Əbdül Əliyevin İngiltərədə şirkətləri, restoranı üzə çıxdı; sabiq nazirin kürəkəni “Barclays Bank”dan külli miqdarda kredit alıb

İşdən çıxarılan vergilər naziri Fazil Məmmədovun kürəkəni 28 yaşlı Əbdül Əliyevin də xaricdəki biznesi təftiş olunur və siyahıya alınır. 2017-ci ilin avqustunda sabiq vergilər naziri Fazil Məmmədovun qızı Selcan Xatun Məmmədova ilə evlənən Əbdül Əliyevin İngiltərədə biznesi üzə çıxarılıb. Bu haqda criminal.az saytı xəbər yayıb. Sayt yazır ki, Əbdül Əliyevin atası Namiq Əliyev Fazil Məmmədovun müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri vəzifəsində çalışıb. Azərbaycan Güləş Federasiyasının rəhbəri olan Fazil Məmmədov toydan 2 ay sonra naməlum səbəbdən yeni qohum olduğu Namiq Əliyevi Federasiyanın vitse-prezident vəzifəsindən kənarlaşdırıb. Hansı ki, Namiq Əliyev bu vəzifədə 10 ildən çox fəaliyyət göstərib. 5 dekabr 2017-ci ildə Prezident İlham Əliyevin sərancamı ilə Fazil Məmmədov nazir postundan azad ediləndən 1 ay sonra keçmiş nazirin müavini, həmçinin qudası Namiq Əliyev də prezidentin sərəncamı ilə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Onun adı nazirliyin rəsmi saytında nazir müavinlərinin siyahısından da çıxarılıb. Namiq Əliyev nazir müavini postuna təyin olunmamışdan əvvəl 1991-ci ildən Respublika Prokurorluğunda prokurorun köməkçisi və digər vəzifələrdə çalışıb. Keçmiş nazirin kürəkəni Əbdül Əliyev ilk şirkətini hələ 24 yaşı olarkən İngiltərədə biznes qurmağa başlayıb. Şirkətə məxsus saytın səhifəsində yazılan məlumata görə, “Butarose Limited” şirkətinin başlıca marağı əmlak və biznes işlərinin təkmilləşdirilməsinə yönəlib. “Butarose Limited” şirkətinin 2016-cı ilə olan hesabatında göstərilir ki, şirkətin bank hesabında 800 min min İngiltərə funtu olub. Ə.Əliyevin İngiltərədə “GrocrHoldings” və “Bridge Street Restaurant Limited” şirkətləri ilə yanaşı “Vero İnvestments” və “Optimet Finishing” şirkətləri də var.

2017-ci ildə Əbdül Əliyev “Bridge Street” restoranının ortağı olan James Murray ilə İngiltərə bankı olan “Barclays Bank”dan restoranı girov qoymaqla iri məbləğdə kredit götürüb. Fazil Məmmədovun ətrafında baş verənlərin Namiq Əliyevin, onun oğlu Əbdül Əliyevin də biznes maraqlarına necə təsir edəcəyini isə zaman göstərəcək.

Yada salaq ki, F.Məmmədov ötən il dekabrın 5-də vergilər naziri postundan çıxarıldı. 17 ilə yaxın vergilər naziri postunu tutan Fazil Məmmədovun bu şəkildə işdən çıxarılacağını heç kim, heç özü də gözləmirdi. 2 aya yaxındır ki, F.Məmmədov işsizdir. Onun ölkədən çıxışına qadağa qoyulaması haqda xəbərlər var. sabiq nazirin işdən çıxarılmasının səhhəti ilə əlaqəli olduğu açıqlansa da, bu təqdimata inananlar azdır. Heç Fazil Məmmədovun özü də bu təqdimatla razılaşmır. O vəzifəsindən çıxarılandan 2 gün sonra bu xəbəri yalanlamışdı. Demişdi ki, iddia edildiyi kimi ağır xəstə deyil, az xəstədir. Yəni Fazil Məmmədov işində qalıb davam edə biləcəyi mesajını çatdırmışdı. İşdən çıxarıldığı ilk günlərdə Fazil Məmmədovun çevrəsi onun səfir göndəriləcəyi ilə bağlı xəbərlər yayması da onun xəstə olmadığını bir daha təsdiqləmək üçün ortaya atılan informasiyalardan idi.

Fazil Məmmədovun ölkədən iri məbləğdə – 4,5 milyard manat “qara pullar”ın çıxarılmasına görə işdən kənarlaşdırılması haqda məlumatlar var. Onun maliyyə xəyanətinə görə işdən qovulduğu deyilir. İşdən çıxarılandan 1 gün sonra Ali Məhkəmədən bu baxımdan maraq doğuran açıqlama verilmişdi. Dekabrın 5-də axşam saatlarında artıq sabiq nazirə çevrilən Fazil Məmmədovun fəaliyyətinə dekabrın 6-da səhər Ali Məhkəmədən belə bir qiymətverici məlumatla münasibət açıqlanıb. Rəsmi məlumat belə idi: “Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin Vergilər Nazirliyinin struktur qurumlarına qarşı inzibati-iqtisadi məhkəmələrdə 2016-cı ildə 869, 2017-ci ilin birinci yarısında 218, cəmi 1087 iddiaya baxılıb”.

“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyev məlumat verib. H.Mirzəyev bildirib ki, bunlardan 688 (63,3%) iş üzrə qərarlar vergi ödəyicilərinin xeyrinə verilib. 184 (16,9%) iş üzrə iddialar təmin edilməyib, 215 (19,8%) iddia isə mümkün sayılmayıb. “Təəssüflə qeyd etmək istərdim ki, bəzən mətbuat orqanlarında məhkəmələrdə baxılan işlər barədə həqiqətə uyğun olmayan və qərəzli yazılar dərc olunur. Həmin yazılardan belə bir yanlış nəticə çıxır ki, guya məhkəmələr vətəndaşların, sahibkarların və hüquqi şəxslərin inzibati orqanlara qarşı iddialarını rədd edir, onların qanuni hüquqlarını müdafiə etmirlər. Sözsüz ki, bu, belə deyil. Əvvəl qeyd etdiyim faktlar, baxılan işlərin statistikası həmin mətbu orqanların qərəzli və həqiqətə uyğun olmayan məlumatlarını təkzib edir. Göründüyü kimi, açıqlanan rəqəmlər onu göstərir ki, vergi ilə yaranmış mübahisələr əksər halda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin xeyrinə həll edilir. 1 noyabr 2017-ci il tarixinə olan məlumata əsasən, respublika üzrə 902 min 303 vergi ödəyicisi qeydiyyatdan keçib. Onlardan 399 min 774 vergi ödəyicisi aktiv fəaliyyətdədir və vaxtında vergiləri ödəyirlər. Məhkəmələrdə bu cür baxılan işlərin sayı az olduğundan (aktiv vergi ödəyicilərinə nisbətdə işlərin sayı 2016-cı il və 2017-ci ilin 6 ayı üzrə cəmi 1087, yəni 0,3 faiz təşkil edir) vergi münasibətlərinə heç bir təsir göstərə bilməz. Vergi ödəyicilərinin ümumi sayını nəzərə alaraq bu cür mübahisələrin az olması onu göstərir ki, əksər hallarda vətəndaşlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər vergi öhdəliklərini yerinə yetirirlər”.

Yəni elə ilk günlərdəcə Fazil Məmmədova ismarıc verilib ki, onun qanunsuzluqlarından narazı qalan sahibkar ordusu var. Onların az bir qisminin ifadələrinin rəsmiləşdirilməsi Fazil Məmmədov və komandasının həbsinə kifayət edər. Hazırda hələ ki, material şəkilində olan və hər an cinayət işinə çevrilə biləcək cinayət dosyeləri toplanır. Sabiq nazirin kürəkənin biznesinin təftiş edilməsi də təsadüfi deyil. Bu işlərin varlığı ölkədən çıxarılan 4.5 milyardlıq “qara pul”un geri qaytarılması üçün qarantiya rolunu oynaya bilər…teref.info

Korrupsiya.Az

Paylaş