“Binanı sökürlər, söksünlər, sözümüz yox. Amma təhlükəsizliyi də təmin eləsinlər də.
Söküntü gedən yerin ətrafında uşaqlar oynayırlar. O uşaqların başına bir iş gəlsə, kim cavabdehlik daşıyacaq?”
Bu sözləri paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi yaxınlığında yaşayan sakinlər bildiriblər.
Onların sözlərinə görə, ərazidən keçən avtomobillərə maddi zərər dəysə, onu heç kəs ödəməyəcək.
“Daşlar yolun ortasına uçur, taxtalar göydə “gəzişir”. Gərək ki kimsə həyatından ola, hansısa “JEK” işçisini, ya fəhləni tutub içəri bassınlar.
İndidən təhlükəsizlik tədbirlər bu şəkildə görülürsə, görün indi binanın tikintisi nə gündə olacaq.
Hardadır təhlükəsizlik hasarları? İcra Hakimiyyəti hara baxır?”, deyə sakinlər şikayətlənirlər.
Həqiqətən də söküntü işləri zamanı heç bir təhlükəsizlik normalarına əməl olunmur. Uşaqların ora-bura qaçışıb oynadığı, maşınların gur yerində açıqlıqda bina sökürlər.
Ən azından “müvəqqəti narahatlığa görə üzr istəyirik” yazılan hasarla ərazini əhatə olunmalıydı. Təbii ki, bunun günahı ilk növbədə söküntü işlərini həyata keçirən şirkətdədir.
Lakin Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev də biganə qalmamalı, camaatın həyatını təhlükəyə atmamalı, müvafiq göstəriş verməlidir.
Şübhəsiz ki, söküntü işləri Nərimanov RİH tərəfindən həyata keçirilir və pilot layihələr gerçəkləşir.
Bu halda hansısa uşaq xəsarət alarsa, kiminsə başına daş düşərsə, kiminsə maşınına zərər dəyərsə məsuliyyəti Nərimanov RİH daşıyacaq.ismaric.az