Dekabrın 22-si, səhər saatlarında Astarada su çəkilişində iştirak edən bir qrup fəhlə etiraz aksiyası keçirib

Palitika.Az xatırladır ki, fəhlələr Astara şəhərinin ərazisində yerləşən «Relax» İstirahət Mərkəzin giriş və çıxış qapılarını bağlayıblar, nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Fəhlə Orxan Kazımov deyib ki, aylardır gördükləri işin pullarını ala bilmirlər: “Əsas təşkilat «Azərsu» ASC-dir. İşi «Kaspi Yıldız» götürüb. Bizi də «Kaspi Yıldız» işlədib. Bizlə müqavilə bağlanmayıb.

Günəmuzd işləmişik. Hər iş gününə görə bizə 15 manat pul verməlidirlər. «Kaspi Yıldız»ın da idarəsi «Relax»ın həyətində yerləşir. Məcbur olub yolu bağlamışıq”.

Əldə etdiyimiz xəbərə görə, “Kaspi Yıldız” da, “Relax” da Lerikin deputatı İqbal Məmmədova məxsusdur. Eyniadlı istirahət mərkəzi Lerikdə də var.

Başqa bir fəhlə isə deyib ki, bu barədə yerli icra orqanlarına da şikayət ediblər:

«İcra hakimiyyətinə getmişik, polis şöbəsinə getmişik.

Dedilər, ayın 15-də veriləcək, sonra dedilər, 20-si, indi deyirlər, 25-i, süründürürlər. Ondan əvvəl 2 ay almışıq. İndi 3 aydır pul vermirlər”.

Başqa briqadalar da var. Elə briqadalar var ki, ümumiyyətlə, heç nə almayıblar. Mühəndislər, ümumiyyətlə, pul almayıblar.

«Kaspi Yıldız»dan deyirlər ki, «Azərsu» ASC pulu köçürtmür. Tutaq ki, «Azərsu» ASC pulu köçürtmür, bizi nə üçün işlədirdilər? Deyilənə görə, «Azərsu» ASC 4 aydır pulu köçürtmür”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidməti ilə əlaqə saxladıq. Oradan bildiriblər ki, bu məsələnin onlara aidiyyəti yoxdur.

Palitika.Az-ın əldə etdiyimiz məlumata görə, “Kaspi Yıldız” şirkəti və “Relax” istirahət mərkəzi sahibi olan millət vəkili Lerikdə yüzlərlə hektar torpaq sahəsini öz nəzarətinə keçirərək təsərüfat qurub.

Rayonun icra başçısı Rövşən Bağırovla yaxın münasibətləri olan deputat Lerikin əksər gəlirli sahələrini öz nəzarətinə keçirib.

Deputatın qardaşı Çingiz Məmmədovun rəhbərlik etdiyi “Kaspi Yıldız” şirkətinin istehsal etdiyi yanğınsöndürmə qurğuları əslində illərdir ki, bütün ölkə boyu sahibkarlara məcburi şəkildə və fantastik qiymətlərlə satılır.

Bundan başqa dövlət qurumlarının, komitələrin və digər dövlət müəssəsələrinin binalarının əksəriyyətinin yanğınsöndürmə avadanlıqlarını məhz bu şirkət quraşdırıb

İ.Məmmədov “Relax” istirahət mərkəzinin inkişafı və biznesinin çiçəklənməsinə görə başı möhkəm qarışıqdır. Ona görə də parlamentdə nə zaman çıxış eləməsi heç özünün də yadına düşmür.

Şamaxının vəzifədən çıxarılan icra başçısı Asif Məmmədovun qardaşı olan deputatın seçicilərə qarşı hörmətsizlik etməsi barədə istər televiziya vasitələrində, istərsə də çap mediasında dəfələrlə məlumatlar gedib.

Bu qədər tələb və tənqidlərə baxmayaraq, deputat təmsil etdiyi dairənin seçiciləri ilə görüşlər keçirib onların sosial problemləri ilə ilgilənmir.

Lerik sakinləri bu şəxsi ancaq rayonda keçirilən rəsmi tədbirlər zamanı görə bilirlər. İndi də seçkiqabağı fəhlələri qul kimi işlədin pulunu vermirlər..

Paylaş