Sudef Məcidov: “O, hüquq mühafizə orqanlarına 300 min manat rüşvət verib məsələni həll etdiyini, özümü isə tutduracağını deyir”
Fevralın 16-da Qafqaz Xəbər Media MərkəzindəFatma Yolçiyeva adlı qadın tərəfindən aldadıldığını və müflisləşdirildiyini iddia edən Sudef Məcidov mətbuat konfransı keçirib. Tədbiri giriş sözüylə açan Qafqaz Xəbər Media Mərkəzinin direktoru Rəşad Rüstəmov bildirib ki, son zamanlarda banklardan kredit ala bilməyən vətəndaşların sələmçilərin toruna düşməsi, nəticədə müflisləşməsi hallarına çox rast gəlinir. “Bu zaman bir çox insan yeganə mənzilini, yaxud ailəsinin dolanışıq yeri olan digər mülkiyyətlərini itirirlər.
Bank kreditindən fərqli olaraq, sələmə girən vətəndaş hər ay nə qədər faiz ödəsə də belə, ana məbləğ yerində qalır. Nəhayət, aylarla, illərlə davamlı faiz ödəməyə imkanı çatmayan vətəndaş bir gün görür ki, onun əmlakı əldən çıxıb. Əslində isə sələmçilər ilk məqamdaca, vətəndaşı “girov müqaviləsi” adıyla aldadaraq, onlarla hansısa əmlaka dair “alqı-satqı” müqaviləsi bağlayır, nəticədə kredit təşkilatı olmayan şəxslər guya faizə borc verirmiş kimi, lap əvvəldən vətəndaşın əmlakını mənimsəyirlər. Bəzən elə hallar da olur ki, borcunu verib qurtaran vətəndaşlar mənzil və ya digər əmlaklaırını sələmçilərdən geri ala bilmir”, – deyə R.Rüstəmov qeyd edib.
S.Məcidov bu barədə danşarkən bildirib: “Belə ki, 200 min manat sələm üçün “girov müqaviləsi” adı ilə məni aldadaraq, 1,5 milyon manat dəyərində əmlakımı ələ keçirən Fatma Yolçiyeva mənim bundan əvvəl mətbuata etdiyim müraciətlərə görə də, müəyyən hüquq mühafizə orqanlarına pul verdiyini, özümü isə tezliklə “tutduracağını” deyir.
Mən yaxın illərə qədər Hüseynbala Əliyev 15 ünvanında qanuni sahibkarlıqla məşğul olurdum. 2011-ci ildə mənə böyük məbləğdə pul lazım olduğuna görə, borc axtarırdım. Bu vaxt Fatma Məhəmməd qızı Yolçiyeva ilə tanış oldum. O, mənə lazım olan 200 min manatı aylıq 7,5 faizlə verəcəyini, əvəzində isə girov qoyulmasının lazım gəldiyini bildirdi. Beləliklə, Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 15 ünvanında yerləşən 180 kvadrat metrlik mağazamı Yolçiyeva Fatma Məhəmməd qızı girov adı ilə aldadaraq ələ keçirdi”.
F.Yolçiyeva mənə verdiyi 200 min manat sələmdən dərhal 30 min manatı alıb və bunu 2 ayın faizinə hesabladığını deyib. Qeyd edim ki, F.Yolçiyevanı mənimlə əlaqələndirən və sələm işlərində davamlı olaraq vasitəçilik edən İradə Vəliyeva da etiraf edib ki, o pulun yarısı “komisyon haqqı” olaraq ona, “Göygöz Vasif” dediyi oğlana və Sima adlı xanıma çatıb. İstər Fatma Yolçiyevanın, istərsə də İradə Vəliyevanın etirafları ilə bağlı videoçəkilişlər də var.
Sələmçi F.Yolçiyevanın şifahi surətdə qarşımda qoyduğu şərtə görə, 200 min manatın 7,5 faizi hesabı ilə hər ay 15 min manat pul verməliydim. Fatma Yolçiyevaya ilk gündəki 30 min manatdan əlavə, sonrakı iki ayda daha 30 min manat pul vermişəm. Mən 2012-ci ilin aprelin 12-də şərlənərək həbs olundum. Sonradan öyrəndiyimə görə, bu işdə Fatma Yolçiyevanın da əli olub və çox güman ki, mənim həbsimlə, əmlakımı mənimsəmək məqsədi güdüb. Həbsdə olduğu vaxta Fatmaya pul ödəməyə imkanım çatmadı”.
S.Məcidovun sözlərinə görə, onun yaxınları F.Yolçiyeva ilə danışmağa və razılaşmağa cəhd etsələr də, Fatma Yolçiyeva amansız şəkildə hər ay faizini tələb edib və bir müddət sonra tamamilə obyekti ələ keçirərək, özü başqalarına icarəyə verib: “Artıq 4 ilə yaxındır F.Yolçiyeva mənim obyektimi tam ələ keçirərək,başqalarına icarəyə verir və hər ay 14 min manata yaxın pul qazanır. Mənim mağazamın iki milyon beş yüz min qiyməti olsa da, o obyekt Yolçiyeva Fatma tərəfindən ona 200 min manat faizə borc verilməklə ələ keçirilib. 2016-cı il martın 28-də həbsdən azad olundum.
Fatma Yolçiyeva ilə borc hesabını bağlamaq və mülkiyyətimi geri qaytarmaq istəsəm də, bu, baş tutmadı. Dörd il içində mənim obyektimin icarəsindən 500 min manata yaxın gəlir götürüb. Fatma Yolçiyeva ilə borclarımı bağlamaq istədim, amma o, indi məndən 200 min manat və əlavə 650 min manat faiz də olmaqla, ümumilikdə 850 min manat pul tələb edir. Mən soruşdum ki, niyə 850 min manat ödəməliyəm? O dedi ki, mən həbsdə olanda obyekti əldə saxlamaq üçün müxtəlif yerlərə rüşvət verib. O, Ali Məhkəməyə 100 min manat, Nəsimi Rayon Məhkəməsinə 50 min manat , Konstitusiya Məhkəməsinə 50 min manat, Plenuma 50 min manat və digər instansiyalara rüşvət verdiyini dedi. Artıq 1 ilə yaxındır ki, Fatma Yolçiyeva ilə məsələni həll edərək, obyektimi geri qaytarmağa çalışıram.
O isə məndən sələm faizləri hesablamaqla 850 min manat pul tələb edir. Eyni zamanda, iddia edir ki, bu əmlak “qanuni yolla” ondadır və mən hara getsəm də, heç nə edə bilmərəm. Hətta, Fatma Yolçiyeva “arxasında kimlərinsə durduğunu” və sələmə verdiyi pulların başqa imkanlı şəxslərə aid olduğunu deyir. Təəssüf lər olsun ki, bu sələmçilər şəbəkəsinin əməlləri ictimaiyyətdə ifşa olunmasına baxmayaraq, hüquq mühafizə orqanları Fatma Yolçiyeva barəsində ölçü götürmür. Fatma Yolçiyeva mənim və başqa vətəndaşların əmlaklarını mənimsəyib, eyni zamanda bir neçə instansiyaya rüşvət verdiyini etiraf edib. Mətbuatda yayılan videoyazılar da bunu sübut edir. Mən öz hüquqlarımın müdafiəsi məqsədi ilə onun bu əməllərini ifşa edən materialları ictimailəşdirmişəm və müstəqil mətbuat nümayəndələri də mövzunu araşdırıb.
Fatma Yolçiyeva və onun kimi sələmçilər vətəndaşların pula ehtiyacından və sadəlövhlüyündən sui-istifadə edir, onlara alqı-satqı müqaviləsi imzalatdıraraq, əmlaklarını mənimsəyirlər. Mənimlə yanaşı, Nadir Zeynalov adlı vətəndaş da Fatma Yolçiyevanın əməllərindən Qafqaz Xəbər Agentliyinə şikayət edib və bu məsələ faktlarla ictimailəşdirilib. Bundan başqa, Fatma Yolçiyevaya daim vasitəçilik edən İradə Vəliyeva özü etiraf edib ki, F.Yolçiyevanın sələmə salıb əmlakını mənimsədiyi şəxslər arasında sabiq İTV rəhbəri İsmayıl Ömərovun mərhum qardaşı Ələsgər Ömərov da olub”.
S.Məcidovun sözlərinə görə, təxminən bir ay əvvəl Fatma Yolçiyeva onunla görüşərək bildirmişdi ki, əgər mətbuatdakı yazıları dayandırsam, mənə obyektim üçün 400 min manat verərək, barışmağa hazırdır: “O, həmçinin bu yazılardan sonra 300 min manata qədər ziyana düşdüyünü, müəyyən hüquq mühafizə orqanlarına rüşvət verdiyini də dilə gətirdi. Mənə təcili pul lazım olduğundan, buna razılaşdım və problemi araşdıran jurnalistlərdən xahiş etdim ki, Fatma Yolçiyeva haqqında heç nə yazmasınlar. Lakin bu günlərdə Fatma Yolçiyevaya dəfələrlə zəng etsəm də, zənglərimə cavab vermir. Müxtəlif şəxslərə isə bildirir ki, mənə bir qəpik də verməyəcək, əksinə, onun əməllərini ifşa etdiyimə görə, məni cəzalandıracaq, hətta bir bəhanəylə tutduracaq da. Düşünürəm ki, Fatma Yolçiyeva mənə verdiyi sələmi artıqlaması ilə geri qaytarıb və mağazamı əlində saxlamaqla isə sadəcə əlavə gəlir yerini qorumağa çalışır”.
Sudef Məcidovun bildirdiyinə görə nazir Ramil Usubova müraciətindən sonra məsələ DİN Baş MCMİ-nin istintaq şöbəsində Fikrət Quliyev tərəfindən araşdırılıb, lakin araşdırmanın nəticəsi barədə ona heç bir məlumat verilməyib. Hüquqşünas-ekspert Aqil Qəhrəmanov isə məsələ ilə bağlı bunları vurğulayıb: “Düşünürəm ki, bu məqama aydınlıq gətirilməli, vətəndaşın hüquqlarının bərpası, habelə cinayət əməlinə hüquqi qiymət verilməsi təmin olunmalıdır. Bu, açıq-aşkar cinayətdir. Azərbaycan iqtisadiyyatının çətin vaxtında, Cənab Prezidentin sahibkarlara xüsusi qayğıyla yanaşdığı zamanda hansısa mənfur sələmçilərin vətəndaşları dəridən-qabıqdan çıxarması, çirkli pullarını sələm yoluyla qanunsuz dövriyyəyə buraxmaqla sərvət toplamaları yolverilməzdir”
Tədbirdə iştirak edən “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Sabunçu Rayon Şöbəsinin sədri Namiq Həsənov bildirib ki, təmsil etdiyi təşkilat Sudef Məcidovu əlillərə göstərdiyi yardıma görə, xüsusi mükafatla təltif edib. “Sudef Məcidov sahibkarlıqla məşğul olduğu illərdə bizim təşkilata xeyli yardım göstərib, üzvlərimizin problemlərinə daim yardım edib. Xeyriyyəçi sahibkar kimi tanıdığımız Sudef Məcidovun bu gün belə bir çətin vəziyyətə düşməsi bizi də məyus edir. Ümid edirik ki, ölkə rəhbərliyi sözügedən problemə həssas yanaşacaq və Sudef Məcidovun mülkiyyəti özünə qayıdacaq”, – deyə N.Həsənov vurğulayıb.
Rüfət Əhmədzadə