Daşkəsənin icra başçısı Əhəd Abıyevin adı hər bir qalmaqala, biznes, korrupsiya işinə qarışmışdı, bircə müharibə veteranlarına qarşı fırıldaqçılıq etməsi qalmışdı

FİA.Az-ın məlumatına görə, dövlət tərəfindən müharibə əlillərinə, qazilərinə, şəhid ailələrinə qayğı göstərilir. Ancaq Ə.Abıyev aprel döyüşlərində yarıcan olmuş bir hərbçimizin başına oyun açıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprel döyüşlərində şəhid olan hərbçilərimizin ailələrinə, yaralılara dəstək verir, onların mənzil şəraitinin yaxşılaşdırılması, ailələrinin işlə təmin olunması istiqamətində bütün lazım olanları edir.

Amma Ə.Abıyev 2016-cı ilin aprel ayında Qarabağda gedən döyüşlərdə qolunu itirən hərbçi Arzu Məmmədovun dələduzluğun qurbanı olmasına səbəb olub.

Bu günlərdə hərbçi legion.az-a bildirib ki, vaxtilə bank işçisi olub, lakin 2014-cü ildə vətənə xidmət etmək fikrinə düşərək, MAXE kimi Milli Orduya yazılıb.

O, cəbhədə xəsarət aldıqdan sonra, 2016-cı ilin may ayında Daşkəsənə qayıdıb. “Mən hospitalda olanda Prezident də gəldi yanımıza, amma rayonumuzun başçısı Əhəd Abıyevi orda görmədim.

Mayda rayona qayıdarkən, icra hakimiyyətinə getdim. Əhəd Abıyevə dedim ki, bu rayondan şəhid də yoxdur, bir nəfər qolunu itirib, o da mənəm.

Amma taleyimlə maraqlanmırsınız. Dedi bəs problemlərim var idi, bundan sonra məni əmin bil…”

Göründüyü kimi, Ə.Abıyev rayonda yeganə aprel qazisini belə ziyarət etməyib,ancaq prezident onunla görüşüb.

Belə bir icra başçısının hələ də vəzifədə qalması xalqa pislikdir. Necə olur ki, gecə-gündüz vəzifəli şəxslərlə məclislərdə yeyib-içən, filiz kombinatı uğrunda Kərəm Həsənov-Elmar Vəliyevlə açıq konfliktə girişən icra başçısı aprel qazisini unudur?!

Hələ bu nədir ki, aprel qazisinin başına gələnlər qabaqdadır…

FİA.Az yazır ki, A.Məmmədov evsiz olduğunu söyləyib: “Mənə dedi ki, hazırda vəsait ayrılmayıb, amma sən Gəncədə qeydiyyata düşsən, orda tikilən binalarda sənə mənzil ala bilərik. Mən evdə məsləhətləşdim, sonra uzaq bir qohumun mənzilində qeydiyyata düşdüm”.

Onun sözlərinə görə, 2016-cı ilin avqust ayında Daşkəsən İcra Hakimiyyətinin İlhamə Bayramova adlı hüquqşünasıyla birlikdə Gəncə ŞİH-də də olub, nəticədə Əhəd Abıyevin onu aldatmayacağına inanıb.

“Bir müddət sonra İlhamə Bayramova mənə zəng etdi ki, bəs Əhəd müəllim sizə dördotaqlı mənzil verdirmək istəyir, amma 20 min manat xərci var. Məndə o qədər pul yox idi.

Valideynlərim dedi ki, eybi yox, kreditə pul götürək, amma mənzilin yaxşı olsun. 13 min kreditə pul götürdük, 6 min bir nəfərdən borc aldım, min manat da mənə verilən kompensasiyadan pul qalmışdı.

Hissə-hissə o pulu İlhamə Bayramovaya verdim. Bir neçə ay gözlədik, bu gün-sabah deyə-deyə məndən vaxt qazanmağa çalışdı.

Bir gün öyrəndim ki, bu qadının işi polisdədir. Getdim Əhəd Abıyevin yanına, dedi xəbərim yoxdur, mən onu tutduracam, o fırıldaqçıdır və s.
Polisdə istintaq obyektiv getmədi. Hər şeyi səthi araşdırdılar. Məndən başqa, bir neçə şikayətçi var idi. Hiss olunurdu ki, Əhəd Abıyevin tapşırığı var ki, İlhamə Bayramovaya təzyiq göstərilməsin.

O, tamamilə sərbəst şəkildə polisə gedib-gəlirdi, üzümüzə də dururdu ki, ona pul verməmişik. İş prokurorluğa getdi. Orda da işi uzatdılar və bir-bir bizi sıradan çıxardılar. Mənim də işimi mülki olaraq dəyərləndirib, cinayət işinə daxil etmədilər.

İlhamə Bayramovanın işi indi Gəncə Ağır Cinayətlər Məhkəməsindədir, amma öyrəndiyimə görə, onun üzərində cəmi 3 min manata yaxın pul qalıb.

Çox güman ki, Əhəd Abıyev onun həbsə düşməsinə imkan verməyəcək, işi də ən ağır halda şərti cəzayla bağlayacaqlar”, – deyə Arzu Məmmədov qeyd edib.

O əlavə edib ki, artıq neçə dəfə Əhəd Abıyevin qəbuluna gedib-gəlir. “İlk vaxtlar Əhəd Abıyev məni qəbul edib o puldan xəbəri olmadığına and içirdisə, indi ümumiyyətlə məni icra hakimiyyətinə buraxdırmır.

Mən əminəm ki, bu işlərdən Əhəd Abıyevin xəbəri olub. Əgər elə olmasaydı, onun ən yaxınında olan bir qadın təkbaşına neçə nəfər müharibə veteranını aldada bilməzdi.

Mən üzümü ölkə rəhbərliyinə tuturam ki, bu məsələni nəzarətə götürsünlər. Qarabağ qazilərinə kələk gələn Əhəd Abıyev cəzasız qalmasın”.

FİA.Az xəbər verir ki, dələduzluqla məşğul olan birini icra başçısının himayə etməsi və aprel qazisinə kələk gəlməsi sıradan hadisə deyil.

Dövlət başçısının və Baş prokurorluğun məsələni nəzarətə götürəcəyinə ümid olunur. Bu nə dezinformasiyadır, nə uydurma.

Bir aprel qazisinin şikayət məktubunda qeyd olunan faktlardır. Ə.Abıyev əslində məsuliyyətə cəlb olunub ifadə verməlidir.

Daşkəsəndə şəhid ailələrinə, müharibə veteranlarına laqeydlik nümayiş etdirən icra başçısı bununla prezidentin, dövlətin siyasətinə zidd hərəkət etmiş olur.

Onun vəzifəsi aztəminatlı ailələr, qazilər və müxtəlif zümrəyə aid insanların sosial problemləri ilə maraqlanmaqdır. Ancaq Ə.Abıyevi biznesi, obyektləri maraqlandırır.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün Daşkəsən RİH-ə etdiyimiz zənglər cavabsız qaldı. Lakin yaxın günlərdə məsələni daha obyektiv araşdırıb oxuculara çatdırmağa çalışacağıq.

Paylaş