Rayonun B.Bağırova küçəsi, ev-35-də yaşayan ziyalı xanım Səyyarə Məcidovanın məhz İcra başçısının sayəsində evi sökülüb, xanım aldadılıb və indi bir manat da olsun kompensasiya verilmir…
“Şərurlu İsfəndiyar”a məxsus «ArchiCO» MMC direktoru Musa Musayev ağbirçək Səyyarə Məcidovanın, deyəsən, ölümünü gözləyir… 
…Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun 4-cü mkr. Əlisgəndər İsgəndərov küçəsində yerləşən bir neçə binanın əhatəsindəki yeganə yaşıllığın məhv edilib, bina tikdirməsi barədə qəzetimizdə və sayıtımızda bir neçə yazı dərc olumuşdur. Qeyd etmişdik ki, sakinlərin istirahət məkanı olan yaşıllığın məhv edilib bina tikilməsi Prezident seçkiləri ərəfəsi A.Əsgərov tərəfindən bir təxribatdır. Yazılarmızdan sonra Ekologiya Nazirliyinin əməkdaşları işə qarışdı və tikinti dayandırıldı, ağır texnikalar ərazidən çıxarıldı. Fikirləşmək olardı ki, Asif Əsgərovun vətəndaşları dövlətdən və prezidentdən narazı salan belə addımları daha olmayacaq. Amma sən saydığın say, gör Asif Əsgərov nə sayır…

İcra başçısı ipə-sapa yatmır…

Redaksiyamıza daxil olan daha bir şikayət göstərdi ki, İcra başçısı kimi hörmətli Asif Əsgərovun missiyası, sanki vətəndaşları narazı salmaqdan ibarətdir. Özü də maraqlıdır ki, bu dəfə heç rayon İcra Hakimiyyətinə dəxli olmayan bir məsələyə qarışmaqla A.Əsgərov vətəndaşa problem yaradıb.
Redaksiyamızda olarkən Nəsimi rayonu B.Bağırova küçəsi, ev 35-də yaşayan 81 yaşlı Məcidova Səyyarə Hidayət qızının şikayətini dinləyəndən sonra belə qərara gəldik ki, doğrudan da İcra başçısı kimi Asif Əsgərov yerində deyil. Əgər 81 yaşlı ziyalı, uzun müddət Nizami rayonu 1 saylı Uşaq evinin direktoru işləmiş, ömrünü-gününü kimsəsiz uşaqların tərbiyəsinə həsr etmiş, bu yolda saçlarını ağartmış və həmişə dövlətə, Prezidentə sədaqətli olmuş Səyyarə xanım başçının işindən narazılıq edib, ona problem yaratmasından danışırsa, onda doğrudan da İcra başçısı kimi Asif Əsgərov prezident cənab İlham Əliyevin etimadını doğrulda bilmir. Görün iş nə həddə çatıb ki, hay-küy edib dava salan adam kimi Nəsimi Rayon İcra Hakmiyyəti belə bir ziyalı xanımı məhkəməyə verib. Məgər rayonun sahibi kimi A.Əsgərov bu ağbirçək xanımı dəvət edib, dərdini dinləyə bilməzdimi? Bəs problem nədən ibarətdir?
***
Məlum olur ki, tikinti maqnatı “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundova məxsus «ArchiCO» şirkəti Səyyarə Məcidovanın yaşadığı Nəsimi rayonu B.Bağırova küçəsi, ev 35-in yerində bina inşa etmək niyyətindədir. Bu məqsədlə, görünür yaxın dostu və həmyerlisi olan Nəsimi RİH-in başçısı Asif Əsgərovdan istifadə etmək qərarına gəlib. Ona görə ki, əraziyə Nəsimi Rayon İcra Hakmiyyətinin nümayəndəsi ilə gələn şirkətin nümayəndəsi sakinləri aldadaraq bildirib ki, burada pilot layihə kimi bina tikiləcək və sakinlərlə bağlanan müqavilə əsasında yalnız ev veriləcək, heç kəsə pul verilməyəcək. Yəni sakinlərə pul verilməsi nəzərdə tutulmayıb. Belə çıxır ki, özəl şirkət pilot layihə həyata keçirir, lakin bu işdə köməkçi kimi Nəsimi RİH-in başçısı Asif Əsgərovun müdaxiləsinə ehtiyac duyur. Bildiyimizə görə pilot layihələri, ancaq dövlət qurumları həyata keçirə bilər. Neynək, olsun, buna da inanaq. Amma istər-istəməz sual yaranır: Əgər özəl şirkət pilot layihə həyata keçirirsə, nəyə görə İcra Hakimiyyətini bu məsələyə qarışır? Şirkət ikimərtəbəli binanın bütün saknilərini hansı yollasa razı salırlar və onlar evlərini tərk edirlər. Lakin Səyyarə Məcidovanı yaşlı qadın bilib aldatmaq qərarına gəlirlər.
Gəlin şikayətçi Səyyarə Məcidovanın özünü dinləyək:
– Şirkətin Mehman, Emin və Hikmət adlı nümayəndələri gəlib dedilər ki, sənə 70 min manat pul və 2 otaqlı mənzil veririk (Bəs deyirdilər pul vermirlər – E.M.) Mənim mənzilimin ümumi sahəsi 95.11 kvm., qarajımın ümumi sahəsi isə 31.90 kvm-dir. Bütün bunlar şirkətin öz nümayəndələrinin hazırladığı və 59 saylı MKİS-in mühəndisi R.A.Süleymanovun, mənim və “ARCHİCO” şirkətinin direktoru Məhəmməd Musayev tərəfindən imzalanıb, möhürlənmiş eskiz sxemində əksini tapıb. Mən təklif olunan pul və mənzili təbii ki, qəbul etmədim. Çünki hər yerdə evləri sökülən sakinlərin mənzillərinə 1 kvm.-nə 1500 manatdan pul verirlər. Hərçənd keçmiş “Voladarski” adına fabrikin və Rusiya səfirliyinin yaxınlığında olan ərazinin bazar qiyməti yəqin ki, hamıya məlumdur. Həmin ərazidə evlərin 1 kvm.-i 2500 və 3000 manatdan çoxdur. Lakin onların təklif elədiyi 70 min manat pulu və 2 otaqlı mənzili hesablayanda mənim 3 otaqlı evimin 1 kvm.-i 700 manata başa gəlir. Bu haqsızlıq deyilmi? Mən bu təkliflə necə razılaşım? Mən çoxsaylı xəstəlikdən əziyyət çəkirəm. Onkoloji, şəkər xəstəsiyəm. Bundan əlavə, sağ böyrəyimdə çox ciddi problem var. Qan təzyiqim mənə əziyyət verir. Yaşlı adamam, bu gündən sonra nə qədər ömrüm qalıb, bilmirəm. Görünür şirkətin başbilənləri bütün bunları nəzərə alıb, mənə cüzi miqdarda pul və 2 otaqlı mənzil təklif edirlər. Fikirləşirlər ki, bu pula mənim başımı aldatsınlar, mənzildə ki, Allah bilir nə vaxta başa gələr. O vaxta qədər mən yaşayacağammı? Hər halda bunu Allah bilər. Elə onları da Allaha tapşırıram. Bu insanlar fikirləşmirlər ki, bəlkə də o evin tikilməsini mən görə bilmədim. Əslində fikirləşirlər də. Elə ona görə də bu addımı atırlar. Ancaq mən mənzilimə düşən halal pulumu istəyirəm ki, gedim özümə həm mənzil alım, həm də müalicələrimi davam etdirim. Məhz evimi satacağıma arxayın olduğumdan müalicəm üçün indiyə qədər 85 min manata qədər borc etmişəm. Bunu Allah götürərmi? Bu gün varam, sabah yox. Mənim pulumu versinlər, gedim qalan ömrümü xəstəliyimin müalicəsinə həsr edim, qalmaqallara, məhkəmələrə yox. Axı mənim o yaşım deyil.

Vətəndaşı aldatma texnologiyası…

Səyyarə xanımı dinlədikcə dəhşətə gəlirik. Axı elimizdə ağsaqqala, ağbirçəyə həmişə hörmət olub. İndi insanlara nə olub, onları nə dəyişdirib ki, böyük-kiçik hörməti tamam unutmuşuq. Elə ona görə də şirkətin başbilənləri Səyyarə xanım kimi ziyalı bir qadını evindən çıxartmaq üçün bütün pisliklərə əl atıblar. Əvvəlcə işığını, qazını, suyunu kəsiblər. Bu nəticə verməyəndə, binanın digər evlərini, hətta Səyyarə xanımın hamamdan tualetə gedən pilləkanını belə söküblər. Budurmu anaya, qadına hörmət? Bu, nə biabırçılıqdır? Köməksiz, tək qadını, 81 yaşlı azərbaycanlı ananı bu yolla küçəyə atmaq vicdansızlıq deyilmi? Axı hər birimizin anası var və kim razı ola bilər ki, onun anası ilə bu cür rəftar etsinlər? Bu gün S.Məcidova qohum-əqrəbanın qapılarında qalıb. Məgər 81 yaşlı ziyalı bir xanımın bu gün öz ocağında yaşayıb, ömür sürməyə haqqı yoxdurmu? Elə yaşlıdır deyə, onun başına bu müsibətlər açılmalıdırmı?
Bu azmış kimi Nəsimi RİH-in başçısı Asif Əsgərov da bu ağbirçək xanıma daha bir zərbə vurur. Təsəvvür edirsinizmi, Səyyarə xanımı Nəsimi RİH-in başçısı Asif Əsgərov hansı əzablar çəkməyə məcbur edir? Şirkətin sərfəsiz təklifinə «yox» dediyinə görə Səyyarə xanımı evdən çıxartmaq üçün, Nəsimi İcra Hakmiyyəti bu yaşlı xanımı məhkəməyə verib. Bu boyda haqsızlıq olarmı?
Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixdə hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə iclasının materiallarında oxuyuruq: «Məhkəmə ilk növbədə qeyd edir ki, yuxarıda göstərilən AR Nazirlər Kabinetinin qərarının icrası ilə əlaqədar mübahisəni Evin istismar müddətinin bitməsi ilə əlaqədar onun yerləşdiyi ərazidə müvafiq söküntü işlərinin həyata keçirilməsi, sakinlərin köçürülməsi və sakinlərə vəsaitlərin ödənilməsi Bakı Şəhər Nəsimi İcra Hakmiyyətinə həvalə edildiyindən, həmçinin Nəsimi Rayln İcra Hakimiyyəti ilə «ArchiCO» MMC arasında bağlanmış 03.02.2017-ci il tarixli müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilmiəsi «ArchiCO» MMC öz üzərinə götrüdüyündən, Nəsimi Rayon İcra Hakmiyyətinin hazırkı tələblə məhkəmədə idida irəli sürməyə subyektiv hüququ var».
Bu, Nəsimi RİH-in başçısı Asif Əsgərovun qanunla yazılan hüququdur. Bəs bir azərbaycanlı oğlu kimi 81 yaşlı xanıma əzablar çəkdirmək hansı hüquqda yazılıb? Məgər o qədər sakinlər arasında bir nəfəri razı salmaq Asif Əsgərov üçün çətin məsələdirmi? Və yaxud o boyda nəhəng tikinti layihələri həyata keçirən «ArchiCO» MMC-nin direktoru Musa Musayev üçün təxminən 200 min manat pul tapılmırmı ki, ömrünün ahıl çağlarını yaşayan ağbirçək xanıma əzab verməsin? Nəzərə alsaq ki, bu tikinti şirkətinin arxasında duran “Şərurlu İsfəndiyar” Axundovdur, onda adamı lap təəccüb bürüyür. Çünki İ.Axundov barədə o qədər də pis məlumatımız yoxdur. Onu da bilirik ki, hətta sakinləri aldadıb, bir mənzili bir neçə nəfərə satdıqlarından sahibləri həbs olunan tikinti şirkətlərinin bəzilərini İ.Axundovun şirkətinə həvalə ediblər ki, sakinlərin problemlərini həll etsin. Belə olan surətdə yaşlı bir xanımın problemini həll etmək “Şərurlu İsfəndiyar” və onun şirkətlərindən biri olan «ArchiCO» MMC-nin direktoru M.Musayev üçün çoxmu çətindir? Hər şeydən əvvəl biz Nəsimi RİH-in başçısı Asif Əsgərovu günahkar bilirik. Çünki rayonun sahibi odur və prezident cənab İlham Əliyev onu rayon sakinlərinə xidmət etmək üçün ora təyin edib. Amma yazının əvvəlində də qeyd etdik ki, Asif Əsgərov prezident seçkiləri qabağı vətəndaşları dövlətdən narazı salmaqla təxribat törədir. A.Əsgərov elə bil and içib ki, işini-gücünü, ancaq vətəndaşları dövlətdən narazı salmağa sərf edəcək.
Nəsimi Rayon Məhkəməsi təbii ki, İcra Hakmiyyətinin başçısı Asif Əsgərovun tələbini təmin etmişdir. Belə ki, məhkəmənin qərarına əsasən Səyyarə Məcidova yeni tikləcək binada 95.11 kvm. və əlavə 15 faiz olmaqla mənzillə təmin ediləcək. «ArchiCO» MMC şirkətinə isə S.Məcidovanın mənzilinin yerləşdiyi binanın sökülməsi həvalə edilib.
Maraqlıdır, şirkətin hazırladığı eskiz sxemində mənzilin yaşayış sahəsi 95.11 kvm. daş qarajının ümumi sahəsi isə 31.90 kvm. göstərilib. Məhkəmə qərarında isə qaraj barədə söhbət getmir. Onda belə bir sual yaranır: yaxşı, toyuq yumurtlamadı, bəs falı hanı? S.Məcidovaya heç olmasa eskiz sxemində göstərilən ölçüdə mənzil ayrılsın. Məhkəmə isə təbii ki, ərazisində yerləşdiyi İcra Hakmiyyətinin başçısı Asif Əsgərovun tələbini təmin edəcək və edib də.
Əlbəttə, bütün işlərdə mütləq istisna hallar olur. Elə bu istisna halı gərək birinci Nəsimi RİH-in başçısı Asif Əsgərov, ikincisi «ArchiCO» MMC-nin direktoru Musa Musayev, üçüncüsü isə Nəsimi Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev nəzərə almalı idilər. Çox təəssüf ki, 81 yaşlı, çoxsaylı xəstəlikdən əziyyət çəkən bir ananı qapılara salmaqdan bu insanlar həzz alırlar. Bunu yerdə ölkə Prezidenti cənab İlham Əliyev, I Vitse-Prezident, belə insanlara qarşı həmişə həssaslıqla yanaşan xanım Mehriban Əliyeva bağışlamayacaq…
S.Məcidova öz hüququnu qorumaq üçün Nəsimi Rayon Məhkəməsinin qərarından Apelyasiya Məhkəməsinə şikayət edib. Hazırda məhkəmənin bir neçə iclası keçirilib və Qətnamə çıxarılmaq üzrədir. İnanırıq ki, Apelyasiya Məhkəməsinin hakimləri nəhayət, ağbirçək, ziyalı xanımın tələbini təmin edəcək və bununla da həm qanunlarımıza hörmət etdiyini göstərəcək, həmçinin Allah yanında savab qazanacaq.
Redaksiyamızda olarkən ağbirçək anamız prezident cənab İlham Əliyevə və I Vitse-Prezident xanım Mehriban Əliyevaya müraciətini də bizə təqdim etdi. Növbəti yazımızda həmin müraciəti dərc edəcəyik. Mövzunu gündəmdə saxlayacağıq. tezadlar

Paylaş