Paytaxt Bakı şəhərinin rayonlarına rəhbərlik edən şəxslər arasında haqqında ən çox neqativ planda yazılan, Prezident Administrasiyasına şikayətlər göndərilən şəxslərdən biri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdur
X.İsgəndərovun bu vəzifəyə hansı yolla sahib olması, onun hakimiyyətdəki dayağı olan vergilər naziri Fazil Məmmədovun və özünün sonradan onların hakimiyyət olimpində yer tutmalarına yaşıl işıq yandıran fövqəladə hallar naziri Kəmaləddin Heydərova necə arxa çevirmələri çoxlarına bəllidir.
Bunun ən bariz nümunəsi isə Binəqədidəki bina yanğını faciəsi zamanı X.İsgəndərovun özünün necə aparmasında və fürsətdən istifadə edərək K.Heydərovu vurmağa çalışmasında özünü göstərdi. Ancaq X.İsgəndərovun bu istəyi baş tutmadı. Hakimiyyətdə fövqəlgücə sahib K.Heydərov onun atdığ daşlardan yayına bildi.
Bu faciə ilə bağlı bir sıra mətləblərin üstü hələ rəsmən açılmasa da, cəmiyyət üçün çox məsələlər bəllidir.
Bu hadisədən sonra X.İsgəndərovun Binəqədidə korrupsiyaya, rüşvətə, süründürməçiliyə, vətəndaşlara qarşı haqsızlıqlara yol açan fəaliyyəti ilə bağlı mətbuatda dərc olunan məlumatların sayı daha da artdı. Medianın Binəqədidəki faciəyə diqqəti bir sıra qanun pozuntuları və rüşvətxorluq hallarını üzə çıxardı.
Təəssüflər olsun ki, bu vəziyyət Binəqədi də indi də davam edir. Binəqədi icra başçısının dövlətin ayırdığı milyonları “Təmiz Binəqədi” adı altında və digər sahələrə yönəldilməsi görüntüsünü yaratmaqla mənimsədiyi milyonlar bir yana, üstəlik sadə vətəndaşlara qənim kəsilməsi ciddi etirazlar yaradır.
Bu etirazlar daha çox Binəqədi rayonu ərazisindəki tikinti işləri ilə bağlıdır. Belə ki, uzun illər hələ Alı Qocayevin Binəqədinin icra başçısı olduğu, deputat Madər Musayevin yaxın qohumu, “Ağsaqqal” deyə mürciət etdiyi Elman Salmanovun Binəqədinin bələdiyyə sədri olduğu vaxtlarda (Zəruri qeyd: Elman Salmanovun və Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilovun adları “MTN işi” kimi tarixə düşən MTN generalı Akif Çovdarovun istintaq işində keçir və onların ayrı-ayrı epizodlar üzrə ifadələri də var) satılan ərazilərdə tikinti işinin aparılması üçün X.İsgəndərov çox yüksək məbləğ müəyyənləşdirib. Bu barədə Gunxeber.com-a müraciət edən vətəndaşlar bildirirlər ki, X.İsgəndərovun adamları həmin ərazilərdə birmərtəbəli ev tikintisi üçün 10, iki mərtəbəli ev tikintisi üçün isə azı 20 min manat istəyirlər. Əvvəllər bu iş daha rahatlıqla görülürdüsə, indi icra başçısı bu işi ən inandığı adamlara tapşırıb.
Məlumatda bildirilir ki, Binəqədidəki bina yanğını faciəsindən sonra həbsə alınan Binəqədi rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbovdan sonra X.İsgəndərovun ən inanılmış adamı indi bu vəzifəni tutan II dərəcəli dövlət qulluuqçusu statusunu daşıyan Elşad Rəhimov Qabil oğludur.
Məhz X.İsgəndərov rayon ərazisindəki qeyri-qanuni tikintilərə bu şəxsdən gələn cavablardan sonra razılıq verir.
Şikayətçilər bildirirlər ki, bir çox hallarda E.Rəhimova pul verərək özlərinə məxsus ərazidə tikinti aparmaq istəsələr də, buna əngəl törədilir. Bu isə onunla bağlıdır ki, E.Rəhimov bir çox hallarda bu işlərə görə alınan pulları icra başçısından gizlətməyə çalışır. Bu isə ciddi narazılıq yaradır.
Son vaxtlarda isə Binəqədi rayon İcra Hakimiyyəti qeyri-qanuni tikintilərlə bağlı köhnə qaydaları işə salıb. İddialara görə pul alınır və evlərin gecəykən tikilməsinə razılıq verilir və vaxt qoyulur. Məsələn, vətəndaş üç gecəyə evi tikib dərhal da içərisinə yığışmalıdır. Əks təqdirdə, necə deyərlər it də gedir, ip də.
Bu işdə isə E.Rəhimova əsas köməkliyi əvvəllər olduğu kimi icra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun rəhbəri Allahverdiyev Nicat Elman oğlu edir.
Qeyd edək ki, hələ bir müddət əvvəl mətbuatda gedən məlumatlarda X.İsgəndərovun Binəqədidəki “ev tikmə” və “ev yıxma” layihəsinin əsas iştirakçıları arasında da N.Allahverdiyevin adı keçirdi. Həmin vaxt mətbuat bu şəxsləri mütəşəkkül cinayətkar dəstə kimi xarakterizə edərək aşağıdakı adları sadalayırdı. Həmin yazılardan birindən sitat:
“Mütəşəkkil dəstəyə Orxan, Nicat, Zaur, Ramin, Fuad, Arif və başqa bir neçə nəfər daxildir. Həmin dəstəyə isə Xaləddin İsgəndərovun ailə sürücüsünün oğlu Orxan adlı şəxs başçılıq edir. Belə ki, dəstə Binəqədi rayonunda tikinti işlərinə bütün nəzarəti həyata keçirir. Binəqədidə heç kim Orxanın qeyri-rəsmi razılığı olmadan daşı-daş üstünə qoya bilməz. Orxan və dəstəsi açıq şəkildə Binəqədi rayonunun ərazisindəki qəsəbə və kəndlərdə terror küləyi əsdirirlər. Hər şeyin öz qiyməti var və qiymətlər bir qayda olaraq dəyişir. Ortalama olaraq isə bir mərtəbəli ev üçün 10 min manat, iki mərtəbəli ev üçün 20 min manat, mansard üçün 5 min manat alırlar. Şikayətçilər bildirirlər ki, mütəşəkkil dəstə bu vəsaiti almadan heç kimə tikinti aparmağa icazə vermirlər. Tikinti aparan şəxslərin isə evlərini başlarına yıxırlar.
Qəribə odur ki, həmin dəstə heç bir rəsmi funksiya daşımır, sadəcə icra başçısı Xaləddin İsgəndərovdan «külli-ixtiyar» aldıqlarını bildirirlər.Mütəşəkkil dəstəninin başçısı Orxan, Nicat adlı şəxslərin Biləcəri icra nüməayəndəsində, Arif və Fuadın Binəqədi kənd icra nümayəndəsində işlədiyi bildirilir. Qeyd edilir ki, Orxanadlı şəxs 99 HH 434 nömrəli “Niva” markalı avtomobili ilə gün ərzində öz dəstəsi ilə rayon ərazisini gəzərək tikinti aparan şəxslərin işini dayandıraraq “hesabını” almamış əl çəkmir.
Şikayətdə o da qeyd olunur ki, İcra başçısı Xaləddin İsgəndərov bu mütəşəkkil dəstənin hər birinə ayda 5 min manat verir. Bunu Orxan və Nicatın dəfələrlə çəkinmədən özlərinin söylədikləri bildirilir. Onların tək vəzifəsi isə «icazəsiz» tikinti aparan şəxslərdən «hesab» almaq, verməyənlərin evlərini isə başlarına yıxmaqdır.
Bildirilir ki, Orxan əslən Tərtər rayonundandır və o, hər zaman hamının içində uca səslə, «Xaləddin İsgəndərovun qucağında böyüdüyünü və buna görə heç kəsdən qorxmadığını» deyir. Şikayətdə o da qeyd olunur ki, adı çəkilən şəxslər gecə gündüz Binəqdi ərazisini polis müşayiəti ilə gəzirlər. Sadəcə polislər kənarda durur, ancaq dava-dalaş olduqda müdaxilə edirlər. Mütəşəkkil dəstənin ay ərzində Xaləddin İsgəndərova 500 – 600 min manat arası vəsait verdiyi deyilir.
Bildirək ki, Binəqədi rayonunda Xaləddin İsgəndərovun adı və tapşırığı ilə tikintiyə icazə verməklə vətəndaşlardan qanunsuz hesab yığan bu şəbəkə ilə bağlı araşdırmamız davam edir və yaxın günlərdə daha təfərrüatlı məlumatlar verəcəyik. Bizi izləməkdə davam edin”.
Bu məsələ ilə bağlı prezident İlham Əliyevə ünvanlanan və redaksiyamıza göndərilən məlumatda bildirilir ki, Binəqədidəki qanunsuz torpaq alveri işində əsas adamlardan biri də “ASAN Xidmət” rəhbəri İnam Kərimovun doğma xalası oğlu, vaxtilə Binəqədi bələdiyyəsində memar olan, indi isə Xocahəsən bələdiyyəsinin sədri vəzifəsini tutan Anar adlı şəxsdir. Məhz bu şəxsin vaxtilə çəkdiyi və təsdiq etdiyi cizgilərlə Binəqədi ərazisində yüzlərlə hektar qanunsuz torpaq satışı həyata keçirilib. Burdan əldə olunan gəlirlər isə Binəqədi Bələdiyyəsinin sədri olmuş Elman Salmanov, Anar və başqa yüksək vəzifəli şəxslərin adından istifadə edən dələduzlar arasında bölüşdürülüb. Ən dəhşətlisi isə odur ki, bu dəstə prezidentə ən yaxın olan bir generalın da adından istifadə edib.
Hətta məlumatda iddia olunur ki, E.Salmanovun o zaman pul o qədər gözünü örtüb ki, prezident İlham Əliyevin belə açılışında iştirak etdiyi Binəqədi Olimpiya Kompleksinin də ərazisini əslən Naxçıvandan olan bir icra başçısının qardaşına satıb.
E.Salmanovun bu qədər cürətkar olduğu xeyli təəccüblü görünür. Bəlkə də, onu bu işlərdə ətrafındakıların hələlik adını açıqlamadığımız generalın adından istifadə etmələri ürəkləndirib. Məlumatda qeyd olunur ki, bu şəxslər ölkə miqyasında özlərini həmin generalın yaxın qohumları kimi təqdim etməklə hazırda çox böyük var-dövlət sahibidirlər.
Bu haqda daha ətraflı başqa yazılarımızda bəhs edəcəyik.
Qeyd edək ki, Binəqədidəki torpaq maxinasiyalarına görə hazırda bir neçə nəfər həbsdədir. Onların bəziləri isə bu cür proseslərdə yalnız sürücü, fəhlə kimi iştirak ediblər. Ancaq bu gün bu torpaq dəllalarının qurbanları kimi həyata dəmir barmaqlıqlar arxasından baxırlar.
Qeyd edək ki, əməkdaşımız həmin qurbanlardan bir neçəsi ilə əlaqə saxlaya bilib. Onlar tezliklə faktiki olaraq Binəqədi ərazisinin kimlər tərəfindən işğal olunması, E.Salmanovun hər axşam Nabrandakı otellərdən birinin hovuzundan tam çıxmadan sənədlərə necə möhür vuraraq, pulları kimlərə saydırması haqda açıqlama verəcəklərini bildiriblər.
Həmin iddialarda ilkin olaraq o da qeyd olunur ki, E.Salmanov dəfələrlə Akif Çovdarovun adından onunla işləyən şəxslərdən xeyli pul alıb.
E.Salmanov həmin şəxslərə fikrini təxminən belə çatdırıb: “Akif Çovdarov izimə düşüb, mənim vəziyyətim pisdir. Mən getsəm, siz də gedəcəksiniz. Vəziyyətdən bir yerdə çıxmalıyıq. Bu dəfəki daş yaman ağırdır, hər kəs əlini daşın altına qoysun”.
Sabiq bələdiyyə sədrinin bu sözlərindən sonra hadisələrin necə inkişaf etdiyini təsəvvür etmək o qədər də çətin deyil.
Məlumatda o da bildirilir ki, vəziyyətin getdikcə qəlizləşdiyini görən E.Salmanov həbsdən yaınmaq üçün Binəqdinin o zamankı prokuroru Mirələkbər Syidova müraciət edib.
Prokuror isə ona bir müddət Ruhi-Əsəb Dispanserində qeydiyyatda olmağı məsləhət görüb.
Bütün bunları danışan mənbə Binəqədidə indi bu oyunların X.İsgəndərov və E.Rəhimovun başçılığı ilə davam etdiyini bildirib.olkexeber.az
Ana Səhifə Gündəm Binəqədidə dövlətdən oğurlanan milyonlar: Xaləddin İsgəndərov, Elşad Rəhimov, Elman Salmanov… – Prezidentə...