Tanınmış iş adamından Kəmaləddin Heydərova ittiham dolu müraciət

“Adamlarınız zavodu qardaşımdan zorla aldı, indi də oğlunuz nifrətlə…”

“Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri fövqəladə hallar naziri və yaxınlarının onların başına açdığı oyunlar barədə məktub yazıb

“Bir vaxtlar qardaşım kredit götürüb Göyçayda nar şirələri istehsal edən mini-zavod açmışdı. Sizin adamlar o zavodu onun əlindən zorla aldılar, qardaşım müflis oldu. Belə çıxır ki, növbə mənə çatıb. İndi də oğlunuz mənim dükanlarımı əlimdən alır. Taleh Heydərov var gücü ilə, bizləri adam yerinə qoymadan, nifrətlə, saymazyana, dükanlarımızın bağlanmasına çalışır…”, – “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciətində belə yazır.

Kəmaləddin Heydərovun adamları: “Əgər verməsən, səni əzəcəyik…”

N.Köçərlinin sözlərinə görə, dörd il əvvəl “Gilan Holding”in nümayəndəsi onu holdinqin mərkəzi ofisinə dəvət edib. Həmin görüşdə K.Heydərovun adından bildirilib ki, “Əli və Nino” onlara verilməlidir. Xəbərdarlıq da olunub: “Əgər verməsən, biz fil, sən isə qarışqa – səni əzəcəyik”.

N.Köçərli deyir ki, o vaxtdan “Əli və Nino”ya qarşı mənəvi terror başlayıb: gömrükdə problemlər, mağazalarda gizli çəkilişlər, işçilərin dindirməyə çağırılması, mətbuatda və sosial şəbəkələrdə N.Köçərlinin əleyhinə kampaniyalar…

Bütün bunlarla da kifayətlənməyib, indi də “Əli və Nino” kitab dükanlarını böyük ticarət mərkəzlərindən – “Mall”lardan çıxarırlar.

N.Köçərli daha sonra yazır:

“Cənab nazir, Sizin adamlar bizi bu dükanlardan qovur, yerində öz kitab dükanlarını yaradırlar. Mən dəfələrlə Tale Heydarova məktub yazmışam, amma heç bir nəticəsi olmayıb. Mən dəfələrə köməkçiləriniz vasitəsilə Sizə xəbər göndərmişəm. Heç bir nəticəsi olmayıb. Bəlkə də Sizin bunlardan xəbəriniz yoxdur…

Mən kitab biznesinə 15 il əvvəl 600 dollarla başlamışam. Beynəlxalq təşkilatda işləyirdim, maaşdan qənaət etmişdim. O vaxt Bakıda yalnız 2 kitab dükanı var idi, digərləri bağlanmışdı. Mall-larda, ticarət mərkəzlərində kitab dükanları açdıq və kitab gənclərimizin həyatına qayıtdı.

Bu gün bizim ardıcıl kitab təbliğatımız, parklarda keçirtdiyimiz endirimli kitab yarmarkalarının sayəsində oxucuların sayı xeyli artıb. Mütaliyə səviyyəsini artırmaq üçün Milli Kitab Mükafatı təsis etmişəm. Bununla da ədəbiyyat mətbuatın gündəminə qayıtdı.

Biz bu işə görə heç kəsdən mükafat gözləmədik. Eyni zamanda bizə vurulan indiki qəddar zərbəni də gözləmirdik.

Mən həmişə öz işimdən fəxrlə danışmışam. Çünki mən bu işi böyük sevgi və böyük zəhmət ilə qurmuşam.

“Adamlarınıza deyin, məndən əl çəksinlər”

Cənab nazir, Sizin ailə kitab biznesinə başlayanda düşündüm ki, nəhayət, Azərbaycanın ucqar yerlərində, heç bir kitab dükanı olmayan rayonlarda kitab dükanları və pulsuz ictimai kitabxanalar açacaqsınız. Oxu mədəniyyətinin inkişafına dəstək verəcəksiz. İmkansız insanlara pulsuz kitab paylayacaqsınız. Axı sizin imkanlarınız bizdən milyon dəfə böyükdür. Gözləntim özünü doğrultmadı. Görünür, kitabsız yerlərə getmək çətin oldu. Amma “Əli və Nino”nu bağlayıb, yerində öz kitab mağazalarını açmaq asandır.

Cənab Nazir, Tale Heydərov var gücü ilə və bizləri adam yerinə qoymadan, nifrətlə, saymazyana, dükanlarımızın bağlanmasına çalışır.

Mənim qardaşım bir vaxtlar kredit götürməklə Göyçayda nar şirələri istehsal edən mini-zavod açmışdı. Sizin adamlar o zavodu onun əlindən zorla aldılar, qardaşım müflis oldu. O vaxtdan xeyli vaxt keçib. Belə çıxır ki, növbə mənə çatdı. Sizin oğlunuz mənim dükanlarımı əlimdən alır.

Mən Sizə Azərbaycanda bizneslə məşğul olan tək-tük qadınlardan biri kimi müraciət edirəm. Əlbəttə, mənim arxamda böyük pullar və böyük adamlar yoxdur. Amma mənim arxamda, bir Azərbaycan qadınının böyük zəhməti, vicdanlı və halal əməyi durur.

Sizdən xahiş edirəm ki, öz adamlarınıza deyəsiniz ki, məndən əl çəksinlər…”

Paylaş