Keçmiş vergilər naziri Fazil Məmmədov Azərbaycan Güləş Federasiyası (AGF) prezidentliyindən gedir

Palitika.Az xəbər verir ki, federasiya ondan alınaraq yeni vergilər naziri Mikayıl Cabbarova verilir.

Sabiq nazirin yaxın vaxtlarda AGF rəhbərliyindən yola salınması və yerinə yeni prezident seçilməsi gözlənilir.

F.Məmmədovu hazırda federasiyada I vitse-prezident Sahib Ələkbərov əvəzləyir. S.Ələkbərov həm də vergilər nazirinin mavinidir.

Sabiq naziri eynilə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun idman sahəsindəki aqibəti gözləyir.

O da postundan getdikdən sonra Azərbaycan Voleybol Federasiyasına rəhbər posta “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanov gətirildi.

F.Məmmədovun fəaliyyətindən güləşçilər də narazı idilər. Hətta bir müddət əvvəl əmək haqqı almayan titullu idmançılarımız aksiya keçirmişdilər.

Bu aksiyalarda xüsusən Yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Çunayev çıxışlar edirdi. Bundan sonra M.Cabbarov federasiyanın başına keçə bilər.

O, həm də Badminton Federasiyasının prezidentidir. Onu da deyək ki, sabiq nazirin səhhətində yaranan problemə görə vəzifəsindən göndərildiyi deyilir.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin birbaşa iştirakı ilə Mikayıl Cabbarovun Vergilər Nazirliyinin kollektivinə təqdimatı, vergilər sahəsində problemlərin olmasını dilə gətirməsi isə ortada ciddi mətləblərin olmasından xəbər verir.

Həm də bu məqamda ortaya belə bir sual çıxır: “Nazir səhhətindən şikayətçi idisə, niyə özü istefa vermirdi?”.

Fazil Məmmədov “sabiq” statusu aldıqdan sonra nazirlikdə onunla və yaxın çevrəsi ilə bağlı ciddi araşdırmalara başlanıb.

Gələn məlumatlarda sabiq nazirin Şəmkirdəki 100 hektar sahəyə malik mülkünün əlindən çıxdığı da iddia olunur.

Heç kimə sirr deyil ki, zaman-zaman vergilər nazirinin tam nəzarətində olan Şəmkir rayonunda onun gördüyü işlərlə, həyata keçirdiyi layihələrlə bağlı ictimaiyyət arasında sensasion məlumatlar yer alıb və mətbuatda silsilə materiallar yayımlanıb”.

17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş Fazil Məmmədovla bağlı araşdırmaların doğuracağı səs-küyün hələ qabaqda olduğu vurğulanır.

  Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı, iqtisadçı Qulu İbrahimli şok açıqlama verib.

Onun fikrincə, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin, bəlkə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən strukturlarının, birləşdirilərək yeni Milli Gəlirlər Nazirliyinin (və ya buna oxşar digər adda) yaradılması layihəsi var.

Bu arada yaxın zamanlarda iri vergi məmurlarının, xüsusən də Fazil Məmmədovla yaxın qohumluq əlaqələrində olanların həbsi gerçəkləşə bilər.

Çünki Prezident Administrasiyası rəhbərinin dilindən Fazil Məmmədovun fəaliyyətinin tənqid olunması sıradan bir hadisə deyil.
Ramiz Mehdiyevin şəxsən Vergilər Nazirliyinə gedərək orada sabiq nazirlə bağlı tənqidi çıxış etməsi proseslərin çox ciddi bir axarla davam edəcəyini söyləməyə əsas verir. Məlumatlara görə, artıq proses başlayıb.

Fazil Məmmədovun fəaliyyətini ucqarlardan – onun qeyri-rəsmi qubernatorluğuna daxil olan Şəmkir və Gədəbəydə araşdırmağa başlayıblar.

Müəyyən olunub ki, Fazil Məmmədovun qohum-qardaşının yaşadığı Şəmkir rayonunda 5 il əvvəl salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat silinib. Faktiki isə parkda görülən işlərin dəyəri 83 milyon manatdan da az olub.

İddia olunur ki, Şəmkirdə və Gədəbəydə müəyyən olunanlar Fazil Məmmədovun işdən qovulma səbəbinin yanında çox kiçik faktlardır.

Əsas səbəb Fazil Məmmədovun 18 illik nazirliyi dövründə vergi şəkilində yığılan və büdcədən yayındırılan böyük məbləğlərdir.

Böyük pul kütlələrinin büdcədən yayındırılaraq ofşorlara yönləndirilməsində sabiq nazirin yaxın qohumu olan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun da adı keçir. Söhbətin 4 milyarda yaxın manatdan getdiyi vurğulanır.

Yaxın müddət ərzində vergi şəklində yığılaraq müxtəlif gizli hesablara yönləndirilən pullar geri qaytarılmasa, Fazil Məmmədovun qudası, vergilər nazirinin müavini postunu tutan Namiq Əliyev də sorğu-suala tutula bilər.

Yeri gəlmişkən, qeyd edək ki, Fazil Məmmədovun qudası artıq işə çıxmır. Məlumatlara görə, Fazil Məmmədovun müşaviri olan Firuz Həsənov da artıq istefa ərizəsini yazıb.

Vergilər nazirinin digər müşaviri, nazirə xüsusi yaxınlığı ilə seçilən Riyad Hüseynov işdən ayrılmaqla bağlı könüllü olaraq oxşar addım atıb. Yaxın günlərdə onların işdən ayrılması rəsmi təsdiqini tapacaq.

Paylaş