General-polkovnik Aydın Əliyev 11 ildir ki, Dövlət Gömrük Komitəsinə sədrlik edir. Kamaləddin Heydərovun ayrıca “respublika” quraraq fövqəladə hallar naziri təyin olunmasından sonra DGK FHN-nin tərkibində “muxtar respublika” statusunu daşımağa başladı.
AnaXeber.az-ın məlumatına görə, A.Əliyev də bu 11 il ərzində bircə dəfə belə mərkəzdənqaçma meyli göstərmədən ümumi “katyol”a xidmət edib. Komitə sədri yaxşı başa düşüb ki, onun olduğu post öz iqtidarında deyil.
Ona görə də DGK-nin “təməli” necə qoyulubsa, bu günə kimi status-kvo saxlanıb: rüşvət, monopoliya, qeyri-rəsmi rüsumlar, brokerlər, inhisarçı qruplar, sahibkarların soğan qabığı kimi soyulması, avtomobillərin qeydiyyatından tutmuş müxtəlif məhsulların keçirilməsinə qədər gömrük məntəqələrində soyğunçuluq prinsipləri öz hökmündə qalır. 

Bəlkə də bəziləri K.Heydərovdan sonra A.Əliyevin gömrük sistemində islahatlar həyata keçirəcəyini gözləyirmiş.
Amma bu absurd və nonsens görünən mif qısa vaxtda “sabun köpüyü” kimi buxarlandı və iş adamları anladılar ki, fiqurların dəyişməsi heç də sistem dəyişikliyinə gətirib çıxarmır.
Yəni, gedən Heydərovun cismidir, ruhu Əliyevin timsalında gömrükdə dövran edir. Hətta bir müddət əvvəl prezidentin imzaladığı fərmanlar, tapşırıqlar, gömrükdə sadələşdirilmiş rüsumlar və s. addımlar da kosmetik xarakter daşıyır.
Ölkənin ikinci büdcəsi hesab olunan gömrükdə yenə də qara pullar dövr etməkdədir. DGK sədri Aydın Əliyevin komandası gecə-gündüz rüşvət sistemini genişləndirir. Bu korrupsiya piramidasından zərər çəkənlər isə – büdcə və iş adamlarıdır.
*
AnaXeber.az-a daxil olan məlumata görə, A.Əliyev və general müavinləri, ölkənin şimal və cənub, şimal-qərb sərhədlərində gömrük rəisləri büdcədən milyonları yayındırır.
DGK-nin fəaliyyəti ölkədə ikinci Eldar Mahmudov çetesinin olduğunu göstərməkdədir. MTN-dəki quldur şəbəkə sahibkarları bir-bir oğurlayıb milyonlarını aldıqdan sonra necə sərbəst buraxırdılarsa, dövlətin önəmli sektoru olan gömrükdə də analoji vəziyyət yaranıb. 

İş adamları bürokratik əngəllərdən, rüşvət sistemindən, əsassız yerə ödənişlər etməkdən təngə gəliblər.
Prezidentin çağırışlarına baxmayaraq, A.Əliyev və komandası postneft dövründə sahibkarlara “qan uddurur”lar.
İş adamları mahmudovçu qruplaşmanın əməllərindən xilas olduqlarına sevinsələr də, gömrük orqanları onlardan əl çəkmirlər.
Belədə milyonlar büdcəyə, sahibkarlığın inkişafına yox, gömrük məmurlarının həyat şəraitinin istifadəsinə yönəlir. Gəlin real faktlara və rəqəmlərə baxaq: 2015-ci ildə dövlət büdcəsi gömrük ödənişlərindən ən azı 1,3 milyard manat vəsait itirib.
İqtisadçı alim Qubad İbadoğlu 2015-ci il üçün idxal əməliyyatlarına dair məlumatlar əsasında güzgü statistikası metodologiyası ilə eyni göstəricilər arasındakı fərqi aşkarlamaq üçün növbəti hesablamalarının nəticələrini Facebook statusunda təqdim edib.
Həmin ili 10 ticarət tərəfdaşı ilə idxal əməliyyatları üzrə qeydiyyatdan kənarlaşdırılan dövriyyə 2 milyard 30 milyon dollar və ya hazırkı məzənnə ilə 3 milyard 451 milyon manat olub. 
Türkiyə Dış Tıcarət Müştəşarlığı 2015-ci ildə Azərbaycana 1 milyard 898 milyon 714 min 900 dollarlıq mal ixrac etdiyini açıqlayıb.
Dövlət Gömrük Komitəsində isə Türkiyədən Azərbaycana idxal 1 milyard 171 milyon 385 min 400 dollar göstərilib. Bu da iki ölkə arasında 727 milyon 329 min 500 dollarlıq idxalın qeydiyyata düşmədiyini təsbit edir.
Yaxud İsrail höküməti həmin il Azərbaycana 129 milyon 557 min dollarlıq mal göndərdiyini rəsmi olaraq açıqlayıb.
Azərbaycan gömrüyündə onun 5,2 dəfədən az hissəsi, yəni cəmisi 24 milyon 871 min 700 dolları qeydiyyata alınıb. Eynilə də Gürcüstandan gələn idxal malı 3,5 dəfə azaldılaraq qedyiyyata salınıb.
Göründüyü kimi, DGK sədri K.Heydərovdan gizlətmir, “katyol”un puluna dəymir, amma büdcədən və prezidentdən gizlədir. Təkcə 2015-ci ildə 1, 3 milyard pul “yoxa çıxıb”.
Bütün bunlar DGK-nin ləğvini zəruri edir. Ölkədə struktur islahatlarına ciddi ehtiyac var və komitənin də səlahiyyətlərinin nazirliklərdən birinə verilməsi mümkündür. Hətta iqtisadçı ekspertlər də bunun mümkün olmasını istisna etməyiblər.
Natiq Cəfərli bildirmişdi ki, vergi və gömrük orqanları bir-biri ilə sıx bağlıdır. Büdcənin əsas qollarını təşkil edir. Buna görə də onların bir binada toplanması və bir mərkəzdən idarə olması daha doğru olardı.
Bu həm də iş adamlarını sevindirmiş olacaq. E.Mahmudovdan sonra A.Əliyevdən qurtuluş sahibkarlığın inkişafı, iş yerlərinin açılması, bazarlardakı qiymətlərin aşağı düşməsi prosesində inqilabi hadisə ola bilər.
Əslində belə bir qurumun bu vəziyyətdə olması idarəçiliyi daha da məhdudlaşdırır. Vergi yığımını, büdcənin qarşısında olan öhdəlikləri əngəlləyir.
Sahibkarların qarşısına əngəl qoymaqla, sonradan vergi ödənişlərini azaldır. Belə demək mümkündürsə, Gömrük Komitəsi özü bir stimullaşdırıcı orqan yox, daha çox məhdudlaşdırıcı orqana çevrilməkdədir.
Onun vergiyığma funksiyaları Vergilər Nazirliyinə, prosedur funksiyalarının isə hər hansı digər orqana və ya ASAN xidmətə verilməsi daha məqsədəuyğun olardı.
Gömrük Komitəsi bir departament kimi ya Vergilər Nazirliyinin ya da Maliyyə Nazirliyinin tərkibində ola bilər. Yəni, əksər sivil ölkələrdə bu belədir.
Rusiya kimi böyük bir dövlətdə gömrük xidmətidir, komitə adında bir qurum kimi mövcud deyil.
Belə bir orqanın fəaliyyəti ancaq sahibkarlığı məhdudlaşdırır, korrpusiya hallarına yol açır və Azərbaycanın imicinə mənfi təsir göstərir.

AnaXeber.az

Paylaş