Azərbaycanda məmurlar istədiklərini edirlər. Onlara buna görə “gözün üstə qaşın var” deyən olmur…

FİA.Az xəbər verir ki, bu özbaşınalıqlardan növbəti nümunə yaxınlarda sosial şəbəkələrdə yayılmış iki fotoda diqqət çəkdi.

Rövnəq Abdullayevlə Nazim İbrahimov qalmaqal yaratdı

Birində SOCAR prezidentin Rövnəq Abdullayevin 10 AA 999 nömrə nişanlı avtomobilində nömrələr arasında defisin olmaması, birində isə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun maşını pandus üzərində saxlaması olub.

Rövnəq Abdullayevlə Nazim İbrahimov qalmaqal yaratdı

Avtomobilin nömrəsində defis işarəsi silinən sürücülər istənilən yol polis postuna yaxınlaşaraq, 2-3 dəqiqə müddətində nömrəsində olan qüsuru aradan qaldıra bilirdi.

Bunu etməyənləri 50 manat cərimə gözləyir. Ancaq “neft kralı” qanunlara məhəl qoymadan maşın nömrəsində defisi düzəltdirməyib.

Baş Dövlət Yol Polis İdarəsinin müvafiq göstərişi ilə stasionar postda yol polisi avtomobilinin nömrəsində defisi silinən sürücüləri saxlayır. Onlara əvvəlcə məsələ ilə bağlı məlumat verilir, daha sonra nömrənin defisi normal hala salınır.

R.Abdullayev isə ölkənin yüksək ranqlı məmurlarıdan biridir və qanunlar onun üçün görünür ki, keçərli deyil.

Hər halda oğlu Türkiyədə saxlanarkən üzərindən 5-6 “prava”sı çıxırsa, atasının da qanunlara münasibəti belə olmalıydı.

Qanunlara və vətəndaşlara növbəti hörmətsizliyi isə komitə rəhbəri N.İbrahimov edib. Təbii ki, komitə məsələni sürücünün məsuliyyətsizliyi üzərinə qoyub.

Ancaq fotodan görünür ki, gərək yol gedəndə maşının ətrafında bir dövrə vurasan. Yəqin N.İbrahimov maşından düşən kimi kresloda oturmalıdır.

20-30 metr piyada gedə bilmir. Bu panduslar əlil və uşaq arabaları üçün nəzərdə tutulub.

Amma Diaspor komitəsinin sədri Nazim İbrahimovun xidməti avtomobili pandusdan səkiyə çıxmaq üçün istifadə edir. Səkidə avtomobil saxlamaq isə 50 manat cərimədir.

FİA.Az xəbər verir ki, komitənin sözçüsü Elşad Miraləm avtomobili düzgün saxlamadığına görə avtomobilin sürücüsünə xəbərdarlıq edildiyini bildirib.

“Bir neçə sosial şəbəkə istifadəçisi tərəfindən Komitə rəhbərliyinin avtomobilinin guya pandusun üzərindən çıxarılaraq Komitə binasının qarşısında saxlanılması barədə qeyri-dəqiq məlumat yayılıb.

Avtomobil pandusun üzərindən çıxarılmayıb. Bu heç fiziki baxımdan mümkün də deyil. Avtomobil o hündürlükdə pandusun üzərinə necə qaldırmaq olar? Fotoya bir də diqqətlə baxın xahiş edirəm.

Binanın qarşısında Dövlət Komitəsinə gələn rəsmi qonaqların, nümayəndə heyətlərinin, eyni zamanda Komitə rəhbərliyinin avtomobillərinin binaya yaxınlaşması üçün xüsusi yer var.

Təqdim olunan fotolarda bu aydın görünür. Komitəyə gələn xarici qonaqların, xüsusilə rəsmi şəxslərin təhlükəsizliyi üçün bu imkan yaradılıb.

Yəqin hər kəs razılaşar ki, yüksək səviyyəli rəsmi şəxsləri nəqliyyatın hərəkətinin intensiv olduğu bir ərazidə, yolun ortasında avtomobildən düşürmək nəinki protokol qaydalarına ziddir, həm də təhlükəsizlik baxımından yolverilməzdir”.

Komitə rəsmisi qeyd edib ki, sadəcə sürücünün səhvi odur ki, avtomobili pandusun qarşısında və səkinin üzərində saxlamamalıydı. Bununla bağlı da sürücüyə xəbərdarlıq olunub.

Bakı Nəqliyyat Agentliyi (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkə vasitəsi ilə fakta reaksiya verib.

Bildirib ki, panduslar əlilliyi olan şəxslərin yollarda rahat hərəkəti üçündür, amma bəzən panduslardan doğru olmayan məqsədlər üçün istifadə edilir.

O qeyd edib ki, önəmli olan bu işdə vətəndaşların fəal olmasıdır: “Rastlaşdıqları bu kimi halları sosial şəbəkələrdə müzakirəyə çıxaraq ictimai qınaq halına gətirirlər. Bunun üçün hər birinizə təşəkkür edirik”.

Bu elementar faktlar göstərir ki, məmurlar insanlara, qanunlara hörmət qoymurlar. Onlar hesab edirlər ki, şah qanundur.

Bu təkəbbür, özündənrazılıq əlamətləri hər addımda özünü göstərir. Əslində, məmurlar vətəndaşlara nümunə olmalıdırlar.

Ancaq oliqarx-məmurlar və övladları yollarda elə özbaşınalıqlar, qudurğanlıqlar edirlər, avtobus şoferini döyürlər, qəza törədirlər, piyadaları vururlar, sürət həddini aşırlar.

Məmurlar, onların həyat və davranışları, övladları hər zaman insanların diqqət mərkəzində olur. Bu, məntiqlidir.

Çünki məmurlar vətəndaşların verdiyi vergilərdən, ümumilikdə ölkənin sərvət və gəlirlərindən formalaşan dövlət büdcəsi hesabına yaşayırlar. Onların ictimai nəzarətin obyekti olmaları məhz bu səbəbdən doğrudur.

O məmurlar öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyəndə, korrupsiyalaşanda, ona idarə etmək üçün etibar edilmiş vəsaitləri talayanda, mənimsəyəndə, vəzifəsi olan işi görmək müqabilində rüşvət alanda və səlahiyyətlərindən sui-istifadə edəndə etirazla qarşılanırlar.

Onların ailələri, övladları həmin oğurlanmış, vəzifədən sui-istifadə yolu ilə qazanılmış vəsaitlər hesabına qudurğanlıq edəndə isə, cəmiyyət o məmurlara qarşı üsyan edir.

 
Paylaş