Bərdədən Prezident Administrasiyasına gedən şikayət qovluqları və özbaşınalıqlarla dolu faktlar dosyesi təftiş edilir. Bu haqda PA-dakı mənbədən SİAM.az-a verilən məlumatda iddia olunur.
Qaynağımız qeyd edir ki, Bərdədəki vəziyyətə diqqət yetirilməsi üçün arayışlar Daxili İşlər Nazirliyinə, prezidentin şəxsi Mühafizə Xidməti rəhbərliyinə yönəldilir. 

Seçki ilinə 1 ay qalmış bu narahatlığın və həssaslığın səbəbi 200 mindən çox əhalisi olan Bərdədə gedişatın ürəkaçan olmamasıdır.
100 minə yaxın Ağdamdan və başqa qaçqın rayonlardan məcburi köçkünün yaşadığı bölgədə idarəçilik həyəcan təbili çalmağa əsas yaradıb.
DİN rəhbərliyi hər zaman bu bölgəyə xüsusi həssaslıq və qayğı nümayiş etdirib. Eləcə də prezidentin şəxsi mühafizə xidməti rəhbərinin gözü Bərdə və ətraf rayonların üstündədir.
Lakin Gəncə, Yevlax, Daşkəsəndən fərqli olaraq Bərdədə proseslər və idarəçilik sistemi ciddi şəkildə gərginliyə səbəb olub. Ona görə də PA bu regiona diqqət olunmasını zəruri sayıb.
Belə ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev Tərtər, Yevlax, Gəncə və s. qonşu bölgələrin rəhbərlərindən daha çox diqqət mərkəzindədir.
Rayonun bütün zümrələri – məcburi köçkünlər, şəhid ailələri, Qarabağ əlilləri, aztəminatlı ailələr, sosial yardımla dolananlar, təqaüdçülər, müxtəlif dərəcəli əlillər, eləcə də iş adamları, müəssisə rəhbərləri, bələdiyyə sədrləri, icra nümayəndələri, büdcə təşkilatlarının müdirləri, təhsil və səhiyyə sektorunda fəaliyyət göstərənlər Bərdənin icra başçısından boğaza yığılıblar.
V.İsayevin komandası, xüsusən də başda Zaur Bəylərov olmaqla, RİH rəhbərliyi mətbuatda populyar simalara çevriliblər. Media üzrə monitorinqlər aparılmağa başlanıb.
Nəticələr ondan ibarətdir ki, Azərbaycanın heç bir bölgəsinin icra başçısı və məmur kontingenti haqda hər həftə saysız-hesabsız şikayətlər, yazılar, müxtəlif səpkili materiallar dərc olunmur.
PA-da əvvəlcə bunun qərəzli olduğunu düşünüblər. Lakin araşdırmalardan aydın olub ki, V.İsayevin əməlləri davam edir və qanunsuzluqlar, özbaşınalıqlar getdikcə böyüyür.

Odur ki, Bərdəyə diqqət göstərilməsi üçün tapşırıqlar verilib. Ehtimal edilir ki, hansısa xoşagəlməz qığılcım alov yarada bilər, yaxud sosial partlayışa səbəb olar.
Nəzərə almaq lazımdır ki, Bərdə müxtəlif regionlardan olan insanların yaşadığı strateji şəhərdir. O nöqteyi-nəzərdən V.İsayev faktoru diqqət mərkəzindədir.
SİAM.az-a verilən məlumatda iddia olunur ki, prezidentin şəxsi mühafizə xidməti rəisi Bəylər Əyyubov, Gəncənin meri Elmar Vəliyev Bərdənin idarəçiliyində müəyyən dəyişikliklər etməlidirlər.
Çünki V.İsayev B.Əyyubovla E.Vəliyevin adından sui-istifadə etməkdədir və bu da onların adına xələl gətirir.
Bərdənin icra başçısına təlimat verilməyib ki, rayonu çap, talan elə, insanları dinləmə, şikayətçiləri qapıdan qov, sahibkarlara şərait yaratma, əraziləri, parkları sat, oğluna obyektlər bəxşiş elə…

Əksinə, E.Vəliyev və B.Əyyubov maraqlıdırlar ki, Bərdə inkişaf eləsin, işlər görülsün, prezident rayona gələndə ona yaxşı təqdim verilsin. Amma V.İsayev ölkə rəhbərliyi qarşısında hamının başını aşağı edir. 
Məcburi köçkünlərdən tutmuş icra nümayəndələrinə qədər bütün təbəqələr onun əlindən cana doyub.
Çünki problemi olan insanları dinləmir, qəbul eləmir, icra nümayəndələrindən isə pul yığılır. İcra başçısı Heydər Əliyev Parkı inşa etdirib. Parkın salınmasına milyonlarla vəsait ayrılıb.
Lakin özü haqda şayiə yayıb ki guya, bu işləri öz şəxsi imkanları hesabına həyata keçirir. Ancaq parka görə məmurlardan xərac yığmış icra başçısının bu əməli haqda Prezident Administrasiyasına məruzə olunub.
İcra başçısı həmin parkda oğlu üçün “Ana və Uşaq” kafesi inşa etdirib. Bu kafenin tikilib başa gəlməsi üçün bütün məmurları sıxışdıran Vidadi İsayev qarşı çıxanları sərt şəkildə cəzalandıracağı ilə hədələyib.
Qaçqın şəhərciyində kürəkəni üçün ümumi sahəsi 100 kv.metr olan dükan tikdirən icra başçısı yalnız ailə biznesinə xidmət edir. Halbuki qanunla qaçqın şəhərciyində belə obyektlərin inşa edilməsi qismən qadağan hesab edilir.
Bərdədə təkcə Vidadi İsayev problemi deyil, həmçinin onun köməkçisi Zaur Bəylərovun yaratdığı dəhşətli vəziyyət də hakimdir.
Belə ki, icra başçısının köməkçisi məmurların, hətta vətəndaşların da gününü qara edib. O, həftənin bütün günü başçının xidməti telefonundan məmurlara zəng edərək, özü üçün pul tələb edir.
Bərdəlilərin və Bərdədə məskunlaşmış məcburi köçkünlərin problemlərini nəinki həll etməyə, heç onları dinləməyə belə həvəs göstərmir.
Heç kəsi saymır, heç kəsi sevmir. Ali təhsilli bərdəlilər evində diplomları toz basdığı halda, Tərtərdən və Yevlaxdan Bərdəyə yüksək vəzifəyə adamlar gətirir.



Paylaş