Rusiya vətəndaşı Tutu Gürzalı qızı Əhmədova sabiq icra başçısı və hazırda Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi olan Məharət Mustafayev tərəfindən aldadılaraq 100 min dollar pulunun mənimsənilməsi ilə bağlı redaksiyamıza şikayət ərizəsi ilə müraciət edib.

Qeyd edək ki, daha öncə də “Yeni Müsavat” qəzetində Tutu Əhmədovanın şikayəti ilə bağlı məqalələr dərc olunub.

1983-cü ildən Rusiyada yaşayan və həmin ölkənin vətəndaşı olan Tutu Əhmədova 2012-cü ildə vətənə dönüb və əlindəki 100 min dollar vəsaitlə torpaq almaq fikrinə düşüb. 2013-cü ildə Gəncə şəhəri, Nizami rayonunun icra hakimiyyətinin başçısı olan Məharət Mustafayevlə alqı-satqı haqqında danışıq aparıb. İH başçısı qadına torpaq sahəsini göstərib, heç bir sənəd verilmədən əlində olan 100 min dolları alıb:
Şikayətçi hadisənin baş verməsini belə nəql etdi: “1983-cü ildən Rusiyada yaşayırdım. Həyat yoldaşımın vəfatından sonra 2012-ci ildə Azərbaycana gəlib, sahibkarlıq fəaliyyətinə başlamaq qərarına gəldim. Yoldaşımdan qalan ev və torpaq sahələrini sataraq, 100 min dollar pul əldə etdim. Yoldaşımın yaxın dostu Asif Kazımovun vasitəçiliyi ilə Gəncənin Nizami rayonunun icra başçısı Məharət Mustafayevlə görüşdüm. O, maldarlıq üçün əlverişli yerdən 160 sot torpaq sahəsi təklif etdi. Özüm də həmin torpağa baxdım, həqiqətən də fermer təsərrüfatı üçün əlverişli idi. Razılaşdıq, torpağı aldım. Torpağın pulunu iki mərhələyə aldı. İlk ödəniş 50 min manat, ikincidə isə 30 min manat ödədim. 2013-cü ilin yay aylarında isə Məharət Mustafayev kadastr üçün əlavə olaraq 20 min manat istədi. Ümumilikdə, o, məndən 100 min dollar pul aldı. Mən Rusiya vətəndaşı olduğum üçün torpağı öz adıma sənədləşdirə bilməzdim. Bu səbəbdən bacım qızının şəxsiyyət vəsiqəsini də sənədləşmə üçün verdim. Uşaqlarımın dərs ili başladığından Rusiyaya qayıtdım. Həmin il səhhətimdə problem olduğu üçün əməliyyat olundum, vəziyyətim ağır olduğundan Azərbaycana gələ bilmədim. Bir də 2015-ci ildə Azərbaycana qayıtdım. Öyrəndim ki, 2014-cü ildə Məharət Mustafayev torpaq davasına görə Xanlar rayonunun icra başçısının yaxın adamını döyüb. Buna görə də vəzifəsindən azad olunub”.
Zərərçəkən bildirir ki, bir müddətdən sonra sabiq icra başçısından aldığı torpaq sahəsinin saxta sənədlə satıldığını öyrənib: “İşdən azad olunan ərəfədə bir çətinliklə də olsa Məharət Mustafayevlə görüşə bildim. Torpağın başqa bir şəxsə aid olduğunu bildirdim və saxta sənəd verdiyi üçün şikayət edəcəyimi dedim. Ondan verdiyim 100 min dolları geri qaytarmasını tələb etdim. Lakin heç bir faydası olmadı. Onun qanunsuz əməllərini ifşa eləmək üçün danışıqlarını telefonuma yazmaq istədim. Ancaq Məharət Mustafayev bunu hiss etdi və telefonumu bağladı. Lakin bir neçə saniyəlik də olsa, onunla söhbətimin səs yazısını qeyd edə bilmişəm. Səs yazısında torpaq haqqında danışdığımız aydın eşidilir. “Mən kişi kimi sizə söz verirəm, sənin işini həll edəcəm” – bu kimi sözlər deyir. Bundan əlavə, isbat üçün Məharət Mustafayevin mesajlarını saxlamışam. Hətta torpağın alınmasında köməklik edən Asif Kazımovla yazışmalarımız da var. Bu gün Məharət Mustafayev hər şeydən boyun qaçırır. 100 min dollar alıb, saxta sənədlə torpaq satıb. Əgər Məharət məndən pul almayıbsa, mənim bacım qızının adına sərəncamla niyə 1 hektar torpaq verib? Ən əsas sübut budur”.

T. Məmmədova məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etdiyini bildirdi: “Cinayət işinin qaldırılması üçün prokurorluq orqanlarına müraciət edilib. Hadisə Gəncə şəhərində olduğu üçün materialların araşdırılması Gəncə şəhər prokurorluğuna göndərildi. İşin aparılması üçün prokurorluğun müstəntiqi Tural Məmmədova tapşırıldı. Müstəntiq 2017-ci ilin may ayının 25-i Məharət Mustafayevi və məni çağıraraq, izahat aldı. Bir gün sonra, yəni mayın 26-sı isə cinayət işinin rədd edilməsi haqqında qərar verdi. Bir günə izahat, bir günə rədd etmə… Təbii ki, bu gün əlimizdə olan dəlillər təqdim edilmədiyi üçün bu faktlar hələ araşdırılmayıb”.

Şikayətçi müstəntiqin qərarı ilə bağlı Nizami Rayon Məhkəməsinə şikayət versə də, bunun bir nəticə vermədiyini deyir: “Şikayətimizdən sonra məhkəmə müstəntiqin qərarını təsdiqlədi. Burada müstəntiqin qərarından söhbət gedir, faktın tam əhatə olunub-olunmamasından getmir. Müstəntiq sadəcə izahata uyğun qərar verib. Yəni, Məharət Mustafayev məmur olduğu üçün onun sözlərinə haqq qazandırıldı”.

Zərərçəkmiş onu da bildirdi ki, Məharət Mustafayev bu işdə vasitəçi olan Asif Kazımovun susması müqabilində ona torpaq sahəsi verib: “Yoldaşımın dostu, Məharət Mustafayevdən torpaq almamda köməklik edən Asif Kazımov da aldadılmış şəxsdir və zərərçəkmiş qismində kimi tanınmalı idi. Çünki onun 54 min dollar pulunu başqa bir torpaq məsələsi ilə bağlı Məharət Mustafayev mənimsəmişdi. Məharət Mustafayev Asimə torpaq verərək, onu susdurdu. Torpaq almazdan öncə Asim Kazımovun evinə gedib, Məharət Mustafayevin ona susmağı qarşılığında torpaq verəcəyi ilə bağlı danışdırıb, özünün razılığı ilə videolentə almışam. Həmin videonun diski də məndədir”.

T. Məmmədova məsələ ilə bağlı Baş Prokurorun birinci müavini Rüstəm Usubovun qəbulunda olub: “Sonuncu dəfə baş prokurorun birinci müavini Rüstəm Usubov cənablarının qəbulunda olduq. Bizi qəbul elədi, faktları ona təqdim etdik. Rüstəm müəllim bizi dinlədikdən sonra təqdim etdiyimiz materialları yenidən araşdırılması üçün Gəncə prokurorluğuna göndərdi. Gəncənin prokuroru isə həmin materialları başqa bir müstəntiqə göndərməli olduğu təqdirdə, təkrarən müstəntiq Tural Məmmədova göndərdi. Hansı ki, həmin müstəntiq cinayət işinin rədd edilməsi haqqında qərar vermişdi. Belə olan halda, Gəncə prokurorunun hərəkəti məntiqi və hüquqi baxımdan doğru deyil. Bizdə məlumat var ki, Məharət Mustafayev müstəntiq Tural Məmmədovun yaxın dostunun adına torpaq sahəsi verib. Bir sözlə, Məharət Mustafayev istədiyi kimi hərəkət edir, dar məqamda qalanda isə kimə istəsə torpaq verib susdurur. Özünü Gəncənin sahibi hesab edir. Mən bir daha aidiyyatı orqanlardan xahiş edirəm ki, təqdim etdiyim materiallara baxılsın, ədalətli qərar çıxarılsın”.teref.info
Vətəndaşdan sabiq icra başçısına ittiham: “100 min dollar pulumu mənimsədi”
Vətəndaşdan sabiq icra başçısına ittiham: “100 min dollar pulumu mənimsədi”
Vətəndaşdan sabiq icra başçısına ittiham: “100 min dollar pulumu mənimsədi”

Paylaş