Azərbaycanda sahibkarlığın inkişafına xərclənən milyonlarla dövlət vəsaitinin məmurlarla iş adamlarının əlbir olaraq talan etdikləri haqqında ötən saylarımızda məlumat vermişdik
Bu gün ölkədə baş verən inflyasiyanın, iqtisadi tənəzzülün, dövlət büdcəsinin azalmasının bir səbəbi də respublika ərazisində milyonlarla dövlət krediti hesabına ərsəyə gələn müəssisələrin lahiyəsi və tikintisi zamanı yol verilən maxinasiyalardır. Həm lahiyə və tikintisi zamanı həm də sonrakı fəaliyyətində ciddi şübhələr doğuran dövlət krediti hesabına inşa edilmış müəssisələrdən biri də Qarabağ Aqrar Sənaye Kompleksidir. Bu müəssisə “Sahibkarlığa Kömək Milli Fondu”nun 32 milyon manatlıq (kohnə ekvivalentlə 40 milyon dollar) güzəştli krediti hesabına başa gəlib.
Ötən il istifadəyə verilmiş Qarabağ Aqrar Sənaye Parkının tərkibində 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavodunun olması ehtimal olunurdu.
Müəssisə istifadəyə verilən zaman yayılan rəsmi məlumatda vurğulanırdı ki, Qarabağ Aqrar Sənaye Parkında 300 nəfər daimi iş yeri ilə təmin olunacaq. Amma proses göstərdi ki, bütün bunlar sadəcə məlumat xatirinə yayılıb…
Əslində çox böyük dövlət proyektlərindən biri olan “Qarabağ Aqrar Sənaye Kompleksi”nin tikintisinın planlaşdırılması zamanı gələcəkdə tikiləcək kompleksin ərazi seçimində ciddi hüquq pozuntusuna yol verildiyi aydın görünür. 4200 başlıq (və gələcəkdə bu sayın artırılması mütləq nəzərdə tutulub) hevandarlıq kompleksinin qeyri-münasib ərazidə yaradılmasında maliyyə riskinin nəzərə alınmaması isə baş vermiş korrupsiyanın miqyasının daha böyük olduğundan xəbər verir. Bu kompleksin yaradılmasında dövlətin məqsədi iqtisadi inkişafı sürətləndirmək və yeni iş yerlərinin açılmağı olsa da təəssüf ki, bəlli səbəblərdən uğur əldə olunmadı. Rayonda maldarlığın ən inkişaf etmiş zonası sayılan 1500-ə yaxın təsərrüfatı olan Mehdili kəndinin 35 hektarlıq ümumi otlaq sahəsi kənd camaatının razılığı olmadan onlardan alınaraq kompleksin tikintisinə verildi. Əvəzində isə kənd sakinlərinə heç bir kompensasiya ödənilmədi.
Daxil olan məlumata görə, kəndin otlaq sahəsinin kompleksin tikintisinə verildiyi zaman sənədləşmə işlərində bu torpaq sahəsi şəxsi insanların adlarına sənədləşdirilərək sonradan onlardan alqı-satqı müqavilələri ilə alınmışdır. Məlumata görə, ümumilikdə 35 hektarlıq torpağa 3 milyon manata yaxın “pul ödənilmişdir”.
Bildirilir ki, dövlətin iri həcmdə kapital yatırdığı “Qarabağ Aqrar Sənaye Kompleksi”i əslində keçmiş SSRİ-də maldarlığın ən yüksək dinamika ilə inkişaf etdiyi rayonun digər ərazisində “Xamtorpaq”da tikilməliymiş. Sadəcə bu plan bir qrup insanın şəxsi mənfəətlərinə görə qəbul olunmayıb.
Qeyd edək ki, Kür çayının sağ sahilində on min hektarlarla məhsuldar ərazisi olan “Xamtorpaq” heyvandarlığın inkişafı üçün çox əlverişli zonadır. Burada heyvandarlığın inkişafı üçün əsas şərtlərdən olan bol şirin su və böyük meşə zolağı var. “Qarabağ Aqrar Sənaye Kompleksi”nin tikintisi üçün dövlət balansında olan bu cür geniş ideal zonanın yox Mehdili kəndinin otlaq sahəsinin seçilməyi ciddi mütəxxəssis səhvi olmaqla yanaşı həm də iqtisadi cinayətdir. Görünür bu proyektə imza atan şəxsləri dövlətin milyonlarının gələcək taleyi yox indiki məqamda etdikləri maxinasiyalar hesabına əldə etdikləri vacib olub.
Müəssisədə vəziyyət indi necədir?
Azərbaycanda ət və süd məhsullarının bolluğunun yaranması məqsədi ilə 2009-cu ildən ölkəyə Almaniya, Fransa və Avstriyadan cins inəklər gətirilir. Qarabağ Aqrar Sənaye Kompleksi də bu cür sort heyvanların saxlandığı müəssisələrdəndir. Bu kompleksdə məlumata görə, əsasən Fransadan gətirilən “Şarole” və “Holşteyn Friz” cins inəkləri bəslənilir. Böyük həcmdə dövlət vəsaiti hesabına gətirilən bu heyvanların arasında ciddi tələfat faktlarının olduğu da deyilir. Səbəb isə kifayət qədər aydındır. İlk səbəb budur ki, “Qarabağ Aqrar Sənaye Kompleksi” bu cür cins inəklərin saxlanılması üçün əlverişli məkanda yerləşmir. Belə ki, adıçəkilən cins inəklər kompleksdə ancaq qapalı şəraitdə saxlanılırlar. Əslində isə bu cins inəklər ana vətənləri Fransada olduğu kimi gün ərzində (xüsusən sərin vaxtlarda) 6-8 saat təbiət qoynunda gəzərək təbii qida qəbul etməlidir. İstifadəyə verilən zaman məlumatlarda iddia olunduğu kimi 4200 baş iribuynuzlu cins inəklərin saxlandığı, ümumi ərazisi 35 hektar olan “Qarabağ Aqrar Sənaye Kompleksi”ndə isə sadəcə bu mümkün deyil. Bu müəssisədə saxlanılan hər bir baş heyvana 83.5 kvadratmetrdən də az yer düşür. Bütün sadaladığımız faktlardan sonra belə qənaətə gəlmək olur ki, dövlətin maddi dəstəyi hesabına yaradılan “Qarabağ Aqrar Sənaye Kompleksi”ndə əsas məqsəd sadəcə bir qrup adamın dövlətin ayırdığı külli miqdarda vəsaiti müxtəlif yollarla talamaq olub.
Kompleksin baytarı yoxdur…
Onu da nəzərinizə çatdıraq ki, “Qarabağ Aqrar Sənaye Kompleksi”ndə saxlanılan heyvanların kütləvi formada tələf olmalarını bir səbəbi də burada daimi ixtisaslı baytarın olmamasıdır. Məlumata görə, 4200 başlıq kompleksdə son zamanlar bir feldşer işə qəbul olunub ki, bu da bütün heyvanların sağlamlıq durumunun nəzarət altında saxlanılması üçün sadəcə fiziki olaraq mümkün deyil.
Verilən məlumata görə, kompleksin indiki vəziyyətindən əlaqədar nazirliklər – İqtisadi İnkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ciddi narahatdır. Kənd təsərrüfatı naziri Heydər Əsədovun kompleksə səfəri zamanı ümumi vəziyyətdən narazı qalması isə Bərdə RİH-nin başçısı Vidadi İsayevin və kompleksin direktoru Vahid Rzayevin sonunun heç də yaxşı olmayacağına işarədir.
Məlumata görə, Bərdəyə səfəri zamanı “Qarabağ Aqrar Sənaye Kompleksi”nin inkişafı birmənalı olaraq yerləşdiyi ərazisinə görə mümkün olmadığı Kənd Təsərrüfatı nazirliyinin mütəxəssisləri tərəfindən Heydər Əsədova məruzə olunub. Bu məruzədən sonra Heydər Əsədov kompleks barədə həqiqətləri- burada dövlətin milyonlarının konkret havaya sovrulduğunu Nazirlər Kabinetinə çatdıracağını rayon İH-nin başçısı Vidadi İsayevə deyib.
Xatırladaq ki, Heydər Əsədov Kənd Təsərrüfatı naziri təyin edildikdən sonra Bərdə rayonunun “Xamtorpaq” adlanan ərazisində Qarabağ Atçılıq Kompleksi yaradılır. Bu kompleksin məhz “Xamtorpaq”a inşa edilməsi bir daha “Qarabağ Aqrar Sənaye Kompleksi”nin tikintisinin düzgün yerdə aparılmamasını bir daha aydın əks etdirir.
Qeyd edək ki, 1992-ci ildə əsası qoyulan sahibkarlığa, o cümlədən kiçik və orta biznesə Dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumu – “Sahibkarlığa Kömək Milli Fondu” Respublikada sahibkarlığın dirçəldilməsi ilə bağlı bir sıra addımlar atıb.
2002-ci ildə “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları”nın təsdiq edilməsi ilə fondun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizminin yenidən qurulması bu maliyyə qurumunun inkişafına böyük ümidlər yaradıb.
2009-cu ildə ölkə başçısı İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nda yenidən dəyişikliklər edildi. Fərmana əsasən Fondun kiçik, orta və böyük həcmdə verdiyi kreditlərin miqdarı və zamanı artırılıb.
Bu fərman qeyri-neft sektorunun dirçəldilməsi məqsədilə verilmişdi. Məhz bundan sonra ölkədə Fondun dəstəyi ilə yüzlərlə fermer təsərrüfatları, sənaye kompleksləri – fabriklər yarandı. Ancaq bütün bunlarla yanaş, “Sahibkarlığa Kömək Milli Fondu”nun fəaliyyəti haqqında yerli mətbuatda zaman-zaman ilginc məlumatlar yayılıb. Bu məlumatlarda isə bir çox hallarda ciddi sual doğuracaq məqamlara toxunulub. Belə ki, Fondun verdiyi güzəştli kreditlər ayrı-ayrı müəssisələr tərəfindən mənimsənilib və ya düzgün xərclənməyib. Bu da əsasən regionlarda mövcud olan müəssisələrdə özbaşınalıq və nəzarətsizlikdən qaynaqlanıb.
Qeyd edək ki, Aqrar Sənaye Kompleksinin direktoru Vahid Rzayevdir.
Yazıdakı iddialarla bağlı sözügedən qurumların və şəxslərin də mövqeyini dərc etməyə hazırıq. (azsiam.info)