11 apreldən sonra Azərbaycanda fərqli bir hökumət görəcəyik

FİA.Az-ın əldə etdiyi xəbərdə bildirilir ki, dövlət başçısı İlham Əliyev yeni komanda formalaşdıracaq.

YAP-çı deputat Siyavuş Novruzov da anons edib ki, seçkidən sonra cənab prezident hökuməti yenidən formalaşdıracaq.

O, bildirib ki, qanunun tələbinə uyğun olaraq seçkidən sonra bütövlükdə hökumət istefaya göndəriləcək:

“Kim qənaətbəxş fəaliyyət göstəribsə, o, yeni qurulacaq hökumətin tərkibində təsdiq olunacaq, kim göstərməyibsə, təsdiq olunmayacaq. Bunlar da hesabatı cənab prezidentə verir”.

İqtidar deputatının sensasion anonsu o deməkdir ki, seçkidən sonra bir neçə nazir vəzifəsi ilə vidalaşacaq. Həmçinin, komitə sədrlərindən, agentlik rəhbərlərindən istefaya gedənlər olacaq.

Gələn bilgilərə görə, İ.Əliyevin siyasi kursuna uyğun fəaliyyət göstərməyən nazirlər hökumətdə təmsil olunmayacaqlar.

Bu xüsusda kənd təsərrüfat naziri Heydər Əsədov, maliyyə naziri Samir Şərifov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, fövqəladə hallar naziri Kamaləddin Heydərov, yola salına bilər. Eyni zamanda yeni təhsil naziri təyin olunacaq.

Bundan başqa, daxili işlər naziri Ramil Usubov, Dövlət Təhlükəsizlik Xidməti rəisi Mədət Quliyev, müdafiə naziri Zakir Həsənov, baş prokuror Zakir Qaralov komandada yer alacaqlar.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyev, Əmlak Komitəsi sədri Kərəm Həsənovla bağlı vəziyyət qeyri-müəyyəndir.

FİA.Az xəbər verir ki, seçkilərdən sonra Zərdab, Ucar, Beyləqan, Göyçay, Nəsimi, Biləsuvar, Lənkəran icra başçıları işindən kənarlaşdırılacaq.

Ölkədə köklü islahatlar aparılacaq, sahibkarlıq və turizm inkişaf etdiriləcək, korrupsiya və monopoliyaya qarşı mübarizə gücləndiriləcək, bürokratik əngəllərin aradan qaldırılması üçün ASAN Xidmət modeli genişləndiriləcək.

Siyasi hakimiyyət Nazirlər Kabineti və Prezident Administrasiyasının strukturlarına təzədən baxmalıdır, kadrlar gəncləşməlidir, intriqa yuvaları dağıdılmalıdır.

Çünki son 1 ildə hələ də PA-dakı bəzi fiqurların və NK-də olan nazirlərin idarəçilikdə hansı ssenariləri həyata keçirdikləri, idarəçiliyə təsir etdikləri göz qabağındadır.

İ.Əliyev isə mövcud sistemin intriqabaz və konflikti olan nazirlər, məmurlar ucbatından gerilədiyini gördüyü üçün reformalar keçirməyə çalışır.

Amma göründüyü kimi, Azərbaycanın adı xoşagəlməz hesabatlarda, siyahılarda hallanır. Bu “ayı xidməti” nəticəsində izolyativ siyasətə yaxınlaşma müşahidə edilir.

İ.Əliyevə qarşı olan qərəzli kampaniyalar PA-dakı, NK-dəki yüksək çinli bəzi məmurlara, yuxarı eşelonda odiozlaşmış, korrupsiyaya uğramış, mövcud sistemin qalmasında maraqlı olan, reformaların qənimi kəsilən köhnə qvardiyadakı üzvlərə sərfəlidir.

Bu da öz növbəsində hər iki strukturda ciddi islahatlar həyata keçirməyi vitse-prezidentlərin təyinatını, bu institutun lokomotivə çevrilməsini şərtləndirir.

Referendum ərəfəsində də bəzi PA rəsmiləri qeyd edirdilər ki, NK islahatların lokomotivi ola bilmədi və vitse-prezidentlik bu zərurətdən irəli gəlir. Odur ki, seçkilərdən sonra müsbət dəyişikliklər şübhəsizdir..

Korrupsiya.Az

Paylaş