Fevralın 16-da Qafqaz Xəbər Media MərkəzindəFatma Yolçiyeva adlı qadın tərəfindən aldadıldığını və müflisləşdirildiyini iddia edən Sudef Məcidov mətbuat konfransı keçirib. Tədbiri giriş sözüylə açan Qafqaz Xəbər Media Mərkəzinin direktoru Rəşad Rüstəmov bildirib ki, son zamanlarda banklardan kredit ala bilməyən vətəndaşların sələmçilərin toruna düşməsi, nəticədə müflisləşməsi hallarına çox rast gəlinir.

“Bu zaman bir çox insan yeganə mənzilini, yaxud ailəsinin dolanışıq yeri olan digər mülkiyyətlərini itirirlər. Bank kreditindən fərqli olaraq, sələmə girən vətəndaş hər ay nə qədər faiz ödəsə də belə, ana məbləğ yerində qalır.

Nəhayət, aylarla, illərlə davamlı faiz ödəməyə imkanı çatmayan vətəndaş bir gün görür ki, onun əmlakı əldən çıxıb. Əslində isə sələmçilər ilk məqamdaca, vətəndaşı “girov müqaviləsi” adıyla aldadaraq, onlarla hansısa əmlaka dair “alqı-satqı” müqaviləsi bağlayır, nəticədə kredit təşkilatı olmayan şəxslər guya faizə borc verirmiş kimi, lap əvvəldən vətəndaşın əmlakını mənimsəyirlər.

Bəzən elə hallar da olur ki, borcunu verib qurtaran vətəndaşlar mənzil və ya digər əmlaklaırını sələmçilərdən geri ala bilmir”, – deyə R.Rüstəmov qeyd edib.

S.Məcidov bu barədə danşarkən bildirib: “Belə ki, 200 min manat sələm üçün “girov müqaviləsi” adı ilə məni aldadaraq, 1,5 milyon manat dəyərində əmlakımı ələ keçirən Fatma Yolçiyeva mənim bundan əvvəl mətbuata etdiyim müraciətlərə görə də, müəyyən hüquq mühafizə orqanlarına pul verdiyini, özümü isə tezliklə “tutduracağını” deyir. Mən yaxın illərə qədər Hüseynbala Əliyev 15 ünvanında qanuni sahibkarlıqla məşğul olurdum. 2011-ci ildə mənə böyük məbləğdə pul lazım olduğuna görə, borc axtarırdım. Bu vaxt Fatma Məhəmməd qızı Yolçiyeva ilə tanış oldum. O, mənə lazım olan 200 min manatı aylıq 7,5 faizlə verəcəyini, əvəzində isə girov qoyulmasının lazım gəldiyini bildirdi.


Beləliklə, Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 15 ünvanında yerləşən 180 kvadrat metrlik mağazamı Yolçiyeva Fatma Məhəmməd qızı girov adı ilə aldadaraq ələ keçirdi. Fatma Yolçiyeva və onun kimi sələmçilər vətəndaşların pula ehtiyacından və sadəlövhlüyündən sui-istifadə edir, onlara alqı-satqı müqaviləsi imzalatdıraraq, əmlaklarını mənimsəyirlər.

S.Məcidov məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da müraciət etdiyini bildirib. “Məni DİN Baş Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdilər. Müstəntiq Fikrət Quliyev bir neçə dəqiqə mənim ifadəmi aldı. Daha sonra isə mənə bildirildi ki, işim Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Amma Nərimanov RPİ-dən mənə bildirdilər ki, onlara DİN-dən heç bir məktub daxil olmayıb. Bundan sonra isə DİN-dən dedilər ki, mənim şikayətim 18-ci polis bölməsinə göndərilib. Orda da cavab aldım ki, mənim işimlə bağlı heç bir məktub almayıblar. Beş-altı ay sonra isə mənə dedilər ki, sənədlərim 17-ci polis bölməsinə göndərilib.

Ora Fatma Yolçiyevanı da dəvət etdilər. Mən onunla polis bölməsində görüşdüm. Görüş zamanı Fatma Yolçiyeva bəyan elədi ki, guya mən onu rüsvay etmişəm. Sonra Fatma Yolçiyeva mənə dedi ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsində ondan 150 min manat, Bakı Şəhər Polis İdarəsində 50 min, DİN-də isə 150 min manat alıblar” (Kavkaznews.az).

Bu günlərdə Sudef Məcidov LEGİON-a bildirdi ki, mətbuat konfransından sonra ona DİN-dən zəng gəlib: “Özünün DİN əməkdaşı olduğunu deyən şəxs bildirdi ki, onun şikayəti Nərimanov RPİ-yə göndəriblər”.

S.Məcidov ona zəng gələn nömrəni də bizə tərqdim etdi. Özünün DİN-də işlədiyini deyən, amma ad-soyadını bildirməyən şəxs bildirdi ki, S.Məcidovun şikayəti Nərimanov RPİ-yə yönəldilib. “Çox güman ki, 17-ci bölmədə təhqiqatçı Nazim Məmmədov tərəfindən araşdırılır. Sudef Məcidovla bağlı ilk təhqiqatı da o aparıb”, – deyə DİN əməkdaşı bildirdi.

Biz Nazim Məmmədovu tapdıq, N.Məmmədov Sudef Məcidova qarşı şikayəti araşdırdığını bildirdi: “Mən cinayət işi qaldırmaqdan imtina etdim, çünki mülki iş idi. Təkrar baxış kimdədir, xəbərim yoxdur. S.Məcidovun şikayətini araşdırmaq kimə tapşırılıb? Biz bu sualla Nərimanov RPİ-nin istintaq şöbəsinin rəisi Vüqar İsmayılova müraciət etdik. “Mənə bu barədə heç nə məlum deyil, DİN-in mətbuat xidmətinə müraciət edin”, – deyə V.İsmayılov bildirdi. S.Məcidov isə bu məsələni belə şərh etdi: “Əgər Nərimanov RPİ-nin istintaq şöbəsinin rəisi mənim şikayətimin kim tərəfindən araşdırıldığını bilmirsə, onda belə çıxır ki, DİN-dən şikayətin araşdırılması barədə məlumat həqiqətə uyğun deyil”.

Rəşad Rüstəmov

 

Paylaş