Vaqif Abdullayev bu gün sökdürdüyü stadiona 4 il öncə 1 milyon, 2 il öncə isə təmirə 300 min manat xərc çəkilib
İcra başçısı 4 il müddətində 1.3 milyon manat sərf edilən stadionu indi sökür. Yəni dövlətin 1.3 milyon manatı havaya uçurulur. Niyəsini isə heç kim bilmir. Bəlkə də ona görə ki, Vaqif Abdullayev çoxsaylı korrupsiya faktlarının birini bu şəkildə yox edir…
Beyləqandan PİA.AZ-a verilən məlumata görə rayon icra başçısı Vaqif Abdullayev prezident İlham Əliyevin 2014-cü ilin avqusta ayında açılışını etdiyi Beyləqan şəhər Mərkəzi Staionunu sökdürüb. Məlumatda qeyd edilir ki, sökülən şəhər stadionun yerində Olimpiya Kompleksi tikiləcək.
Rayon sakinləri PİA.AZ-a bildiriblər ki, Beyləqan şəhərində xeyli boş ərazilər olmasına baxmayaraq icra başçısı naməlum səbəblərdən yeni tikilməsi nəzərdə tutulan Olimpiya Kompleksini məhz Beyləqan şəhər Mərkəzi Stadionunun yerinə saldırıb. Bundan icra başçısının hansı maraq güddüyünü isə Beyləqan camaatı maraq edir. Sakinlərin saytımıza ünvanladıqları şikayətdə bildirilir ki, Beyləqan Mərkəzi Stadounun sökülmə səbəblərini onlar anlaya bilmirlər. Çünki Olimpiya Kompleksini istənilən yerdə tikmək mümkün idi və buna görə hazır stadonu sökmək üçün heç bir zərurət də yox idi.
Xatırladaq ki, Beyləqan şəhər Mərkəzi Stadionu 2014-cü ildə istifadəyə verilib. 2016-cı ildə isə stadion yenidən təmir olunub. Qeyd edək ki, prezident İlham Əliyev 2014-cü ildə Beyləqan şəhər Mərkəzi Stadionun əsaslı təmiri üçün 1 milyon manat pul ayırmışdı. 2016-cı ildə isə bu stadiona yenidən təmir üçün Beyləqan İcra Hakimiyyətinin daxili büdcəsindən 300 min manat ayrılıb. Ayrılan 1.3 milyon manat vəsaitin nə qədərinin məhz bu stadiona sərf edildiyini biz deyə bilmərik. Hər halda bu daha çox əlaqədar qurumların yoxlayıb təsbit edə biləcəyi bir durumdur. Maraqlı orasıdır ki, icra başçısı 4 il müddətində 1.3 milyon manat sərf edilən stadionu indi sökür. Yəni dövlətin 1.3 milyon manatı havaya uçurulur. Niyəsini isə heç kim bilmir. Bəlkə də ona görə ki, Vaqif Abdullayev çoxsaylı korrupsiya faktlarının birini bu şəkildə yox edir…
Məsələ ilə bağlı Beyləqan İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, sualımızı cavablandıran tapılmadı.