Almaniyada Berlin Texniki Universitetinin doktorantı olaraq təhsilini davam etdirən soydaşımız Günel Babayeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycan Dillər Universitetinin rəhbərliyi barədə şikayət ərizəsi yazıb.
Gununsesi.info mətni olduğu kimi təqdim edir:
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə ŞİKAYƏT ƏRİZƏSİ :
Hörmətli Prezident Zati-Aliləri cənab İlham Heydər oğlu Əliyev, Bu müraciəti hal-hazırda Berlin Texniki Universitetinin doktorantı olaraq Sizə yazıram. Mən öz hesabıma magistratura təhsilimi Almaniyanın Potsdam Universitetində Xarici Dil Linqvistikası üzrə aldıqdan sonra Azərbaycana qayıtdım. Almaniyada magistr təhsilini aldığım müddətdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bacardığım qədər fəallıq etdim, dövrü mətbuatda çıxan məqalələrim, Almaniyadakı ictimai fəaliyyətim Sizin siyasətinizin təbliğinə yönəlmişdi. 2017-ci ilin oktyabr ayından Almaniyanın KAAD təşkilatının təqaüdünü qazanan yeganə azərbaycanlı olaraq Berlin Texniki Universitetində Azərbaycanın xarici dil siyasəti ilə bağlı dissertasiya işi yazmağa başladım. Almaniyada monaqrafiya şəklində 2020-ci ildə çap edilməsi nəzərdə tutulan bu doktorantura işi Azərbaycanın bütün dünyada tanınması, ölkəmizdə xarici dillərin öyrənilməsi istiqmətində aparılan uğurlu siyasətin təbliği baxımından olduqca vacib əhəmiyyət daşıyırdı. Eyni zamanda bu elmi əsər Azəraycanda xarici dilli milli kadr hazırlığı prosesinə böyük dəstək verəcəkdi. O zamana qədər ki, Azərbaycan Dillər Univeristetinin rəhbərliyi, xüsusən Beynəlxalq Əlaqələr üzrə prorektor Jalə Qəribova mənə elmi-tədqiqatçı olaraq Azərbaycan və dünya elminə əngəl yaradacaq aşağıda haqqında bəhs edəcəyim addımı 29.03.2018-ci il tarixində atmasaydı. ADU-nin prorektoru Jalə Qəribova Berlin Texniki Universitetinin professoru olan elmi-rəhbərimə Azərbaycan Dillər Universiteti və rəhbərliyi adından mənə elmi-rəhbərlikdən imtina etsin deyə məktub yazıb. Prorektor Jalə Qəribova öz vəzifə səlahiyyətlərindən sui-istifadə idərək Almaniyaya Berlin Texniki Universitetinə göndərdiyi məktubla mənim şərəf və ləyaqətimi alçaldaraq məni qeyri-etik elmi davranışlarda suçlayıb. Halbuki, özü mənə 29.03. 2018-ci tarixində Almaniyaya ev nömrəmə zəng edərək 1 saata yaxın vaxtımı alaraq və bunun üçün üzrxahlıq edərək ADU-nin yenicə vəzifəyə təyin olunan rektordan dolayı sözügedən universitetin xaos içində olduğunu, səriştəsiz mütəxəssislərin ucbatından sorğuların cavablandırılmasının gecikdiyini və sairə qüsurlarını bildirərək mənə ADU-nun rəsmi icazəsinin yaxın zamanlarda veriləcəyini bildirdi. Bu telefon danışığından sonra prorektor Jalə Qəribova elmi-rəhbərimə haqqımda ifadə etdiyi böhtanlarla rəsmi müraciət etmişdir ki, “Azərbaycanda alman dili adlı” dissertasiya işinə elmi rəhbərim Prof. Thorsten Roelcke elmi-rəhbərlikdən imtina etsin. Hörmətli Prezident İlham Əliyev, ADU “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası qanuna zidd olaraq 2017-ci ilin oktyabr ayından ADU-ya elektron şəkildə ünvanladığım müraciətə rəsmi heç bir cavab verilmədiyi üçün elmi rəhbərim və mən Sizə 2017-ci ilin dekabr ayında bu məsələ ilə bağlı müraciət ünvanlamaq məcburiyyətində qaldıq. Bu müraciət ADU rəhbərliyini qəzəbləndirib. Elmi rəhbərimə yazaraq bildiriblər ki, prezidentə müraciət etmək qeyri-etik davranışdır. Mən elmi-tədqiqat işindəki sorğulara cavab almaq məqsədilə bir aylıq Azərbaycana gəlmək məcburiyyətində qaldım. ADU rəhbərliyi məndən elmi-rəhbərimin elmi-tədqiqat işi ilə bağlı təsdiq məktubunu istədi. Mən onlara istədikləri sənədi, hətta 2017-ci il dekabr ayında elmi-rəhbərim və mənim Prezident Adminstrasiyasına xahiş məktubunu da əlavə etdim.
Təəssüflər olsun ki, bu sənədlər də bəs etmədi. E-mail sorğuma yalnız 4 aydan sonra natamam, qeyri-düzgün məlumatlar göndərildi. Müraciətə və rəsmi ərizəmə cavab vermək yenə də uzandı. Artıq 7-ci aydır. Və nəticədə yuxarıda anlatdığım hadisə baş verdi. Cənab Prezident, Sizə bu tədqiqat işinin dünya elmində hansı yeri tutacağını təəssüf ki, bir neçə səhifədə ifadə etmək mümkün deyil. Çox təəssüf edirəm, Ulu öndər Heydər Əliyevin və Sizin dil siyasətinizdən doğan uğurlu məqamların yer alacağı elmi tədqiqat işinin ərsəyə gəlməsinə Azərbaycan Dillər Universiteti mane oldu. Tədqiqat işim xarici təşkilatların Azərbaycanda xarici dillərin öyrənilməsində təhsil siyasəti səviyyəsində problemlərin olması ilə bağlı ortaya atdığı iddianın yanlış olduğunu sübuta yetirəcəkdi. Çünki bununla bağlı müəyyən araşdırmalar getmişdi.
Elmi-tədqiqat işim uğurla nəticələnərdirsə, bu, Azərbaycan-Almaniya münasibətlərinin inkişafına da töhvə vermiş ola bilərdi. Dövlət qurumlarındakı belə idarəçiləri Azərbaycanın dünya səviyyəsində imicinin mənfi formalaşmasına məcbur edən səbəbin nədən ibarət olduğunu anlamaqda çətinlik çəkirəm.
Azərbaycanı dünyada təbliğ edəcək bir tədqiqat işinin gedişatına məqsədli şəkildə mane olmağın nəyə xidmət etdiyini yəqin ki, ADU rəhbərliyi çox gözəl bilir. Siz hər zaman xaricdə təhsil alan, elmlə məşğul olan insanlarımıza böyük diqqət və qayğı göstərmisiniz.
Görünür, ADU rəhbərliyi Sizin bu müqəddəs amalınızdan nümunə götürməyib.