Bir müddət əvvəl Milli Məclisin Sosial siyasət komitəsinin ictimai yerlərdə siqaret çəkilməsini məhdudlaşdırmaqla bağlı qanun layihəsi ilə əlaqadar hazırlanan bir məlumatda parlamentin iqtisadi siyasət komitəsinin üzvü, deputat Rüfət Quliyevin “EUROPEAN TOBACCO Baku” fabrikinin rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı məqam getdi.
Səhərisi gün xəbəri dərc edən sayt dərhal düzəliş verdi ki, bəs, məlumat yanlışdır – R.Quliyev “EUROPEAN TOBACCO Baku”nun rəhbərliyindən uzaqlaşdırılmayıb, qurumun İdarə Heyətinə sədrliyini davam etdirir. Aydın məsələdir ki, bu düzəlişin getməsi bilavasitə R.Quliyevin təşəbbüsü ilə baş tutub. Baxmayaraq ki, Azərbaycan qanunvericiliyi Milli Məclis üzvlərinin bizneslə məşğul olmasını qadağan edir, cənab Quliyev neçə illərdir həm deputat, həm də ölkənin inhisarçı siqaret istehsalçısının ali rəhbəri kreslolarını əlində saxlamağı bacarıb.
Böyük qalmaqallarla Bakı Tütün Kombinatının nəzdində yaradılan və 2000-ci ildən siqaret istehsalına başlayan “EUROPEAN TOBACCO Baku” ASC Azərbaycanda ən böyük siqaret istehsalçısıdır – R.Quliyevin öz etirafına görə, bazarın 25-27 faizini onlar təmin edirlər. Lakin ticarət sektorundakı mənbəmizin dediyinə görə, bu rəqəm minimum 50 faizin üstündədir: “Xüsusilə son 2 ildə onların orta və aşağı qiymətli siqaretlərinin satışı dəfələrlə artıb. Lakin bu həcmin yarıdan çoxu rəsmiləşdirilmir. Əsasən də kiçik və orta satış məntəqələrində satış həcmlərinin uçotu demək olar ki, aparılmır. Ümumiyyətlə, yalnız siqaretin deyil, əksər məhsulların real satış həcmi qeydiyyata alınmır”.
Son iki ilin statistikası açıqlanmır
Deputatın rəhbərlik etdiyi şirkətin istehsal göstəricilərinə dair ən son məlumatlar 2 il əvvələ 2014-cü ilə aiddir – ildə 2 milyard ədəd. Hansı ki, R.Quliyev bu həcmin ümumi bazarın 25-27 faizi olduğunu bildirib(Trend). Bu hesabla götürdükdə, Azərbaycanda illik siqaret istehlakının 8 milyard ədədə çatmadığı görünür. Lakin istehlakın hətta 15 milyard ədəd səviyyəsində olduğunu iddia edənlər də var.
Rəsmi rəqəmlərə nəzər yetirdikdə də R.Quliyevin açıqladığı statistikanın reallığı əks etdirmədiyi aydın olur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə respublikaya 1779,04 ton tütün xammalı, ondan əlavə isə 11 milyard 522,84 milyon ədəd (?!) siqar, tütündən və onun əvəzedicilərindən hazırlanan siqaretlər, həmçinin 1274,07 ton tütün əvəzediciləri, homogenləşdirilmiş və ya bərpa edilmiş tütün, tütün ekstraktları və essensiyaları gətirilib. Siqaretdən qat-qat bahalı olan siqarın Azərbaycanda satış həcminin dəfələrlə məhdud olduğunu nəzərə aldıqda, idxalda adı keçən 11,5 milyard ədəd siqar, tütündən və onun əvəzedicilərindən hazırlanan siqaretlərin ən azı 9-10 milyardının siqaret olduğunu söyləmək mümkündür. R.Quliyevin rəhbəri olduğu “Europian Tabacco Baku”nun istehsal etdiyi 2 milyard siqareti də əlavə etsək, 11-12 milyardlıq istehlak həcmi olduğunu görərik.
O boyda şirkətin internet saytı da yoxdur
Öz fəaliyyətinə dair heç bir hesabat açıqlamaması, hətta İnternet saytının belə olmaması rəhbəri deputat olan inhisarçı şirkətin şəffaflıq və açıqlıq prinsiplərindən nə qədər uzaq olduğunu bir daha sübut edir. Bu gizlilik deputata imkan verir ki, siqaretin qiymətini istədiyi kimi artırıb, insanların onsuz da kasıb büdcəsindən maksimum gəlir əldə etsin.
Son 2 ildə R.Quliyevin siqaretin qiymətinin artmasına dair açıqlamaları diqqətçəkicidir. Məsələn, 2014-cü ildə – ölkədə iqtisadi böhran olmadığı dövrdə R.Quliyev dünya bazarında tütünün qiymətinin artmasını əsas gətirməklə Azərbaycanda da siqaretin bahalaşmasını “izah” etməyə çalışırdı. Daha sonra tütünə qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası ilə bağlı Azərbaycanda bir qutu siqaretin qiymətində aksiz payının 70 faizədək (ƏDV nəzərə alınmamaqla) artırılmasını qiymətlərin bahalaşmasının qaçılmazlığını sübut edən fakt kimi əlində bayraq etdi. Ötən ildən başlanan artımların isə izahı hazırdır – siqaret istehsalı üçün tütün xammalının az qala hamısı xarici ölkələrdən dollarla alınır.
Yerli xammal istehsalı niyə diqqətdən kənarda qalıb?
Bu halda ortaya sual çıxır: 16 ildir Azərbaycanda siqaret istehsal etməklə yüz milyonlarla dollar gəlir əldə edən inhisarçı şirkət nədən yerli xammal istehsalına diqqət yetirməyib? Axı təkcə 2015-ci il ərzində ölkəyə tütün xammalı və hazır tütün məmulatlarının idxalına 297 milyon 850 min ABŞ dolları məbləğində valyuta sərf olunub. Tanzaniya, Bolqarıstan, Braziliya, Gürcüstan, Hindistan, Xorvatiya, İspaniya, İtaliya, Livan və Macarıstandan xammal daşımaqdansa, R.Quliyev daxildə tütün istehsalını stimullaşdırıb yerli xammaldan istifadəyə diqqət ayıra bilməzdimi?
Yalnız ötən il – dövlət başçısı istehsalçılara yerli xammaldan istifadəylə bağlı çağırış edib, tütün istehsalçılarına subsidiya ayırandan sonra R.Quliyev ayılıb və Zaqatalaya gedərək tütün istehsalçıları ilə görüşüb. Halbuki bu işə vaxtında başlansaydı, indi daxili istehsal ölkədə siqaretə olan tələbatı təmin etməyə imkan verərdi. Və nəinki yüz milyonlarla dollar kənara axardı, əksinə, xaricə ixrac nəticəsində ölkə iqtisadiyyatının kəskin ehtiyac duyduğu valyutanın Azərbaycana axını baş tutardı.
“Təxribatçı” səhmdarlar…
Qeyd edək ki, 2015-ci ildə Azərbaycandan kənara tütün və tütün məmulatlarının ixracı cəmi 9 milyon 425 min ABŞ dolları təşkil edib. İxrac əməliyyatları Rusiya, Belarus, Gürcüstan, İran və Misirlə aparılıb. 2016-cı ildə isə ixrac həcmi 8 milyon dollara düşüb.
2016-cı ilin rəsmi statistikasına görə, ötən il ölkədə tütün məmulatlarının istehsalı 13,4 faiz azalıb. Qiymətləri isə 52.1 faiz bahalaşıb.
Maraqlıdır ki, son 2 ildə qiymətlərin kəskin bahalaşması Azərbaycanda siqaret istehlakını azaltmayıb – Dövlət Statistika Komitəsinin məlumatına əsasən ölkəmizdə siqaret çəkənlər adambaşına 53 qutu siqaret istehlak edirlər. Dünya üzrə orta göstərici isə adambaşına 40 qutudur. Bu qədər böyük bazarın 90 faizindən çoxunun idxal xammalı əsasında təmin edilməsinə görə məsuliyyət daşıyanlardan biri, bəlkə də birincisi R.Quliyevdir. Deputat gəlir azaldıqca işdən çıxardığı səhmdarları “təxribatçı” adlandırır, onların haqlı etirazlarını zor gücünə yatırtmağa çalışır. Halbuki ölkədə dollar qıtlığının yaranmasında özünün “rolu” heç də az deyil./AFN.az/