Son günlərin əsas müzakirə mövzusu prezidentin iki nazirlə bağlı imzaladığı sərəncamdır. Deputat, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a müsahibəsində əvvəlcə bu mövzu ilə bağlı suallarımızı cavablandırdı.

– Vahid müəllim, vergilər naziri Fazil Məmmədovun xəstəlikdən əziyyət çəkməsi səbəbindən postundan uzaqlaşdırıldığını demisiz. Amma Fazil Məmmədov “Az xəstəliyinin” olduğunu söyləyib və əlavə edib ki, işdən çıxarılması prezidentin səlahiyyətində olan məsələdir. Ortaya çıxan qənaət budur ki, onun işdən çıxarılmasının əsas səbəbi heç də səhhətlə bağlı deyil…

– Birincisi, Fazil Məmmədov bu vəzifədə 17 ildir ki, işləyirdi. Ondan əvvəl də müəyyən qədər bank sistemində işləmişdi. Ümumiyyətlə, bu sistemi kifayət qədər bilən təcrübəli şəxs idi. O ki qaldı xəstəliyi məsələsinə, onun müəyyən problemləri var idi, bu gün də var. Özü də bunu etiraf edib. Yəni işdən azad olunmasının əsas səbəblərindən biri məhz budur. Yəqin gedib müalicə alacaq. İkincisi də Vergilər Nazirliyi çox strateji sahədir. Azərbaycanın dövlət büdcəsinin təxminən 70-80 faizi Vergilər Nazirliyi tərəfindən təşkil olunur. Bu mənada vergilərin necə tətbiq edilməsi, vergi sahəsində olan islahatlar və s. Azərbaycan iqtisadiyyatı üçün önəmlidir.

– 2016-2017-ci illərdə büdcədə nə qədər vergi kəsiri yaranıb?

– Elə bir böyük kəsir yaranmayıb. Ümumiyyətlə, vergilərin toplanması bütün dünyada problemdir. Dünya təcrübəsində verginin vaxtında ödənməməsi ilə bağlı nə qədər cinayət işləri var. Azərbaycan da istisna deyil. Amma son illər vergi planları həmişə yerinə yetirilib. Vergi sistemində nöqsanlar da var, bunu heç kim inkar edə bilməz. 2016-cı ilin dekabrında biz çoxlu vergi islahatları həyata keçirdik. Bu islahatların həyata keçirilməsinin təşəbbüskarı da məhz Fazil Məmmədov oldu, yəqin ki, dövlət başçısı ilə razılaşdırıldı və komitəyə gətirdilər, biz qəbul etdik, yanvarın 1-dən qüvvəyə mindi. Amma bu gün yenə də vergi sistemində problemlər var, mən bunu inkar etmirəm. Ona görə də ciddi islahatlara start verilməlidir. Elə etmək lazımdır ki, Azərbaycan əhalisi, biznes strukturu ilə vergi sistemindəki münasibətlər tamamilə dəyişsin, şəffaflaşsın. Artıq şəffaf bir sistem yaransın ki, vergi sistemində problem olmasın.

– Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Fazil Məmmədovun fəaliyyətini tənqid edib. Bu fakt sizə nə deyir?

– Ramiz müəllim təcrübəli siyasətçidir, iradlarını səsləndirib. Mən demirəm ki, Fazil Məmmədovun nöqsanı yoxdur.

– Mikayıl Cabbarovun ölkənin iqtisadi sütunlarından biri olan qurumun rəhbərliyinə gətirilməsini necə qiymətləndirirsiniz?

– Mikayıl Cabbarov İqtisadi İnkişaf Nazirliyində 5 ilə yaxın işləyib, nazir müavini olub. Həm də İqtisadiyyat Universitetinin magistraturasını bitirib. İqtisadiyyatla əlaqədar müəyyən təcrübəsi var. Digər tərəfdən, təhsil naziri işlədiyi ilk gündən son günə qədər çalışıb ki, müəyyən islahatları həyata keçirsin. Yəni Mikayıl Cabbarov özünü bir islahatçı kimi göstərib. Vergilər Nazirliyində də ciddi islahatlar aparılmalıdır. Həm vergi islahatları, həm kadr islahatları, həm də struktur islahatları olmalıdır. Düzdür, orda kifayət qədər yüksək mütəxəssislər, departament rəhbərləri, müavinlər var. Amma yeni nazir islahatlara start verəcəksə, əlbəttə, biz yüksək nəticəsini görəcəyik.

– Hazırda sahibkarların fəaliyyəti üçün normal mühit varmı?

– İndi mən deyə bilmərəm ki, rahat mühit var. Çünki çoxlu şikayətlər alırıq. Sizin qəzetdən də oxudum ki, Gədəbəydə sahibkarlı necə incidirlər. Bununla bağlı mənə də məktub gəlib, müvafiq qurumlara müraciət etmişəm. Yəni belə hadisələr çoxdur. Özü də yalnız vergi sistemi ilə əlaqədar deyil, digər sahələrdə də bu proses gedir. Amma cənab prezidentin qarşıya qoyduğu əsas məqsəd, Strateji Yol Xəritəsi-hansı ki, 11 sahəni nəzərdə tutur- sahibkarlar üçün normal şəraitin yaradılmasını nəzərdə tutur. Bizim də vergi sistemi ilə əlaqədar təkliflərimiz var. Məsələn, Milli Məclisdə məsələ qaldırmışam ki, ƏDV diferensiallaşdırılsın. Yəni bütün mallara eyni vergini tətbiq etmək düzgün deyil.

– Bu təklifi yeni nazirə təqdim edəcəksiniz?

– Ayrıca yox. Çünki təklifdən xəbərdardırlar. Nazirlik bu təklifin əleyhinə olmayıb. Biz komitə də müzakirə apardıq, sonradan nədənsə təklif kənara qoyuldu. Ancaq bizim vergi sistemi ilə əlaqədar təkliflərimiz də var.

– 2018-ci ildə kadr islahatlarının həyata keçiriləcəyi, Nazirlər Kabinetinin rəhbərinin də əvəzlənəcəyi, ümumən sistemin ASAN-laşdırılacağı iddiası var. Bu barədə nə deyə bilərsiniz?

– Belə söz-söhbətlər mətbuatda çox gedir. Hansısa nazir işdən çıxarılanda bütün strukturla, islahatlarla əlaqədar suallar verilir. Azərbaycanda struktur islahatları faktiki olaraq aparılır. Prezident Administrasiyasında müşavirlik institutu ləğv edildi, köməkçi institutu bərpa edildi. Nazirlər Kabinetində struktur dəyişiklikləri aparıldı, bir sıra şöbələr ləğv edildi. Nəqliyyat Nazirliyi Rabitə Nazirliyi ilə birləşdirildi. Bu iş davam edəcək. Bir məqamı da yaddan çıxartmayaq, 2018-ci il prezident seçkisi ilidir. Həmişə seçki ilində Azərbaycana kənardan da təzyiqlər olur. Ona görə də belə bir vaxtda islahatlara getmək, struktur islahatları aparmaq o qədər də müsbət nəticə vermir. Bu proses onsuz da gedir. Lazım olanda cənab prezident hansısa struktur yaradır, bunlar onun səlahiyyətində olan məsələlərdir. Ona görə də gözləntilərimiz var. Çünki Azərbaycan demokratik dövlət quruculuğu yolundadır və bizim üçün struktur dəyişikliyi, islahatların gedişi çox böyük əhəmiyyət kəsb edir.

– Ziya Məmmədov, Fazil Məmmədov, bəs sonra kim?

– Vallah mən nə deyim? Bu, cənab prezidentin səlahiyyətində olan məsələlərdir…

– Dövlət büdcəsinin müzakirəsi zamanı ciddi məsələlərə toxundunuz. Hətta hökumətə konkret sualınız oldu ki, “deyirsiniz ölkədə inhisar yoxdur, elə isə niyə Rəqabət Məcəlləsini qəbul etmirsiniz?” Sualınıza sonradan qeyri-rəsmi də olsa, cavab aldınızmı?

– Yox, cavab almadım. Amma müəyyən narazılıqlar oldu ki, niyə mən bu məsələlərə toxunuram. Biz məsələ qaldırandan sonra təklif də veririk ki, bunu necə həll etmək lazımdır. Mən niyə inhisarçılığın aradan qaldırılmasının tərəfdarıyam? Çünki əgər biz sahibkarlığı inkişaf etdirməyi, bazarda azad rəqabətin olmasını istəyiriksə, mütləq Rəqabət Məcəlləsini qəbul etməliyik. Bu, beynəlxalq aləmdə qəbul olunan məsələdir. Mən demirəm ki, qəbul edilən ki, Azərbaycanda hər şey öz yerini tapacaq. Amma müəyyən qədər azad rəqabətin bərpasına, o cümlədən qiymət siyasətinə öz təsirini göstərəcək. Hansı ki, ölkədə qiymət siyasəti ilə əlaqədar problemlər var. Qiymətlər gün-gündən artır. Düzdür, İqtisadi İnkişaf Nazirliyi müəyyən işlər görür. Ancaq bu, kifayət deyil. Çünki bu, hökumət səviyyəsində kompleks şəkildə həll olunası məsələdir. Ona görə də məcəllə mütləq qəbul olunmalıdır. Bizə deyiblər ki, 2018-ci ilin yaz sessiyasında ola bilsin bu məsələ gündəliyə salınsın və qəbul olunsun.

– Bir neçə gün əvvəl Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov vəzifəsindən azad olundu. Ancaq daha çox müzakirə olunan Ziya Məmmədovun keçmiş başçıya zəngi və “birdən çaşarsan ha” mesajı oldu. Bu zəngin açması, sizcə, nədir?

– O özü də dedi ki, Ziya Məmmədovla qohumluq əlaqələri var, bibisi oğludur. Yaşar Məmmədov Qubada 2 ildən bir az artıq icra başçısı işlədi. Ancaq bu müddətdə Qubada elə bir ciddi işlər görülmədi. Ona görə də müəyyən narazılıqlar var idi. Əhali də narazı idi, mən də.

– Yeni təyin olunmuş başçı Zirəddin Əliyevi tanıyırsınızmı?

– Təsərrüfatı bilən adamdır, yol idarəsinin tanımış mütəxəssisi olub. Əsas odur ki, insanlarla işləməyi bacarır. Yəqin ki, Qubanın inkişafında onun müəyyən rolu olacaq. Onunla hələlik görüşməmişəm.

– Adətən Qubanın sabiq nazir Ziya Məmmədovun təsir dairəsində olduğu deyilirdi. İndi kimin nəzarəti altındadır?

– Elə bir fikir yoxdur. Ümumiyyətlə, buna ehtiyac da yoxdur. Son vaxtlar icra başçıları faktiki olaraq özləri fəaliyyət göstərirlər, Prezident Administrasiyası, onun regionlar şöbəsi ilə çox ciddi əlaqələri olur. Regionlar şöbəsinin rəhbəri cənab Zeynal Nağdəliyev mütəmadi olaraq icra başçıları ilə görüşür, onlara köməklik göstərir, o cümlədən Administrasiya rəhbəri Ramiz Mehdiyev. Ona görə də hansısa oliqarxın rayonlara “krışa”lıq etməsi düzgün deyil. Çünki təyin olunan icra başçısı sərbəst olmalıdır və rayonun iqtisadi-siyasi məsələlərinə də cavab verməlidir.

– Büdcə müzakirələrinin yekununda hökumət müəyyən dəyişikliklərə getdi. Nəticədən razı qaldınız?

– İlk dəfə olaraq müəyyən ciddi problemlər öz həllini tapdı. Məsələn, ehtiyac meyarı 14 manat artırıldı, əlillər, uşaqlarla və s. əlaqədar 150 milyon vəsait əlavə edildi. Əlbəttə, daha çox vəsait ayırmaq olardı. Fikir verdinizsə, Qüdrət Həsənquliyev təklif verdi ki, AzTV ilə İTV-yə 44 milyon vəsait ayrılıb, ancaq bu vəsait hesabına ingilis dilində telekanal açmaq olar. Onun sözündə də həqiqət var, çünki açığını deyim, bir vaxt var idi İTV xalqın televiziyası idi. Amma bu gün demək olmaz ki, İTV xalqın televiziyasıdır. Bu gün bu kanal faktiki AzTV-nin filialına çevrilib.

– Sonuncu dəfə İTV-də nə zaman olmuşunuz?

– Artıq 2 ildir mən ora getmirəm. Qabaqlar canlı verilişlər olurdu, əhalini maraqlandıran məsələlərdən danışılırdı. İndi mən bir dənə canlı efir görmürəm. Hansı ki, İTV birbaşa əhali ilə işləməlidir.

– Putin növbəti dəfə prezidentliyə namizəd olacağını açıqladı. Bu qərar dünya və Azərbaycan üçün nə vəd edir?

– Gələn ilin oktyabrında bizdə də prezident seçkisi olacaq, müəyyən hazırlıqlar gedir. Əlbəttə, Putinin prezident seçilməsi bölgəyə də təsirini göstərəcək. Putin kifayət qədər təcrübəli dövlət başçısıdır və Rusiyanın mənafeyini qorumaq üçün əlindən gələni edir. Onun prezidentlik müddətində Rusiyanın iqtisadi sahəsində problemlər olsa da, hərbi sahədə çox ciddi uğurlar əldə olunub. Faktiki olaraq Rusiya dünya dövlətləri içərisində öz mövqeyini möhkəmləndirib. Azərbaycanla da münasibətləri də həmişə yüksək səviyyədə olub. Düzdür, müəyyən təzyiqlər, problemlər olub, iri, beynəlxalq layihələrin həyata keçirilməsində fikir ayrılıqları olub. Amma dövlət başçımız həmişə öz mövqeyini ortaya qoyub.

– Rusiya seçkiqabağı Azərbaycan üçün sürpriz hazırlaya bilərmi?

– İnanmıram. İndi Azərbaycanda kimin prezident olacağı barədə söz-söhbət çoxdur. Amma mən hesab edirəm ki, indiki şəraitdə, beynəlxalq aləmdə, regionda baş verən hadisələr, Azərbaycanda yenə də İlham Əliyevin prezident seçiləcək. Amma o da deyilir ki, ola bilər birinci vitse-prezident Mehriban Əliyevanın da namizədliyi irəli sürülsün. Yəni 2018-ci il prezident seçkisində bu iki nəfərdən biri prezident seçiləcək. Faktiki olaraq bu, əhali tərəfindən də müsbət qarşılanır. Çünki İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanda stabilliyin, müstəqilliyin qorunub-saxlanmasına xidmət edir və bu, bizim üçün önəmlidir. Yenə də deyirəm, ola bilər prezident seçkilərində Azərbaycana yenə təzyiqlər olsun, müəyyən qruplar peyda olsun, kimisə ortaya çıxartsınlar, necə ki, 2013-cü ildə olmuşdu. Amma reallıq budur ki, hal-hazırda prezidentliyə namizəd olacaq iki nəfərin haqqında daxildə və xaricdə çox müzakirələr gedir. Seçkidən sonra mən Azərbaycanda çox ciddi islahatlar gözləyirəm, həm struktur islahatları, həm instusional islahatlar. Cənab prezident Strateji Yol Xəritəsini təsdiqlədikdən sonra müəyyən qədər inam yarandı ki, Azərbaycanda islahatlara gediləcək. Amma sonradan yenə neftin qiymətinin müəyyən qədər artması, 60 dolları keçməsi elə bil arxayınçılıq yaratdı. Mən nəyə görə Neft Fondundan transfertin əleyhinəyəm? Çünki transfertin edilməsi Azərbaycan hökumətində müəyyən arxayınçılıq yaradıb. Yəni qeyri-neft sektoru inkişaf etməsə də, sabah biz Neft Fondundan götürüb büdcəyə ata bilərik. Ancaq belə olmamalıdır.

– Deputat Səməd Seyidov bildirib ki, Azərbaycan Avropa İttifaqına inteqrasiya tərəfdarı deyil. Siz bu haqda nə düşünürsünüz?

– Azərbaycan gec-tez Avropa İttifaqı ilə saziş imzalayacaq, buna müəyyən qədər vaxt lazımdır.

– Bəs Gömrük İttifaqı ilə necə?

– Gömrük İttifaqı, Avrasiya İttifaqı, KTMT ilə bağlı məsələlərdə müəyyən problemlər var. Bizim Qarabağ kimi böyük problemimiz. Yaxın gələcəkdə bu məsələnin öz həllini tapacağına ümid yoxdur. Çünki gedən danışıqlar onu göstərir. Nə Avropa, nə Rusiya, nə Amerika bu məsələnin həllində maraqlı deyil. Cənab prezidentin atdığı addımlar tamamilə doğrudur. Biz öz ordumuzu daha da gücləndirməklə torpaqlarımızı azad etməliyik.

– Qüds nümunəsi də göstərdi ki, Şuşanı yalnız savaşla azad etmək mümkündür…

– Ancaq.

Paylaş