9 yaşlı Yusif kəskin böyrək çatışmazlığından əziyyət çəkirdi. Onun təcili əməliyyatına 30 min manat tələb edilirdi
Lakin nə ailəsinin buna imkanı çatırdı, nə qohum-əqrəbasının. Balaca Yusifin təcili əməliyyatı üçün mətbuatda və sosial şəbəkələrdə çağırış olundu. Amma 30 min manat toplanmadı və…
FİA.Az xəbər verir ki, hüquq müdafiəçisi, Yusifin yaxını olan Taleh Xasməmmədov 9 yaşlı günahsız uşağın vəfat etdiyini yazıb.
Onun təcili əməliyyatı üçün tələb olunan məbləğ toplanmayıb və əfsuslar olsun ki, bu qandonduran faciə baş verib. Yusifin gələcəyi, arzuları, ailəsinin ümidləri 9 il sonra torpağa gömdü – 30 min manata görə…
Niyə? Nə üçün Yusifi əməliyyat edəcək həkimlər, xəstəxanalar bu kasıb ailənin övladını pulsuz qəbul etmədilər? Bu qədər qansızlıq, vicdansızlıq olarmı? Səhiyyə naziri Oqtay Şirəliyev hara baxırdı?
Bir körpənin həyatından əhəmiyyətlidirmi 30 min manat? O xəstəxanada işləyənlərin, həkimlərin övladı yoxdurmu?
9 yaşlı körpəni pul tapılmayıb deyə əməliyyat etmirlər və diri-diri qəbirə göndərirlər. O.Şirəliyevin səhiyyəsi morqa çevrilməkdədir.
Bunu hansı vicdanla, hansı əqidə ilə ediblər? Deməli, həkimlər 30 min pul ödəmək imkanın yoxdursa, səni tabuta qoyacaqlar. Yusifin ölümünə səbəb olanlar məsuliyyətə cəlb olunmalıdırlar.
Onlar bir körpənin həyatına son qoydular, bir ailəni gözü yaşlı qoydular. Azərbaycanda övlad dünyaya gətirmək, böyütmək, onun başı üstündə əsmək olduqca əziyyətli işdir. Həkimlər isə 30 minə görə Yusifin taleyini qara gətirirlər.
FİA.Az xəbər verir ki, səhiyyə naziri Azərbaycan xəstəxanalarında nələr baş verdiyini öyrənsə istefa verməli olar. Ancaq O.Şirəliyevi səhiyyədəki özbaşınalıqlar maraqlandırmır.
Deyək ki, həmin pul toplanmadı, bəs həkimlər niyə Yusifi pulsuz əməliyyat etmədilər? Axı onlar Hippokrata and içiblər, İslam dinini qəbul ediblər. Bu mənəvi amillər də onların tükünü tərpətməyib?
Qanunla onların borcudur ki, Azərbaycan vətəndaşını pulsuz müalicə və əməliyyat etsinlər. Onsuz da hər gün əməliyyatdan kifayət qədər qazanırlar.
Bir uşağı pulsuz əməliyat edib ailəsinə bağışlasaydılar olmazdımı? Allah, insanlıq yolunda böyük savab iş görmüş olardılar. Amma böyük günaha batdılar və Yusifin ruhu onları bağışlamayacaq.
Azərbaycan səhiyyəsini reanimasiyaya və komaya salan Əli İnsanov artıq 12 ildir ki, həbsdədir. Bu nəyi dəyişib?! Heç nəyi.
Fiqurların dəyişikliyi əsla sistem dəyişikliyinə səbəb olmur. Pisi lap pis əvəzləyir.
Ona görə də Əli İnsanovu əvəzləyən Oqtay Şirəliyev Azərbaycan tibbini nə komadan çıxarıb, nə reanimasiya şəraitindən!
Ana və uşaq ölümləri, səhv diaqnozlar, sağlam adama vərəm, xərçəng xəstəliyi qoyulması, həkim səhlənkarlığı, orqan mafiyası, soyğunçuluq, rüşvətxorluq, dərman biznesi, bərbad şəraitli xəstəxanalarda bisavad həkimlərin özbaşınalıqları, klinikalarda pasientlərin başına oyun açılması, onkoloji xəstələrin yaxınlarının soğan qabığı kimi soyulması, əməliyyat masasında ani səhvdən insan ölümü, doğum şöbələrində açıq bazarlıq, regionlardakı xəstəxanalarda rəzalət və s. hallar əhalini partlayış nöqtəsinə gətirib çıxarıb.
Azərbaycanda tibb sahəsi məhv edilməklə yanaşı genofond dağıdılır.
İnsanlar həkimlərə etibar eləmir, İran, Türkiyə, Gürcüstan, daha böyük imkanı olanlar Avropaya müalicə, əməliyyat üçün üz tuturlar.
Elə Azərbaycan hakimiyyətində təmsil olunanlar da, Oqtay Şirəliyev də, müavini Elsevər Ağayev də, başqaları da ölkə səhiyyəsinə güvənmirlər.
Nə tibbi sığorta var, nə can təminatı, nə qiymətlərə nəzarət, nə dövlət xəstəxanalarında pulsuz xidmət, nə özəl klinikalarda tariflərin tənzimlənməsi…
Şəkərli diabetlər, onkoloji xəstələr, vərəmli, cüzamlı insanlar, minlərlə vətəndaşın büdcədən ayrılan pulları, dərmanları mənimsənilir, satılır, biznesə çevrilir.