SOCAR-ın Geofizika və Geologiya Baş İdarəsinin sabiq, Kompleks Qazma İşləri Trestinin hazırkı rəisi Faiq Hüseynova səslənən ittihamlar böyüyür

Füzuli rayonu Böyük Bəhmənli kənd sakini İsmayılov Elnur Mənsur oğlunun mediya müraciəti daxil olub. Xatirladaq ki, müəllifin mediaya üz tutmasına səbəb SOCAR-ın Geofizika və Geologiya Baş İdarəsinin sabiq rəisi, Kompleks Qazma İşləri Trestinin hazırkı rəisi Faiq Hüseynov tərəfindən qanunsuz olaraq işdən kənarlaşdırılmasıdır.

İşdən qovulmasını məhkəmə müstəvisində dartışmaq qərarına gələn İsmayılov bu mərhələdə də ədalətsizliklə qarşılaşdığını bildirir: “Faiq Hüseynov Məhkəmələrə də təsir göstərir. İşə bərpa üçün Nərimanov Məhkəməsində iddia qaldırmışam. Nərimanov Məhkəməsinin hakimi Fuad Abdullayev qanunsuz qərar çıxarıb. Bu barədə Cənab Prezidentə və Məhkəmə-Hüquq Şurasına şikayət etsəm də, şikayətim nəticəsiz qalıb. Apellyasiya məhkəməsinin hakimi Fuad Talışıniski isə Fuad Abdullayevin verdiyi qərarı qüvvədə saxlayıb”.
Müraciətdə diqqət çəkən ittihamlardan biri də Faiq Hüseynovun müxtəlif adlarla dövlət vəsaitini mənimsəməsi və bu işdə ona şəriklik edənlərin kimliyidir. Müəllif yazır ki, “Dövlət əmlakını talan edən Faiq Hüseynov yaxın qohumları-övladının kirvəsi Şamil Abdullayev və dostu Əkbər Nəsirovla əl-ələ verib, Geofizika və Geologiya İdarəsinin 5 il ərzində keçirdikləri tenderlərin sahibi olmuşdurlar. Şamil Abdullayev və Əkbər Nəsirov “ deşifrə” olunduqdan sonra isə Şamil Abdullayev və Əkbər Nəsirov tanışlarının adına şirkətlər yaratmışlar.Hal-hazırda da keçirilən tenderlərə sahiblik edirlər. Dəyəri milyonlarla olan avadanlıqlar Amerika, Rusiya və Kanada adı altında alınsa da Çin istehsalı olmuşdur. Alınan avadanlıqları Çindən Rusiyaya, Rusiyadan isə Azərbaycana gətirmişlər. Faiq Hüseynov bu gün də, öz çirkin əməllərini Şamil Abdullayev və Əkbər Nəsirovun qohumlarının və tanışlarının adına yaratdıqları Ofşor şirkətlər vasitəsilə davam etdirir. Əgər “ASTRA” MMC-də yoxlamalar aparılarsa milyonlarla dövlətin hesabına vergi borcu qaytarılar”.
Elnur İsmayılov daha sonra Faiq Hüseynovun 20.000 000 AZN-dən çox dövlət əmlakını satınalmaları həyata keçirərkən oğurlamasından(?), bu istiqamətdə SOCAR rəhbərliyində təmsil olunan şəxslərin adından sui-istifadə etməsindən və əldə etdiyi əmlaklardan yazır:
“Faiq Hüseynov ümumilikdə Geofizika və Geologiya idarəsindən 20.000000 AZN-dən çox dövlət əmlakını satınalmaları həyata keçirərkən oğurlamışdır. Şamil Abdullayev və Əkbər Nəsirovla tender yolu ilə əldə etdikləri milyonlara Bakı şəhərində 20-dən çox obyekt tikdirib, istifadəyə vermişlər. Bunların hamısını işlədiyi dövrdə etmişdir. Gah Rövnəq Abdullayevin, gah da Mikayıl İsmayılovun himayəsində olduğunu əyyaşlıq məclislərində söyləyən Faiq Hüseynov bütün bunlardan “şef”in, yəni Rövnəq Abdullayevin məlumatlı olduğunu söyləyir. Hətta bildirir ki, biz kimik ki, obyektlərin bir çoxu “şef”ə peşkəş olunub.
Topladığı milyonlar Faiq Hüseynovda o qədər arxayınlıq yaradıb ki, Mikayıl İsmayılovu belə saya salmır. Daim söhbətlərində Mikayılın ona Şabran rayonu ərazisində, ( Zeyvə və Gilavar kəndləri), tikdirdiyi  “ Şah sarayı”ndan  danışır. Söyləyir ki, bir neçə dəfə sınadı, mənə dişi batmadı, axırda bacısı oğlu Qismətə söylədi ki, get Faiq müəllimə Gilavarda həyətində bütün şəraiti ( gölünəcən) olan SARAY tik. Faiq Hüseynov bu gün də öz çirkin əməllərini SOCAR-ın Qazma İşləri Trestində davam etdirir. Deşifrə olunanların yaxınları ilə dövlət əmlakını talamaqla məşğuldur. Qeyd edirəm ki, 2011-2014- cü ildə idarə üçün alınmış mal materialların və avadanlıqlarının alınmış qiymətlərini aidiyyatı orqanlara təqdim etməyə hazıram”.
Müəllif sonda Faiq Hüseynovun vəzifəsindən sui-istifadə edərək işçiləri alçaltmasını, özünə qarşı aqressiyanı və dövlət büdcəsinə milyonlarla vəsaiti qaytarmağın mümkünlüyünü də qeyd edir:
“Dəfələrlə həm üzbəsurət, həm də kənar şəxslər vasitəsilə məni ölümlə təhdid edən Faiq Hüseynov keçmişini o qədər unudub ki, işçiləri dolamaq, məsxərəyə qoymaq, vəzifə verdirmək istədiyi qadını katibə kimi işlətməklə gününü keçirir. ( Buna misal olaraq təchizat şöbəsinin mühəndisi Mehrəliyeva Samirəni 5 ildən çox katibə kimi işlətmişdir.)  Məni qanunsuz işdən çıxartdırıb, bu gün də işə bərpama mane olan Faiq Hüseynov dostlarına və yaxınlarına söyləyir ki, nə qədər ki, Qorxmaz və mən işləyirəm, Elnur İsmayılovu nə SOCAR-a,  nə də başqa müəssələlərə işləməyə qoymayacağıq.
Saytınız vasitəsilə  Cənab Prezidentə və aidiyyatı orqanlara səslənirəm ki, əgər SOCAR-ın Geofizika və Geologiya idarəsində və Qazma işləri trestində yoxlamalar aparılsa dövlət büdcəsinə milyonlarla vəsait qaytarmaq olar”.
Redaksiyadan: biz bütün bu ittihamlarla bağlı qarşı tərəfi də dinləməyə çalışdıq. Təəssüf ki, bu istiqamətdəki bütün cəhdlərimiz nəticəsiz oldu. Buna baxmayaraq, əgər istəsələr, qarşı tərəfin də mövqeyinə yer verməyə hazırıq.
Mənbə: Yenixeber.org (AzMedia.info)
Paylaş