????

Sumqayıt şəhəri  2-ci mk/rn, ev-16A/39, mənzil 31-də yaşayan Qarabağ müharibəsi veteranı Rüstəmov Seyfəddin Rüstəm oğlu Prezident, Ali Baş Komandan İlham Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, Baş Prokuror Zakir Qaralova, Müdafiə naziri Zakir Həsənova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova açıq müraciət edib.

Onun bir çox saytlara, o cümlədən Mia.az-a daxil olan məktubunun surətində deyilir ki, şikayəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin (SHXÇDX) Sumqayıt Şəhər İdarəsindəndir.

Belə ki, həqiqi hərbi xidmətə çağırışla əlaqədar 27.12.2017-ci ildə Sumqayıt şəhər 2 saylı poliklinikasında müayinə edilərkən qan azlığı və ürəyində qüsurlar aşkar edilən oğlu, 19.08.1999-cu il təvəllüdlü, Rüstəmzadə Xəzər Seyfəddin oğlunu təkrarən müayinədən k eçməsi üçün öz nümayəndələrinin iştirakı ilə yenidən həmin poliklinaya göndərilib:

“Təkrar müayinə zamanı oğlumda qan azlığı və ürəyindəki qüsur bir daha təsdiqini tapsa da müayinənin nəticəsini mənə təqdim edilmədi. Həkim komissiyasının rəyi ilə tanış olmaq üçün SHXÇDX-nin Sumqayıt Şəhər İdarəsinin rəisi Natiq Qarayevin qəbulunda oldum. Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər idarəsinin həkimi Eldar İsmayılovun iştirak etdiyi görüşdə rəis Natiq Qarayevdən həkim komissiyasının qərarı ilə məni tanış etməsini dəfələrlə təkid etməyimə baxmayaraq, buna imkan verilmədi. 

Rəis şəxsi işə əlavə edilmiş rəyə baxaraq oğlumun ürəyində qüsur olmasını təsdiq etsə də, 2018-ci ilin 10 yanvar tarixinədək oğlumu hərbi xidmətə göndərəcəyini bildirdi.

Bu haqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəsi Arzu Rəhimova və Natiq Qarayevə rəsmi qaydada şikayətimi bildirdikdən sonra mənim iştirakımla oğlumu 03.01.2018 tarixində idarəyə dəvət etdilər.

Dövlət Poliklinakmızın həkimlərinə inanmayan idarə bu dəfə öz nümayəndəsinin müşayəti ilə oğlumu müayinə məqsədilə İNTERMED özəl klinikasına göndərdilər.

Özəl klinikanın həkim-kardioloqu Ayaz Əliyev oğlumu müayinə etdikdən sonra onun bu vəziyyətdə hərbi xidmətə göndərilməsini oğlumun həyatı üçün təhlükəli olduğunu, qısa zamanda onun müalicə alması üçün xəstaxanaya yerləşdirilməsinin vacibliyini bildirdi. Lakin bütün bunlara baxmayaraq, SHXÇDX-nin Sumqayıt Şəhər İdarəsininin rəisi ürəyi qüsurlu, qanazlığı 78 olan (norma üzrə 140) oğlumu hərbi xidmətə göndərməkdə israr edir.

Biz əslən Qarabağlıyıq. Özüm də Qarabağ müharibəsi veteranıyam. Ali Baş Komandanımızın əmri ilə istənilən an ərazi bütövlüyümüz, Dövlətimiz uğrunda mübarizəyə hazıram. Oğlumun da hərbi xidmətə yollanmasını, Vətən qarşısında borcunu verməsini üzrəkdən arzu edirəm. Lakin oğlumun ürəyində aşkar edilən qüsur və qanazlığı buna yol vermir.

Müalicə alıb tam sağaldıqdan sonra oğlumun ön cəbhəyə göndərilməsini şəxsən Ali Baş Komandanımızdan xahiş edəcəyəm.

Ali Baş Komandanımız İlham Iliyev Cənablarının komandanlığı altında yaradıcısı Heydər Əliyev olan şanlı ordumuzun döyüş hazırlığı dəfələrlə artırılaraq Qafqazın ən güçlü ordusuna çevrilmişdir.

Saqlamlıq qüsuru olan oğlumu hərbi xidmətə yollamaq, oğlumun həyatını təhlükəyə atmaqdan başqa, Qüdrətli Azərbaycan ordusunun getdikcə durmadan artan nüfuzuna kölgə salmaqdan başqa bir şey deyil.

Şanlı Azərbaycan ordusunun sağlamlıq qüsuru olan əsgərə ehtiyacı yoxdur!

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Sumqayıt Şəhər İdarəsində süni olaraq yaradılan bu cür neqativ halların qarşısı dərahal alınmalıdır!

Xahiş edirəm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Sumqayıt Şəhər İdarəsində yoxlamalar apararaq belə neqativ halların qarşısının alınması üçün aidiyyatı qurumların rəhbərlərinə göstəriş verəsiniz”.

P.S. Qeyd edək ki, şikayətçi məktubuna oğlunun xəstəliyini təsdiq edən sənədləri də əlavə edib.

Şikayətdə adı hallanan qarşı tərəflə danışa bilmədik. Onları da dinləməyə hazırıq.

Paylaş