Ötən ilin sonunda iki nəfərin əməliyyat zamanı öldüyü “Grand hospital”ın və onun “əkiz”i sayılan “Avrasiya” klinikasının arxasından MTN polkovniki çıxıb.
Palitika.Az-a verilən məlumata görə, hər iki klinikaya nəzarət ATU-nun Tədris Cərahiyyə Klinikasının keçmiş baş həkimi Asiman Həsənova həvalə olunub.
A.Həsənov isə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Kadrlar Baş İdarəsinin rəis müavini, polkovnik Tehran Babatovun yaxın adamıdır.
MTN-nin ləğvindən sonra A.Həsənovun polkovniklə əlaqələri mediaya sızdı və KİV-lər tirajlamağa başladı. Bundan sonra o, ATU-nun Tədris Cərahiyyə Klinikasının baş həkimi vəzifəsindən azad olundu.
Ancaq A.Həsənov havada qalmadı. T.Babatov MTN-dən sonra vəzifəsini itirsə də, klinikaları əldən vermədi və onları yaxın silahdaşına həvalə etdi.
Hazırda bir çox klinikalar, o cümlədən Grand Hospital, Medical Plaza, Azərtürk Med Hospital və Laçın Klinikası bir başa Asiman Həsənovun nəzarətindədir.
Həmin klinikalarda isə Asiman Həsənovun şəbəkələşmiş həkimləri fəaliyyət göstərməkdədir.
Beləcə, “Avrasiya” daxil olmaqla hələ bəlli olan azı 5 klinika T.Babatovun nəzarətindədir. A.Həsənov da onları idarə edir.
Ümumiyyətlə, A.Həsənovun iş prinsipi belədir ki, yetişdirdiyi komandasını hansı səhiyyə ocağına işləməyə gedirsə, özü ilə aparır.
Palitika.Az media üzərindən xəbər verir ki, E.Mahmudovun dövründə (2004 – 2015-ci illər), nazirliyin “kassir”i kimi tanınan Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatov tərəfindən bütün alver məsələləri həyata keçirilib.
O, işəgötürmə və MTN-in Heydər Əliyev adına Akademiyasına qəbul zamanı tələb olunan rüşvətin məbləği müəyyənləşdirilir və bu hallar şəxsən özü tərəfindən nümayişkaranə formada bildirilirdi.
Belə ki, ilk dəfə işə qəbul edilən, birbaşa Nazirliyin özünə və ya Bakı qarnizonuna təyinat alan şəxslərdən 70.000 dollar, Bakı qarnizonundan kənarda yerləşən rayon strukturlarına qəbul edilən əməkdaşlardan isə 50.000 dollar rüşvət tələb edilirdi.
Həmçinin, Akademiyaya kursant qismində qəbul üçün 150.000 dollar, dinləyici kimi qəbula isə 30.000 dollar rüşvət tələb edilirdi.
Bütün rüşvətlər Tehran Babatov tərəfindən şəxsən alınır, rüşvət məbləğinin durmadan yüksəlməsinə də elə onun özü nəzarət edirdi. Eyni zamanda, fəaliyyət göstərən əməkdaşlardan nazirliyə və Bakı qarnizonuna təyinat yerinin dəyişdirilməsinə 40.000 dollar, Bakı qarnizonundan kənardakı digər rayon şöbələrinə təyinat yerinin dəyişdirilməsi üçün 15.000 dollar rüşvət tələb edilirdi.
Göstərilənlərlə yanaşı, Bakı qarnizonunda yerləşən rayon idarələrinə rəis heyətinə təyin edilmək üçün 500.000 dollar, Bakı qarnizonundan kənarda yerləşən şöbə və idarələrə isə 200.000 – 500.000 dollar civarında (həmin rayonun varlı və ya kasıb olması baxımından) rüşvət tələb edilirdi.
Tehran Babatov əvvəllər Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsində işləyib, yol verdiyi ciddi nöqsanlara və rüşvətxorluğa görə işdən azad edilib.
Lakin 2004-cü ildə MTN-ə Eldar Mahmudov tərəfindən gətirilərək Kadrlar Baş İdarəsinə şöbə rəisi vəzifəsinə təyin edilib.
Bu səbəbdən, 2005-ci ildən bu yana olan bütün kadr təyinatlarında varlı ailələrin övladlarının MTN-ə kütləvi axını başlayıb, nəticədə savadsız və bacarıqsız işçilər ordusu yaranıb.
Həmin kadrlar tərəfindən mütəmadi olaraq qanun pozuntularına, özbaşınalığa və səriştəsizliyə yol verilib, ölkə rəhbərliyindən həmin faktlar gizlədilib.
T.Babatov vəzifəsindən çıxarılsa da, həbs olunmadı. Görünür, onu dayaqları güclü olub…