Azərbaycanda məmurlar “yol canavarı”na çevriliblər; Hər həftə bir vəzifəli şəxs yaxud övladı avtomobillə piyadanın həyatına son qoymalıdır…

Təkcə noyabr və dekabr ayında iki belə fakt var – şəhid qızı Könül Əkbərova Xırdalanda zavod müdiri Akif Rəhimovun 17 yaşlı oğlu Rəhim Rəhimov tərəfindən vurularaq dünyasını dəyişir.

Bərdədə isə icra hakimiyyətində şöbə müdiri olan Zaur Bəylərov içkili halda törətdiyi qəza ilə taksi şoferi Elşad Quliyevin həyatına son qoyur, iki nəfər ağır yaralanır.

Olkexeber.Az-ın məlumatına görə, dekabrın ikinci yarısında məmurların “yol terroru” yenə davam edib.

Bu dəfə Gəncə şəhər Dövlət Yol Polisi idarəsinin rəisi Rəhim Zalov idarə etdiyi avtomobillə qəza törədib.

Hadisə Gəncə şəhər Heydər Əliyev prospektində, Mərkəzi Univermağın qarşısındakı işıqforda baş verib.

Bu barədə realliq.info yazıb ki, Gəncə şəhər DYP rəisi Rəhim Zalov qaydaları kobud şəkildə pozaraq, idarə etdiyi 20-YP-030 dövlət nişanlı avtomobillə işıqforun qırmızı işığında hərəkət edib.

Bu zaman piyada zolağında yolu keçmək istəyən yeniyetmə qızın üzərindən keçib.

Hadisə şahidləri bildirib ki, təxminən 20-22 yaşlarından olan qız qəza zamanı polis rəisinin avtomobilinin altında sürüklənib.

Qəzadan dərhal sonra təxminən 20-nəfərə yaxın şəxs Gəncə DYP-yə məxsus BMW markalı avtomobili yuxarı qaldıraraq, qızı altından çıxarıblar.

Qızı avtomobilin altından çıxarandan sonra Yol polisinin avtomobili ilə hadisə yerindən aparılıb.

R.Zalov hadisəni ört-basdır etmək üçün xəsarət yetirdiyi qızı şəhərin Mərkəzi Xəstəxanasına aparıb. Xəstəxanada xəsarət alan vətəndaş qeydiyyata alınmadan müayinə olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Mərkəzi Xəstəxanadan Realliq.org-a bildiriblər ki, xəstəxananın əməkdaşı olan xanım avtoqəza nəticəsində xəsarət alıb.

İlkin müayinədən sonra reanimasiyaya yerləşdirilib. Lakin hadisənin Yol Polisi rəisinin törətdiyi barədə məlumatsız olduğu bildirilib.

Məhz Rəhim Zalovun şəhərin Mərkəzi Xəstəxanasının rəhbərliyi ilə isti münasibəti onun hadisəni ört-basdır etməyə yardım edib.

Deyilənlərə görə, sonu «220» ilə bitən avtomobil nömrələrinin əksəriyyəti Rəhim Zalova, onun yaxın adamlarına və qohumlarına məxsusdur.
Gəncə DYP-nin rəisi son illər ərzində özünə əməlli-başlı sərvət toplamağa müvəffəq olub.

Hazırda Gəncə şəhərində yerləşən «Aura» çay evi Rəhim Zalova məxsusdur. Saytların yazdığına görə, onun Gəncə və Bakı şəhərlərində bir neçə mənzili, bağ evi, villası, ticarət obyektləri də mövcuddur.

Olkexeber.Az xəbər verir ki, DYP rəisi dəfələrlə qəzalar törətməklə yadda qalıb. Bir müddət öncə Gədəbəydən şəhərə gələn rəisin bir həkimin həyatına son qoyduğu medianın diqqətini çəkmişdi.

Hətta ötən il Rəhim Zalov avtoxuliqnalıq edən oğlu Ramin Zalovu həbs etdirib. Polis rəisi dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq oğlu öz əməlindən əl çəkməyib.

Məlumata görə, 20 DL 220 dövlət nömrə nişanlı “Niva” markalı maşınıyla avtoşluq edən Ramin Zalov elə atası tərəfindən saxlanılıb.
Sonra isə Gəncə Şəhər Məhkəməsinə aparılıb və orada haqqında 7 sutkalıq həbs qəti-imkan tədbiri seçilib.

DYP rəisinin oğlu “Niva” markalı maşınıyla avtoşluq edərkən dövlət nömrə nişanından deyil, saxta tranzit nömrədən istifadə edirmiş.

Məlum olub ki, rəis oğlunun istifadə etdiyi saxta nömrə 2014-cü ilə aid olan tranzit nömrə olub.

Halbuki tranzit nömrələr qısa müddət üçün verilir və “Niva” maşını isə Ramin Zalov tərəfindən 2015-ci ildə alınıb.

Amma görünür ki, oğul atasına çəkib. DYP rəisi işıqforu qırmızıda keçməklə və bir nəfərin vurmaqla ondan geri qalmadığını nümayiş etdirib.

Artıq bir neçə ildir ki, şəhərin Dövlət Yol Polisi şöbəsinə rəhbərlik edən Rəhim Zalovun şəxsi maraqlarına xidmət edən idarəetmə sistemi ciddi problemlərin yaranmasına səbəb olub.

Gəncəlilərin müraciətlərində yer alan faktlara diqqət edəndə məlum olur ki, Rəhim Zalov şəhərdə insanların sərbəst maşın idarə etmələrinə böyük əngəl törədir. Sadə taksi sürücüləri rəisin adamlarına “hörmət” etməsələr çörək pulu qazana bilməzlər.

Şəhərin restoran və digər bu kimi iaşə obyeklərinin sahibləri də ayda rəisin qəbulunda olmalıdırlar.

Yoxsa, Rəhim Zalov şadlıq sarayları və restoranların qarşısında yol polisi nəfərlərindən keçilməz sədd yaradır.

Amma rəisə yaxşı hörmət edənlər restoranın müştərisi kimi şəhərin yollarında içkili və yol hərəkəti qaydalarını istədikləri formada poza bilərlər.
Gəncədə qanunsuz fəaliyyəti ilə dollara olan sevgisini açıq ifadə edən rəis özünə “Dollar Rəhim” ləqəbini də qazanıb.

Şəhərin yol polisi şefinin özbaşınalığı nəticəsində yaranmış narazılıqlar isə nəticə vermir.

İllər öncə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (DYP) rəisi Rafiq Məmmədov tutduğu vəzifədən azad olunmuşdu və onun yerinə əvvəllər Şəmkir rayonunun yol polisi rəisi işləyən polkovnik-leytenant Rəhim Zalov təyin olunmuşdu.

Həmin dəyişiklik nəticə etibarilə Gəncədə avtonəqliyyat işinin daha səmərəli təşkilinə yeni ümidlər yaratmışdı. Amma deyəsən əksi oldu. Mövzunu diqqətdə saxlayacağıq.

Paylaş