Tovuzun icra başçısı Tofiq Zeynalovun oğlu Qoşqar özünü və atasını ifşa edib
Palitika.Az-ın verdiyi məlumata görə, Q.Zeynalovun məhkəmədə 7 milyon verdiyini deməsi bu pulları hardan əldə etməsinə ciddi şübhələr yaradıb.
Bir rayon icra başçısının oğluna 7 milyon manatın olması araşdırmalar aparılmasına zərurət yaradır. Tovuzun icra başçısının oğlu 7 milyonu dostlarından tapdığını söyləyib.
Amma bu ifadəyə “bişmiş toyuğun gülməyi gələr”. İndiki zəmanədə heç bir kəs bu qədər maliyyəni məmur övladına verməz.
Bu da Q.Zeynalovun icra başçısı olan atasından həmin pulları aldığı ehtimalı yaradır. 7 milyon manata Tovuzu sosial problemlər məngənəsindən çıxarmaq olardı.
Amma biznes qurmaq istəyən məmur oğlunun tikəsi boğazında qalıb. Bir rayon rəhbərinin oğlunda 7 milyon varsa, bölgədə korrupsiyanın miqyasını təsəvvür eləmək olar.
Söhbət ondan gedir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclasında bu fakt açılıb.
Zərərçəkmiş şəxs qismində Tovuz icra başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalov ifadə verib.
R.Hüseynovla qohum olduqlarını deyən Q.Zeynalov bildirib ki, R.Hüseynov bir gün ona iş qurmağı təklif edib:
“Mənə dedi ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə yataq dəstləri lazımdır. Bunu da xaricdən gətirmək üçün pul lazımdır.
20 faiz qazancdan 10 faiz mənə çatacaqdı. Mən də dedim ki, hazırda məndə pul yoxdur, ancaq mən dostumdan alıb verərəm.
Bu yolla ona hissə-hissə 7 milyon manatdan çox pul vermişəm. Sonra bir hissəsini qaytardı. Hazırda mənə vurulan ziyan 3 milyon 925 min manat təşkil edir”.
R. Hüseynov isə deyib ki, Q.Zeynalova gələn gəlirdən 3 milyon 200 min manat pul verib.
Palitika.Az-a daxil olan məlumata görə, zərərçəkmiş qismində Q.Zeynalov ifadə versə də, həqiqi zərər çəkən tərəf onun atası olan Tovuzun icra başçısıdır.
T.Zeynalov rayonda indiyə qədər heç bir iş görməyib və büdcədən talanan pulları öz biznes işlərinə sərf edib.
Rayondakı bütün təmir-tikinti işləri də M.Həsənova məxsus “Qovlar Təmir Tikinti” MMC tərəfindən aparılır. Bu şirkətə köçürülən vəsaitlərin məbləği isə on milyonlarla ölçülür. Rayonun Maliyyə İdarəsinin rəisi Mübariz Salmanov da başçının dayısı oğludur.
Mediada səslənən iddialara görə, büdcə təşkilatlarına köçürülən vəsaitlərdən bir qayda olaraq, 13 faiz tutulur. Bunun 8 faizi icra başçısına ötürülür.
Başçının oğlu Qoşqar Zeynalov isə Bakı Dövlət Yol Polisi İdarəsində şöbə müdiri vəzifəsində çalışır.
Q.Zeynalov da öz növbəsində atasının, əmisinin və öz “bisnes”inin hesabına əsl oliqarx övladı kimi kef çəkir, səsi tez-tez dünyanın lüks otel və istirahət mərkəzlərindən gəlir.
T.Zeynalovun Bakıda da dəyəri milyonlarla ölçülən mənzil və mülkləri var ki, bunların bir çoxu kirayə verilib.
T.Zeynalovun vəzifəyə təyin etdiyi digər qohumların siyahısı:
– Mətləb Qasımov – baş mühasib, icra başçısının xalası qızının əridir.
– Mətanət Sarı qızı Musayeva – İcra Hakimiyyətində aparıcı mütəxəssis, icra başçısının qardaşı Fikrət Zeynalovun baldızı.
– Yaşar İbrahimov – rayon Telekommunikasiya qovşağının rəisi, icra başçısının əmisi qızının əri.
– Xaqani Cəbrayıl oğlu Əskərov – Rayonlararası Dövlət Avtomabil Müfəttişliyi birliyinin rəisi, icra başçısının bacısı oğlu.
– Aydın Qədir oğlu Qasımov – Rayon mədəniyyət və turizm şöhbəsinin müdiri, icra başçısının kürəkəninin dayısı.
– Hüsaməddin Şəmşəd oğlu Mirzəyev- Rayon qaz istismar idarəsinin rəisi, icra başçısının qaynı.
– Rəşid Həsənov- rayon memarlıq və tikinti şöbəsinin müdiri, icra başçısının əmisi qızınin əri.
– Elxan Əziz oğlu Əskərov – Rayon enerji satışı şöbəsinin rəisi, icra başçısının yaxın qohumu və s.
Qeyd edək ki, ittihama görə, R.Hüseynov külli miqdarda dələduzluqda təqsirləndirilir. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
R. Hüseynovun digər qardaşı Emil Hüseynov barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Özü isə bu işləri Arif Əsgərovun oğlu Eynar Əsgərovun göstərişləri ilə etdiyini bildirib.