Mingəçevir-Bəhramtəpə yolununun inşasında ölkəmizin təbii sərvətləri bir qrup şəxs tərəfindən mənimsənilməkdədir.
Bu barədə Qlobal.Az məlumat əldə edib.
Məlumatda bildirilir ki, “Polat Yol Yapı” şirkəti Beyləqan rayon Binnətli kənd bələdiyyəsinin ərazisində yerləşən torpaq sahəsindən dövlətin yeraltı sərvətini talayır. Saytımıza verilən məlumata görə Binnətli kənd bələdiyyəsinin ərazisi “Texnikabank”ın Beyləqan filialının keçmiş müdiri Bulud Aslanovun adına sənədləşdirilərək, ərazidən çıxarılan min tonlarla qum, çınqıl materialları Bəhrəmtəpə-Mingəçevir yolunu inşa edən “Polat Yol Yapı” şirkətinə satılıb.
Vurğulanır ki, Bulud Aslanovun qum, çınqıl satışında əsas şəriki Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevdir. İddiaya görə Bulud Aslanovun ərazisindən ümumilikdə 1 milyon manatdan çox qum, çınqıl materialları çıxarılaraq satılıb. Həmin vəsaitin yarı hissəsi Beyləqan rayon icra başçısı Vaqif Abdullayevə, bir hissəsi Bulud Aslanova çatıb.
Bildirək ki, hazırda Bulud Aslanova məxsus ərazidən qum çınqıl çıxarılması işi bitib. Saytımızın məsələ ilə bağlı əldə etdiyi digər məlumat isə olduqca ilgincdir. Belə ki, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə qum-çınqıl satışına şərikli girən Bulud Aslanovun sonda aldadıldığı məlum oldub. Bulud Aslanovun yaxınlarına dediyinə görə ümumi satışdan əldə olunan gəlirin 70 faizə yaxını, təxminən 600 min manatı Vaqif Abdullayev tərəfindən mənimsənilib. Bulud Aslanov pulun düzgün bölüşdürülməsini icra başçısından tələb etdikdə isə, ikinci ona bir az səbrli olmağı, yaxın zamanlarda ona yeni vəzifə veriləcəyini vəd edib. İcra başçısının bu vədindən 4-5 ay keçdikdən sonra Bulud Aslanov aldadığının fərqində olub. Vaqif Abdullayevə verdiyi vədi xatırladan Bulud Aslanova icra başçısının sözləri şok yaşadıb. Belə ki, məlumata görə, icra başçısı ona “başını aşağı salıb işi ilə məşğul olmağı” məsləhət bilib.
İcra başçısı tərəfindən aldadılmağının konkret səbəbinə gəlincə isə, Bulud Aslanovun dediklərinə görə, Vaqif Abdullayev Bulud Aslanova deyib ki, “FHN-nin va Ekologiya Nazirliyinin yerli şöbələri ilə məsələni “həll et”, sonra ikimiz hesablaşarıq. İndi də adam mənə “atır”, deyir ki, ərazi sənindi pulu da sən verməlisən”.
Saytımızın əldə etdiyi məlumata görə, Bulud Aslanov Vaqif Abdullayevdən pullarını almaqda qərarlıdır. Və buna görə də yaxın zamanlarda ölkənin yuxarı instansiyalarına müraciət edəcəyi gözlənilir.