliyindən razılığını bildirir və ümid edir ki, onlara qarşı haqsızlıq edənlər öz layiqli cəzalarını alacaqlar. Məlumata görə Həsənovlarda Məhərrəmovun qanunsuz əməllərini sübuta yetirən bir sıra sənədlər var.

365info saytına daxil olan yeni məlumata görə Firudin Ələkbərlinin bu işdə sonuncu hərəkəti fiaskoya uğrayıb. Belə ki, özünü Düz Qırıqlı kənd sakini Seyidəlinin, yəni Seyidov Əli Həsən oğlunun nümayəndəsi kimi təqdim edən, lakin əslində “MTN-çi rəis” Anar Məhərrəmovun üstü açılmış əməllərini “malalamaq məqsədi ilə dəridən-qabıqdan çıxan” Firudin Ələkbərli 24 noyabr 2017-ci il tarixdə Tovuz rayon Prokurorluğuna Seyidov Əlinin adından müraciət etdiyi şikayət ərizəsində göstərmişdir ki: “ANAR MƏHƏRRƏMOV (O HAZIRDA DTX-nın DAŞKƏSƏN ŞÖBƏSİNİN RƏİSİDİR)… (ərizədən sitat -red.)”. Deyəsən, Firudin Ələkbərli üçün hələ də Eldar Mahmudovun epopeyası davam edir.

Özünü “vəkil, hüquqşünas, nümayəndə” kimi təqdim edən bu şəxs nədən belə birdən-birə Məhərrəmov Anarı “DTX-nın Daşkəsən şöbəsinin rəisi” vəzifəsinə “təyin edib”? Yoxsa o, özünün də “ədliyyə naziri” olmaq xülyasına nail olduğunu güman edir? Ona görəmi müsahibəsində yazır ki: “Bu gün isə sadəcə olaraq DTX-ya bu kənddə aparılan əməliyyatlar və bu kənddən başı torbalı çıxan adamlar haqqında sorğu göndərmişəm. Cavab alandan sonra kimin və nəyin nə olduğunu sizə deyəcəm.” Sorğu etməyə nə lüzum? Mətbuatda yetərincə MTN-çilər barədə məhkəmə materialları var, o cümlədən axtarsa, özü müsahibə verdiyi saytda da tapar.

Daha sonra o, bidirir ki, “Qardaş mən hüquqşunasam, ona görə hüquq dili ilə danışıram. Yazılanların hamısı böhtandır. …əlimdə olan faktlara görə o yazıda yazılanların 99 faizi yalandır, böhtandır və mən Azərbaycan qanunlarına söykənərək bunu sübut edəcəm.” Bunu deyən hüquqşünas bəs niyə bilmir ki, “böhtan, yalan” ərizələri ilə polisə, prokurorluğa yox, məhkəməyə müraciət edilməlidir? Özü də hakim işləmiş bir hüquqşünas. Çünki, məqsəd öz müştərilərinin “gözünə kül üfürməkdir”, axı verdiyi müsahibənin başlığı da “Şər ayaq tütsa da yeriməz” idi. O da yaxşı bilir ki, “yeridə” bilməyəcək, saqqız kimi uzadacaq. Axı tələbəlik illəri deyil ki, SAQQIZ ÇEYNƏYƏSƏN…

Sonda isə: 365info saytına daxil olan məlumata görə, Anar Məhərrəmov MTN-nin Göygöl şöbəsinin rəisi vəzifəsində olduğu dövr, Şirzad Əsgərovun həmin rayonun polis şöbəsinin rəisi vəzifəsində xidmət etdiyi illərə təsadüf edir. Məlumat üçün bildirək ki, Şirzad Əsgərov hazırda Tovuz RPŞ-nin rəisidir və Məhərrəmov barədə söhbət düşəndə, onun MTN-nin Göygöl şöbəsinin rəisi olan vaxtlardan dəhşətə gələsi söhbətlər edir. Hətta 365info saytına daxil olan məlumatda bildirilir ki, Tovuzda məclislərin birində Şirzad Əsgərov Anar Məhərrəmovdan söhbət ediləndə, onun hələ də məsüliyyətə cəlb olunmadığına çox təəccüb edib. Belə ki, A.Məhərrəmov Göygöldə MTN rəisi olan vaxtlarda insanlara verdiyi zülümlərdən rayonun polis rəisinə də məlumatlar daxil olurmuş.

Araşdırmamız davam edir, bizi izləyin.

Şamil Həsənbəyli

365info.az saytı üçün hazırlanıb





Paylaş