“Azərsu” ASC prezidenti Qorxmaz Hüseynov məmurlara məxsus obyektlərə ilişib

Palitika.Az xəbər verir ki, onlarla sahibkarın obyekti və yaşayış evləri su-kanal xətlərinin mühafizə zolağında inşa edildiyi üçün sökülə bilər.

Bu restoranlar paytaxtın Nizami rayonu Mikayıl Əliyev və Bəkir Çobanzadə küçəsində yerləşir.

Həmin şadlıq evlərinin siyahısında “Neolit”, “Qızılqaya”, “Ay işığı”, “Xəmsə”, “Sarı gəlin”, “Xarı bülbül”, “Xan qızı”, “Yeddi gözəl” kimi restoranlar var.

“Azərsu” artıq “Neolit”, “Qızılqaya” restoranlarını məhkəməyə verib. Bu restoranların əksəriyyəti nazirlərə, məmurlara məxsusdur.

Belə çıxır ki, Q.Hüseynov bəzi məmurlara barmaq silkələməyə başlayıb. Ancaq “Azərsu” şefinin onlara batacağı inandırıcı görünmür.

Hər halda sözügedən şadlıq evlərinin sökülməsinə imkan verilməyəcək. Elə Q.Hüseynovun da məhkəmədə iddialarının təmin olunacağı gözlənilən deyil.

Məlumatlara görə, “Azərsu” prezidentinin məhkəmədə iddia qaldırması restoranların gerçək sahiblərini qəzəbləndirib.

Məsələn, “Sarı gəlin” Sabunçu icra başçısı Adil Vəliyevə aiddir. “Ay işığı” və “Neolit” isə bir generala aid olduğu bildirilir. Ona görə də bu işin reallaşacağı ağlabatan deyil.

Qüvvədə olan qanunvericiliyimizə əsasən bütün magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililər qanunsuz hesab olunur.

Daha sonra Mülki Məcəlləyə əsasən tikinti məqsədləri üçün ayrılmayan bu cür torpaq sahələrində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evləri, digər tikililər, qurğular və ya başqa daşınmaz əmlaklar özbaşına tikintilər sayılır.
“Azərsu” ilə şadlıq evlərinin davası çoxdan var. “Neolit” restoranının administratoru açıqlamasında “Azərsu” ASC-nin məlum iddiasından xəbərsiz olduqlarını deyib.

Onun sözlərinə görə, bu məsələni ilk dəfədir ki, eşidir. “Sarı gəlin” şadlıq sarayından da məsələdən xəbərsiz olduqları bildirilib. “Xəmsə” restoranının nümayəndəsinin mövqeyi isə fərqli olub.

O, “Azərsu” ASC-ni bu məsələdə qınayaraq, problemin indi niyə qabardılmasına şikayətlənib. “Azərsu” harada idi, bu məsələ indi yadlarına düşüb? Bəs 14 ildə hara baxırdılar?” deyə açıqlamasının davamını gətirməyib.

Bildirib ki, məsələ barədə restoran rəhbərliyini xəbərdar edəcək və açıqlamanı da onlar verəcək. “Ay işığı” şadlıq sarayından da iddia ilə bağlı məlumatsız olduqları bildirilib.

Restoran nümayəndəsinin sözlərinə görə, şadlıq sarayı 20 il bundan əvvəl inşa edilən zaman müvafiq qurumlardan icazə alınıb. “Yeddi gözəl” şadlıq sarayı da, dediklərinə görə, sözügedən məsələdən xəbərsizdilər.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı və Abşeronda 5200-dən artıq obyektin sökülməsi üçün yerli rayon məhkəmələrində iddia qaldırıb.

Qurumun iddiasına görə, onlarla sahibkarın obyekti və yaşayış evləri su-kanal xətlərinin mühafizə zolağında inşa edilib. Bu səbəbdən həmin obyektlərin sökülməsi tələb edilib.

Ümumilikdə 5200 tikilidən 3300- ü yaşayış evi, qalan 1900-ü isə müvafiq tikili və obyektlərdir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin verdiyi məlumata görə tikililərin təkcə 2500-ü Binəqədi rayonu, xüsusilə də Biləcəri qəsəbəsi ərazisindədir. Belə ki, Ceyranbatan-Binəqədi xətti üzrə 3 magistral xətt bu rayonun ərazisindən keçir.

Paylaş