SOCAR ilə PALMALİ arasında savaş şiddətlənir. Tərəflərin bir-birilərinə yönəlik “borc” və “mənimsəmə” ittihamları ilə başlayan qarşıdurması yenidən vüsət alıb.
Yenicag.az-a daxil olan məlumata görə, Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olan PALMALİ şirkətinə aid gəmilərin Azərbaycanın ərazi sularına “bağlayıb”.
Əldə etdiyimiz xəbərə əsasən, SOCAR bununla kifayətlənmərək, Türkiyənin Aliağa sənaye bölgəsində şirkətə məxsus ərazilərdə də “Palmali” gəmilərinin hərəkətini məhdudlaşdırmağa nail olub. Eyni zamanda Petkimə aid olan Kuleli Limanına girişi bağlıdır.
Qeyd edək ki, qalmaqalın tarixçəsi SOCAR TRADING şirkətinin qurulması zamanına gedib çıxır. Belə ki, Mübariz Mənsimov bu şirkətin qurulmasına dəstək verir. ARDNŞ da bu şirkət vasitəsi ilə istehsal etdiyi nefti dünya bazarına çıxarmaq imkanı əldə edir. İşin böyüməsi üçün PALMALİ SOCAR-ın bu işi üçün 14 gəminin alınmasını təşkil edir. Ancaq iş Mənsimovun istədiyi kimi getmir. Qarşı tərəfin işin başına Anar Əliyevi təyin etməsindən sonra Mənsimov SOCAR-la əməkdaşlıqdan və ortaqlıqdan çəkilir. Qeyri-rəsmi bilgilərə görə, Palmalinin bu ortaqlıqda payı 35% olub. Mənsimovun SOCAR-ı məhkəməyə verməsinin də səbəbi SOCAR TRADING qurulan zaman PALMALİ tərəfindən sərmayənin geri istənilməsidir.
Qeyd edək ki, SOCAR-la PALMALİ arasında savaş artıq bir müddətdir, açığa çıxıb. SOCAR “Palmali” ilə yaranmış problemin nədəni kimi, sonuncunun ona olan borcunu ödəmədiyini göstərsə də, əslində, Neft Şirkəti rəhbərliyini qəzəbləndirən səbəbin fərqli olduğu bildirilir.
Məlumata görə, SOCAR-ın PALMALİyə savaş açmasının səbəbi Mübariz Mənsimovun Neft Şirkəti rəhbərliyini dövlət vəsaitlərini mənimsəməkdə, daha dəqiq desək oğurlamaqda ittiham etməsidir.
SOCAR-dan maliyyələşən media orqanlarının son həftələrdə PALMALİnin sahibi Mübariz Mənsimovu hədəfə alması da bu qarşıdurmanın tərkib hissəsi hesab olunur.