“Xəstəxanadakı vəziyyəti görüb dəhşətə gəldim. Orada bir dəqiqə belə qala bilməzdim”.

Bunu açıqlamasında “Bren Media” jurnalının baş redaktoru İlhamə Ərşadqızı deyib. O, bildirib ki, bir neçə gün öncə ofisdə baş verən qısaqapanmadan yaranan yanğından zəhərləndiyi üçün xəstəxanaya yerləşdirilib:
“Ötən həftənin şənbə günü ofisimizin dəhlizində qısaqapanmadan yanğın baş verib. Mən ayılanda artıq xəstəxanada idim. 1 saylı Şəhər Kliniki Xəstəxanasının Taksologiya şöbəsində reanimasiyaya yerləşdiriblər. Ayılanda gördüm ki, üzərimə atdıqları yataq dəsti qanın içindədir. Məndən əvvəlki hansısa xəstənin qanı idi. Təsəvvür edirsiniz, bunu görüb nə hala qaldım?”.

İlhamə xanım həkimlərin laqeydliyindən də şikayətləndi:

“Reanimasiyada heç bir həkim maraqlanmadı. Gələndə bir sistem qoşdular, vəssalam, sonra heç kimi görmədim. Qolumu da qalstukla bağlamışdılar çarpayıya. Ruhi dispanserdir, ya xəstəxanadır? Xəstənin qolunu çarpayıya bağlamaq nə deməkdir? Özü də lazimi tibbi ləvazimatla yox, qalstukla. İnanın, gördüklərimdən dəhşətə gəldim. Mən xəstəxanalardakı vəziyyətlə bağlı çox şey eşitmişdim, ancaq bu dərəcədə dəhşətli olduğu təsəvvürümə belə gəlməzdi. Xəstələrin hərəsini bir çirkli çarpayıya uzadıblar, heç biri maraqlanmır. Onlar da orada can verir. Çox ağır mənzərə idi”.
Baş redaktor gördüklərindən qorxduğu üçün xəstəxananı erkən tərk etməli olub. Jurnalistin bu addımı polislərin onu günahlandırması ilə nəticələnib:
“Deyirlər ki, xəstəxanadan qaçıb. Mən xəstəxanadan qaçmamışam. Sadəcə gördüklərimdən sonra orada qala bilməzdim. Gətirib qanlı yatağa uzadıblar, bir nəfər həkim olsun maraqlanmır. Heç bir tibbi yardım göstərilmir. Orada niyə qalmalıydım? Bir dənə sistem qoşdular, vəssalam. Polislər orda da, indi də gəlib sorğu-sual edirlər. Yanğını mən törətmişəm deyirlər. Mən öz iş yerimi niyə yandırım? Fakt yanğın qısaqapanmadan olub. Mən də ordan huşsuz halda çıxarılmışam”.(PrimeTime.Az)

Xəstəxanadan görüntüləri təqdim edirik:

 Azərbaycanlı jurnalist natəmizlik səbəbindən xəstəxanadan qaçıb - FOTO - VIDEO

Paylaş