Mingəçevirdə ölkə başçısı İlham Əliyevin şəhərə səfərinə hazırlıq gedir

Fia.Az-ın mediada və sosial şəbəkələrdə yayılmış xəbərlərə istinadən verdiyi məlumata görə, sahibkarlara xəbərdarlıq olunub.

Belə ki, mağazaları, iaşə obyektlərini gəzən icra hakimiyyəti işçiləri hamını xəbərdar edib: ölkə başçısının gəlişi ilə əlaqədar olaraq heç kəs evindən çıxmasın.

Bunun səbəbi bilinməsə də, Mingəçevirin icra başçısı Niyazi Bayramov şəhərdə Şimali Koreya ab-havası yaradıb.

Hamını susmağa məcbur edən icra başçısı öyrədilmiş şəxsləri dövlət başçısının qarşısına çıxarmağa hazırlaşır.

Hərgah, prezidentin bu haldan xoşu gəlmir və real problemləri dilə gətirən iş adamları, sadə sakinlər ölkə başçısı ilə görüşməlidir.

Mingəçevirin icra hakimi isə hansısa qanunsuzluqların, real faktların ifşa olunmasından çəkindiyi üçün insanların həmin gün küçəyə çıxmasını yasaqlayıb.

Fia.Az xəbər verir ki, Sakinlər deyirlər ki, burda ən böyük problem işsizlikdir: “Uşaqlarıma gözüdolusu ət, meyvə yedirdə bilmirəm.

Bir az ağzımı açıb danışanda da deyirlər, dövlətçilik əleyhinə danışırsan. Haqqını tələb etmək dövlətçilik əleyhinə çıxmaq imiş…”

Sovet vaxtı sənaye şəhəri kimi tanınan Mingəçevgirdə indi Su Elektrik Stansiyasından və İstilik Elektrik Stansiyasından başqa iri müəssisə yoxdur.

Xırda ticarət obyektləri isə məmurların və yaxınlarının inhisarındadır. Az-çox qazanan varsa, o da icrada, orda-burda adamı olanlardır.

Mingəçevirlilərin prezidentə daha bir sözü bu iri şəhərin yay-qış susuzluqdan əziyyət çəkməsilə bağlıdır. İnfeksion xəstəliklərə yoluxmamaq üçün içməli suyu pulla alırlar:

Zaman-zaman su probleminin həllinə pullar ayrılsa da, işlər görülməyib.

Mingəçevirin mərkəzindən bir az kənardakı məhəllələrdaxili yollar asfaltlanıb. Sonra “yada” düşüb ki, asfaltın altındakı su-kanalizasiya xətlərini yeniləmək lazımdır.

Məhəllədaxili yollar yenə qazılıb və bu vəziyyətdə qalıb.

Avtobusların marşrut xətləri dəyişdirilib. Səbəb prezidentin gəlişinə görə yollarda yenilik işlərinin aparılması ilə bağlıdır.

Adamlar maşını həyətlərin içi ilə sürür. Bütün küçələr bağlıdır. Mingəçevir şəhər İcra Hakimiyyəti isə iddiaları təkzib edir, şəhərin gözəlləşdiyini bildirir, problemlərin həll olunduğunu söyləyir.

Yeri gəlmişkən, Mingəçevirin icra başçısı gənclər və idman naziri Azad Rəhimovun qudasıdır.

Mediada verilən məlumatlarda bildirilir ki, Niyazi Bayramov icra başçısı postuna təyin olunduqdan sonra rayonun iş adamlarının qara günləri başlayıb.

İndiyədək onlardan toplanan vəsaitlər hesabına Mingəçeviri ən müasir səviyyədə abadlaşdırmaq, bir neçə təhsil və səhiyyə müəssisəsi inşa etmək olardı.

Lakin buna baxmayaraq, bu günədək rayonda yalnız xırda, yəni kosmetik təmir işləri aparılıb.

Dəfələrlə olub ki, rayonda asfalt örtüyünün dəyişdirilməsi məqsədilə iş adamlarından külli miqdarda pul yığılıb.

Nazirin qudasının Yasamal ərazisində böyük tikintiləri, obyektləri, biznes şəbəkələrinin mövcud olduğu, üstəlik Yasamalda geniş imkanlara malik olduğu barədə də iddialar var.

Bundan əlavə, Mingəçevirdə işlədiyi dövrdə barəsində şikayətlərin olmamasına çalışan və Prezident Administrasiyasına dosyesinin təmiz getməsi üçün əlindən gələni edən N.Bayramov nazir qudasının siyasi nüfuzundan da istifadə etməkdədir.

Paylaş