Xatırladaq ki, keçən yazılarımızda 365info olaraq MTN-çi rəis Anar Məhərrəmovun rusiyalı iş adamı Rəfail Hümmətovun başına gətirdiyi zülmlərdən bəhs etmişdik.

Qeyd edək ki, başına gətirilənlərlə bağlı iş adamı Baş prokuror Zakir Qaralova 6 dəfə şikayət ərizəsi yazıb, həmçinin ölkə başçısına da müraciət etmişdir. “A.Məhərrəmovun məndən zorla aldığı pulları qaytarmasını tələb etməyimi kənddə hamı bilirdi. Hətta bəziləri öz “xidmətləri”ni də təklif edirdilər. Onlardan biri də Şəfayət Məmmədəliyev idi. O, mənə deyirdi ki, neçə vaxtdır ki, öz atasının qisasını A. Məhərrəmovdan almaq istəyi ilə alışıb-yanır. O məni öz əsgərlik yoldaşı və kirvəsi olan Şükürov Altay ilə tanış edəcəyini bildirir və mənə A.Məhərrəmovla mübarizədə Altayın köməyindən istifadə edəcəklərini söyləyir. Altayın kim olduğunu soruşanda, o Altayın Xirdalanda yerləşən DİN-in Baş DYPİ-də rəis olaraq 402-ci otaqda oturduğunu bildirir .

Beləliklə, o məni razı salıb Bakıya gətizdirir və Xırdalanda yerləşən Baş DYPİ-nin qarşısında məni Şükürovla tanış edir. Oktyabrın 2-də isə o məni yenə də Xırdalanda Baş DYPİ-nin yanındakı kafeyə aparıb Ziya Əzizli və Ziyanın atası Həzi ilə tanış edir, Ziyanı A. Şükürovun ”bacısı oğlu və vəkil” kimi təqdim edərək mənim hesabıma yeyib-içmək təşkil edirlər. Başıma gələnlər haqda danışıqlarıma “diqqətlə” qulaq asan Z.Əzizli və atası Həzi problemi həll etməyə söz verirlər.

Elə həmin gün Baş DYPİ-nin ərazisində yerləşən 48 №-li notariusda mən Z.Əzizliyə etibarnamə və sonradan cəmi “üst-üstə 3600 manat” pul verdim. Ona görə “üst-üstə” ki, o elə məndən kafedə “hökumət sənədləri düzəltmək” adı altında 450, “sənəd dəyişmək” üçün 200, arayış-sorğu və sairəyə bir neçə dəfə 100,50,75 manat miqdarında pul alır. “Xırda” pulların alınmasında iştirak edən Şəfayət mənim “qayğıma qalaraq”, “iş üçün mənsiz heç kimə 1 manat da vermə” deyə tapşırır, məni bir an belə özündən kənara buraxmamağa çalışır. Lakin, Ziya Əzizli məni Şəfayətin nəzarətindən “oğurlayaraq”, təcili lazım olduğuna görə məndən özünün “vəkillik haqqı” üçün 2.000 manat pul alır.

O biri tərəfdən isə, mənim tam etibarımı qazandığına arxayınlaşan Ş.Məmmədəliyev arada özü də, “qaz vurub qazan doldurmaq” istəyir və məndən “vacib bir iş üçün borc” istəyir, lakin ondan “pulum qalmayıb” cavabını aldıqda, “heç olmasa 1.000 dollar düzəlt” deyir.

Sonrakı gün, mənə deyirlər ki, guya A.Şükürov bu məsələni yuxarılara məruzə edib, məsləhət görülüb ki, təcili onun işi ilə bağlı Şəmkir məhkəməsinə ərizə vermək lazımdır. Z.Əzizli hazırladığı ərizəni mənə oxumadan, məzmunu ilə tanış etmədən mənə imzalatdırır. Ərizə latın əlifbası ilə yazıldığından mən onu oxuya bilmədim,amma Şəfayətin təkidi ilə ərizəni imzaladım .

Bir neçə gündən sonra “Z.Əzizli məni Bakıya çağırır və deyir ki, “məhkəməyə tapşırılıb, hər şey sənin xeyrinədir, amma bir şərt var ki, tələb edilən pulun 5%-ini,yəni 7.500 dolları Şəmkir Rayon Məhkəməsinin sədri Könül Məmmədova verməlisən”.

Daha sonra Z.Əzizli mənə bərk-bərk tapşırır ki, “7.500 dolları verdiyini heç kim bilməsin haaa, nə Şəfayət, nə də mənim atam Həzi və dayım Altay Şükürov”.Onun bu sözləri məndə şübhə yaratsa da, özümü o yerə qoymayıb bir cavab vermədim. Ş.Məmmədəliyev məni Ş.Altayla Baş DYPİ-nin binasına bitişik kafedə görüşdürür. O mənə deyir ki, “bu kafedəki kabinet Altayın kabinetidir, bu kabinetdə ancaq Altay və bir də mən oturub çörək yeyirik. Bizdən başqa bu kabinetdə heç kim otura bilməz”. Sonra Məmmədəliyev məni Z.Əzizliylə yenə də həmin kafedə görüşdürür. Z.Əzizliyə baxıb gördüm ki, bu uşağın ağzından hələ süd iyi gəlir,bu mənə nə vəkillik edəcək…

Ancaq Ş.Məmmədəliyev məni inandırmağa çalışdı ki, bu işlərin hamısını A.Şükürov yuxarılarla razılaşdırıb. Və Z.Əzizli sadəcə Altay Şükürovun dediyi ilə gedib məni məhkəmədə təmsil edəcək. Amma mən gec də olsa anladım ki, 6 dəfə Baş prokurora şikayət ərizələri göndərməyimdən narahat olan Anar Məhərrəmov, Şəfayətin vasitəsilə, Şəfayət isə kirvəsi-dostu Altayın və onun “bacısıoğlu-vəkil” Ziya Əzizli ilə bu oyunu quraraq məni Şəmkir məhkəməsinə yönəltməklə, lazımi yerlərə şikayət etməkdən yayındırmaq, yəni işin əsas məğzindən uzaqlaşdırmaq istəyirlər.

Onların məqsədini başa düşəndən sonra bu yaxınlarda ona zəng edib dedim ki, mənim pulumu qaytar, o uşaq isə mənə cavab verərək dedi ki, “əə davay sağ ol ,sənin pulunu hökümətə keçirmişəm”,- Rəfail Hümmətov ona qarşı edilənləri belə nəql edib.

Dünən isə DİN-in Baş DYPİ-nin 402-ci otağının “rəisi” Altay Şükürovun bacısı oğlu Ziya Əzizli 365info saytı ilə telefon əlaqəsi qurub.

Baş redaktor Anar Asimoğlu Bakıda olmadığı üçün telefonun dəstəyini baş redaktorun köməkçisi Vüqar qaldırıb. Z.Əzizli telefon vasitəsilə 365info saytının kollektivini onun barəsində yazı dərc olunduğuna görə təhdid edib, onun haqda yazan jurnalist və xəbərin dərc olunduğu saytlarla bağlı prokurorluğa və polis orqanlarına müraciət edəcəyini bildirib.

Bundan başqa hüquqlarından və qanunlardan danışan Z.Əzizli Rəfail Hümmətovun ona böhtan atdığını deyərək,ona və 365info saytına qarşı özü heç bir sübutu olmadan ittihamlar səsləndirib.

Halbuki, onun yazıya münasibət bildirməyə,yazılanları təkzib etməyə imkanı olub və buna hüququ var.Və əgər o bunu etsəydi sayt onun mövqeyini dərc edərdi.

Bundan başqa biz mətbu orqan olaraq vətəndaşın müraciəti əsasında yazını dərc etmişik və obyektivliyi qorumuşuq. “Gəlib mənə şəxsən müraciət etdi ki,”istəmirəm daha işi məhkəmə qaydasında davam edim. Görürəm ki,mənim işim uzanır” və bildirdi ki,məhkəmə yolu ilə pulunu ala bilməyəcəyini düşünür. Dedi ki,prosesi dayandır və bununla bağlı ərizə yazım. Ancaq onun özü qol çəkdiyi iddia ərizəsi var.Mən dedim ki,iş artıq məhkəməyə gedib.Prosesə 10 gün qalmış işin yarısında deyir ki,mən məhkəmə işini dayandırıram.Mən də ona başa saldım ki,məsələni yalnız məhkəmə müstəvisində həll etmək olar və əgər o birtərəfli qaydada müqaviləni pozursa bu halda pul da qaytarılmır”,-Z.Əzizli bildirib.

Hüquq şirkəti olduğunu deyən Ziya Əzizli özünü haqlı çıxararaq tam hüquq çərçivəsində hərəkət etdiyini, pulunu geri istəyən Rəfail Hümmətovun isə yalan dedyini , əlində hüquqi xidmət müqavilələrinin, müvafiq sənədlərin , kassa-mədaxillə bağlı bütün çeklərin olduğunu və hüquqlarını qoruduğu şəxsin müqavilənin birtərəfli ,vaxtından əvvəl pozduğunu əsas gətirərək ona pulu qaytarmayacağını çatdırır. Amma işin mahiyyətində daha əsas məsələ ,Rəfail Hümmətovun səsləndirdiyi fırıldaqçılıq ittihamı məsələsi durur.

365info saytının əməkdaşları baş redaktor Anar Asimoğlu ilə əlaqə saxlayıblar və ondan Z. Əzizlinin dediklərini şərh etməyi xahiş ediblər. Ziya Əzilinin 365info saytına etdiyi telefon zəngini, baş redaktor Anar Asimoğlu bizə belə şərh etdi: “Görünür Altay Şükürov təşvişə düşdüyü üçün, özü yox, bacısı oğlu Ziya Əzizli vasitəsi ilə jurnalistləri təhdid etmək istəyir ki,mətbuatda onun barəsində gedən yazılar dayandırılsın. Mən yenə də təkrar etmək istəyirəm ki, Altay Şükürov polis mayoru olduğu üçün, onun barəsində DİN-in rəhbərliyinə şikayət olunub. Və bu günlərdə Altay Şükürov barəsində xidməti yoxlama başladığı üçün o Ziya Əzizli adlı ,özünü “vəkil” adlandıran bacısı oğlunu qabağa verib ki, onun əliylə jurnalistlərə təzyiq göstərsin. Ancaq mən yenə də zərərçəkmiş Rəfail Hümmətovun sözlərini təkrar etmək istəyirəm.

Rəfail Hümmətov bildirib ki:”Ziya Əzizliyə pulu onun dayısı, polis mayoru, DİN-in Baş DYPİ-nin 402-ci otağının “rəisi” Altay Şükürova görə vermişəm. Mən Altay Şükürovun vasitəsi ilə onun bacısı oğlu Ziya Əzizliyə 3600 manat pulu ona görə vermişəm ki, Altay Şükürov işlədiyi idarəyə mənim yerlim, hörmətli general -mayor Ramiz Zeynalov rəhbərlik edir. Yoxsa ki, Altay DYP-nin əməkdaşı olmasaydı və onun özünə və yaxud da bacısı oğlu Z.Əzizliyə qalsaydı mən heç onlara bir qara qəpik də verməzdim. Onlar əvvəlcədən bilirdilər ki, mən tovuzluyam və məni Altay işlədiyi idarənin qabağına gətirsələr, mən öz yerlimə görə nə desələr verəcəm. Onlar mənim psixologiyamla oynayaraq qəsdən məni DİN-in Baş DYPİ-nin qabağına gətizdirərək Altay Şükürovun oturub nahar etdiyi kafedə mənimlə görüşüblər. Həmin kafedə isə Baş DYPİ-nin şəxsi heyəti nahar edir”.

Şamil Həsənbəyli

 

Paylaş