Gədəbəydə 300-700 vətəndaşa 500-1000 manat qarşılığında Qarabağ veteranı statusu satılması haqda xəbərlər aktuallığını saxlayır. Məsələyə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun kəskin reaksiyası da baş verənlərə diqqəti bir qədər də artırıb. YAP icra katibinin müavini demişdi ki, ölkədə 90 min nəfərin cibində müharibə veteranı vəsiqəsi gəzdirir: “Azərbaycanda müharibə veteranlarının sayı 90 minə çatıb. 90 min iki ordu deməkdir. O boyda Əfqanıstanda qulluq edən sovet ordusunun tərkibində 45 min hərbçi var idi. Amma bizdə 90 min veteran var, guya Qarabağ müharibəsində iştirak edib. O vaxt batalyondan böyük ordu forması yox idi. Ancaq kim oradan keçibsə, adını yazdırıb. Beləcə, haqqı olanın da haqqı itib”.
Onun bu fikirləri saxta müharibə veteranı statusu qazananların məsələsini bir daha gündəmə gətirib.
Criminal.az xəbər verir ki, bir müddət əvvəl yayılan xəbərlərdə deyilirdi ki, ötən il aprel döyüşləri gedən günlərdə Gədəbəyin icra başçısı Ramiz Yediyarov 700 nəfərə yaxın şəxsdən veteranlıq statusu verilməsi üçün adambaşına 500-1000 manatdan olmaqla pul yığdırıb. Həmin şəxslərin siyahısı təsdiq olunmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilib. Beləcə, atəşkəsdən 24 il sonra güllə səsi eşitməmiş adamlara pul müqabilində status satılıb. İcra başçısı Ramiz Yediyarovun bu əməli dövlət büdcəsini birbaşa ildə 350-400 min manat əlavə xərcə saldığı da həmin yazılarda vurğulanırdı.
Criminal.az saytı bu məsələ ilə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova, dövlət təhlükəsizlik xidmətnin rəisi Mədət Quliyevə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə və Hesablama Palatasının sədri Vüqar Gülməmmədova informasiya sorğusu ilə müraciət ünvanlamışdı.
Sorğumuza Hesablama Palatası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokurorluqdan cavab verilib.
Sorğuda yer alan və cavab istənilən sualları təqdim edirik:
1 Gədəbəy Rayon İcra Hakimiyyəti hansı faktları əsas tutub 23 il sonra həmin şəxslərin müharibədə iştirakını sübut edə bilir?
2. Bu qədər şəxsə status verilməsi indiyədək onların hüquqlarının pozulması anlamına gəlmirmi?
3 Həmin şəxslərə müvafiq müavinət əvvəlki dövrlər üçün də verilməlidir?
4 Yayılan məlumatlara görə, bu şəxlərə status verilməsi 500-1000 manat civarında rüşvət hesabına başa gəlir. Müharibə iştirakçısı kimi şərəfli bir adın pulla satılması halları varmı?
5 Varsa, bu hallarla bağlı məlumatları bölüşün, hüquq mühafizə orqanlarına müraciət olunub-olunmaması haqda məlumatları bölüşün.
Bir neçə dövlət qurumunun sorğumuza verdiyi cavab ən yumşaq dildə desək bizi heyrətləndirdi. Beləliklə Baş Prokurorluğun cavabından başlayaq.
İdarə rəisi Valeh Ələkbərovun imzası ilə aldığımız cavabda göstərilir ki, sorğuda yer alan məsələ araşdırılmaq üçün Müdafiə Nazirliyinə və Gədəbəy Rayon Prokurorluğuna göndərilir. Araşdırılıb nəticəsi barədə sayta məlumat verilməsi xahiş olunur. Sual olunur niyə təkcə bizə?
Axı söhbət büdcə vəsaitinin talan olunması ilə nəticələnən böyük iqtisadi cinayətdən gedir. Qanunların icrasına nəzarət edən ali orqan olaraq Baş Prokurorluğa bu hal maraqlı deyil?
Hesablama Palatası isə heç özünə əziyyət vermək istəmir. Mətbuat katibi Nailə Məhərrəmova 5 suallaq sorğuya bir cümləlik rəsmi cavab yazıb. Xanım mətbuat katibi tövsiyə edir ki, aidiyyatı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət eedək.
Baş Prokurorluğa ünvanladığımız sualı Hesablama Palatasına yönəltməklə həm də əlavə olaraq soruşuruq ki, Palatanın vəzifəsi təkcə il ərzində bir neçə təşkilatı yoxlamaqdan ibarətdir?
Yoxsa bu cür hallara reaksiya verib, büdcə vəsaitinin dağıdılmasının qarşısının əvvəlcədən alınması kimlərəsə sərf etmir?
Və nəhayət bu məsələdə ən maraqlı və mənafeyinə ən çox toxunulan struktur – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabına diqqət yetirək.
Nazirlik rəsmisi Əminə Seyidzadə sorğumuza cavab məktubunda qeyd edir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən veteranlıq statusu Səfərbərlik və Hərbi Xidmətə Cağırış Üzrə Dövlət Xidmətində yaradılmış komissiya tərəfindən verilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi faktiki olaraq Gədəbəyin icra başçısının göstərişi ilə baş tutan böyük bir cinayətin bütün məsuliyyətini Səfərbərlik və Hərbi Xidmətə Cağırış Üzrə Dövlət Xidmətinin üzərində olduğunu açıqlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sorğumuza verilən cavabda yazılır ki, Səfərbərlik və Hərbi Xidmətə Cağırış Üzrə Dövlət Xidməti kimə status verirsə, fond da qeyd-şərtsiz həmin şəxsə müavinət verir. ƏƏSMN rəsmisinin istinad etdiyi Nazirlər Kabinetinin həmin qərarına əsasən könüllü özünü müdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslərə yerli icra hakimiyyətlərinin təqdim etdiyi siyahı əsasında hərbi çağırış xidməti tərəfindən bu status verilir.
Yəni ilkin sənəd kimi həmin könüllü dəstələrin və birləşmələrin siyahısı mövcud olmalıdır. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsasnaməsi nazirliyin üzərinə ödəniş apardığı bütün əhali kateqoriyalarına bu hüququ qazandıran sənədlərin, ilkin baza sənədləri ilə üzləşdirilməsi məsuliyyətini qoyur.
Sadə dildə desək, əgər Pensiya fondunun yerli şöbəsi əmək pensiyası almaq üçün müraciət edən vətəndaşın stajını və əmək haqqını işlədiyi idarədə əmək haqqı cədvəlləri və əmr kitabı ilə üzləşdirməklə qəbul edirsə, deməli veteran müavinəti alan şəxsin sənədləri də onun döyüşdüyü hərbi birləşmənin müvafiq siyahısı ilə üzləşdirilməlidir. Bir məsələni də qeyd edək ki, bu gün Pensiya fondu pensiya üçün müraciət edən şəxsin işlədiyi idarə ləğv olunduğu halda onun təqdim təqdim etdiyi sənədlərin məhkəmə yolu ilə təsdiqini tələb edir.
Bəs necə olur ki, bir rayonda atəşkəsdən 23 il sonra birdən birə yüzlərlə şəxsə müharibə veteranı statusu verilir, amma bu məsələ Pensiya fondunu narahat etmir?
Mənbə: Criminal.az