Qeyd edək ki, son vaxtlar hədəfə çevrilən vəzifəli şəxslərdən biri də Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlıdır
Palata rəhbəri Rüfət Aslanlı işə başlar-başlamaz atdığı bəzi addımlarla hakim komanda daxilində və cəmiyyətdə qınaq obyektinə çevrilib. Bu azmış kimi onun fəaliyyətindən narazılıq o həddə çatıb ki, Palatadakı səlahiyyətlər qurumun icraçı direktoru İbrahim Alışova həvalə edilib.
Ölkə KİV-ləri yazır ki, sonuncunun da bank sektorunda kifayət qədər tanınan və peşəkarlığı ilə seçilən bir şəxs olmadığı, ən azından cəmiyyətdə kifayət qədər tanınmadığı öz sözünü deyib. Son nəticədə ölkənin maliyyə-bank sektorunda vəziyyət düzəlmək əvəzinə, daha da qeyri-müəyyən hala gəlib:
“Heç kimə sirr deyil ki, bank sektorunun başının üzərini almış kabusu dağıtmaq bütövlükdə bu sektora nəzarət edən səlahiyyət sahiblərinə müyəssər olan məsələ deyil. Amma, eyni zamanda o da etiraf olunmalıdır ki, dövlət başçısı səviyyəsində taleyüklü qərarların qəbulu üçün məhz münbit zəmin hazırlamaq və Prezidenti buna inandırmaq bu sahəyə nəzarət edən və ya etməli olan mötəbər şəxlərin borcudur. Amma görünür, kimsə dövlət başçısını inandıracaq arqumentlərə sahib ola bilməyib və bununla da milyonlarla kredit borclularının intizarla gözlədiyi “amnistiya” qərarı hələ də çıxmayıb. Əvəzində iş o yerə çatıb ki, Palatadakı son iclaslar da məhz İbrahim Alışovun rəhbərliyi ilə keçirilib və Rüfət Aslanlının bu iclaslarda iştirak edib-etmədiyi barədə məlumatların sanki gizli saxlanılmasına üstünlük verildiyindən ictimaiyyətə bu barədə hər hansı məlumat, yaxud fotosübut təqdim edilməyib.
Sual olunur, Rüfət Aslanlı nədən inciyib-küsüb ki, iclaslara qatılmır? Yaxud onu rəhbəri olduğu qurumda niyə “ofsayt”a salıblar və o, bu aqibətlə barışıbmı? Barışmayıbsa, nəyi gözləyir? Ola bilsin ki, sabah Rüfət Aslanlı başqa bir dövlət strukturunda yüksək vəzifəyə, ən azından tutaq ki, vergilər nazirinin müavini postuna iddia etsin. Niyə də yox? Amma inandırıcı olmayan odur ki, o, rəhbərlik etdiyi qısa zamanda təkcə kredit bataqlığında çabalayan yüz minlərlə sadə insanlar arasında deyil, hakim komanda da özünə xeyli düşmən qazanmağa macal tapıb. Ona görə də Rüfət Aslanlının “ulduzunun” növbəti dəfə parlayacağı inandırıcı deyil”.
Göründüyü kimi, konkret olaraq R. Aslanlı nəinki hədəf taxtasına oturdulub, hətta onun yaxın müddətdə postundan uzaqlaşdırılaraq Mikayıl Cabbarovun yanına “sürgün” ediləcəyi də iddia olunur.
Belə məlumatlar və bəzi cümlələrin altında gizli həqiqətlərin olduğunu diqqətə aldıqda isə, qeyd etmək olar ki, yayılan xəbərlər təsadüf kimi görünmür.
Məlumata görə, həqiqətən son 1 ilə yaxındır R. Aslanlının ətrafında ciddi proseslər gedir:
“Təxminən 2 il əvvəl, daha dəqiqi, birinci devalvasiyadan sonra ölkənin maliyyə sektorundakı başıpozuqluğa qarşı ciddi mübarizə başlanıldı, yeni sistem yaradıldı və Rüfət Aslanlı ciddi bir vəzifəyə gətirildi. Sözsüz ki, onun gözlənilmədən belə bir vəzifəyə təyin olunması ölkənin maliyyə-bank sektorundakı bəzi şəxsləri narahat etməyə bilməzdi. Maliyyə və bank sektorunun “qoca qurd”ları hesab edir ki, onlar dura-dura Qiymətli Kağzılar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı əhəmiyyətli vəzifəyə gətirilir və o, bunların açıq və gizli maliyyə fəaliyyətlərini yönəldir. Hətta bəzi hallarda onların ölkədən pul çıxarmasına, o cümlədən himayəçisi olduqları və ya yönəltdikləri banklara, həmçinin böyük pullarına nəzarət etməsi qarşı tərəfdə Palata rəhbərinə şəxsi mənada böyük sıxıntılar yaratdı. Bəli, bu bir həqiqətdir ki, hazırda Palatada çox məsələlərdən onu kənarda saxlayırlar. Maraqlıdır ki, belə bir anda Prezident İlham Əliyevin bir müddət öncəki sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquq şəxsə çevrilərək, İbrahim Alışov Palatanın icraçı direktoru vəzifəsinə təyin olundu. Bununla da faktiki olaraq Aslanlı proseslərdən təcrid olunaraq oyundakənar duruma salındı. Alışovun bu vəzifənin öhdəsindən necə gələcəyini deyə bilmərəm, amma onun gələr-gəlməz bank sektoruna daha çox nüfuz etməyə çalışması və bütün fəaliyyətində Aslanlının varlığını heçə sayması Palatada ciddi proseslərin getməsindən xəbər verir. Hesab edirəm ki, bu, çox davam etməyək. Ya Rüfət Aslanlı başqa bir vəzifəyə göndəriləcək, ya da onunla bağlı vəziyyət o qədər ciddidir ki, barəsində başqa tədbirlər də görülə bilər. Belə bir məqamda onunla bağlı mətbuatda komromat tipli xəbərlərin intensivləşməsi də təsadüf deyil”.
Maliyyə kralları Aslanlıya qarşı çıxır
Məlumatlı şəxsin sözlərinə görə, Rüfət Aslanlı Palata sədri olandan onu nə maliyyə naziri Samir Şərifov, nə də Mərkəzi Bankın sədri Elman Rüstəmov xoş qarşılamayıb: “Ölkənin maliyyə və bank sektorunun iki əsas adamı sayılan Samir Şərifovla Elman Rüstəmov elə ilk gündən Rüfət Aslanlının təyinatına qarşı çıxıblar. Onlar fikirlərini belə izah ediblər ki, o, ölkənin maliyyə bazarını idarə edəcək savad və bacarığa sahib deyil. Diqqətçəkən odur ki, bu adamlar Rüfət Aslanlı haqqında mənfi fikirlərini də heç vaxt yaxın ətraflarından gizlətməyiblər. Ona görə də bəziləri indi düşünür ki, Rüfət Aslanlının hazırkı vəziyyətə düşməsində Samir Şərifovla Elman Rüstəmovun da rolu var. Məncə, bu prosesdə başqa şəxslər də rol oynayır. Hansı ki, Rüfət Aslanlıdan çox böyük gözləntilər olub və həqiqətən də o, bu etimadı istənilən səviyyədə doğrulda bilməyib”.
Ekspertimiz hesab edir ki, bu sahədəki problemi İ. Alışov da həll edə bilməyəcək. Əgər onun arxasında ciddi maliyyə bilikləri olan “xocası” yoxdursa, çətin ki, Palata üzərinə qoyulan öhdəlikləri doğru-dürüst icra edə bilsin. Hətta qorxu var ki, Palata ciddi korrupsiya mənbəyinə çevrilsin.
R. Aslanlıdan qisas almaq istəyən bankirlər və onların himayəçilərinin olması da istisna edilmir:
“Diqqət etdinizsə, onun yaxın dostu olduğu deyilən Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadovu da yola saldılar. Azad Cavadovun vəzifədən alınmasını Rüfət Aslanlıya xəbərdarlıq kimi yozanlar da oldu. Bunun nə dərəcə doğru olduğunu deyə bilmərəm, amma o vaxtdan aydın oldu ki, Rüfət Aslanlının Palatadakı hökmranlığı da uzun çəkməyəcək”.
R. Aslanlının başqa bir vəzifəyə təyinat alması da mümkün saılır: “Bu ölkədə elə adamlara vəzifə verilib ki, məncə, Rüfət Aslanlı bir çox parametrlərinə görə onların çoxundan üstün və qabiliyyətlidir. Lakin bunun 180 dərəcə əksinin olması da istisna deyil”. /fia.az/