Neft və qaz ölkəsi olan Azərbaycanda yaranan qaz problemi əhalinin ciddi narazılığına səbəb olur

Qaz verilişlərinin dayandırılması, təzyiqin aşağı olması artıq demək olar ki, mütəmadi hal alıb. “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev mövcud vəziyyəti qaz borularında yaranan problemlərlə əlaqələndirir. “Borulardan yaranan problemlərə görə Birliyin balansında olan kəmərlərdə qazın təzyiqi aşağı enib” – deyə qurum rəsmisi təkrarlayır. Maraqlı məqam ondan ibarətdir ki, hər il dövlət büdcəsindən qaz kəmərlərinin təmirinə milyonlarla manat vəsait ayrılır. Ancaq təmir bitmək bilmir. Xüsusilə, qış aylarından eyni problem üzündən əhali əziyyət çəkir.

SOCAR dəfələrlə bəyan edib ki, əhaliyə satılan qaz maya dəyərindən ucuzdur. Hətta 2017-ci ildə SOCAR bu kəsiri aradan qaldırmaq üçün dövlət büdcəsindən 250 milyon manat subsidiya alıb.

Baxmayaraq ki, SOCAR-ın bu iddiası enerji sahəsi üzrə çalışan mütəxəssisləri razı salmır. Mütəxəssislər hesab edir ki, qaz istehsalı SOCAR-a satış qiymətindən ən azı yarı-yarıya ucuz başa gəlir. Qeyd edək ki, SOCAR 1 ildə BP-dən təqribən 2-3 milyard kubmetr pulsuz qaz alır. SOCAR-da 1000 kubmetr qazın hasilat xərcləri 42 manat, daşınma və saxlanma ilə birlikdə 70 manatdan aşağıdır. Belə ki, əhaliyə verilən qazın bir hissəsi havayı, qalanının mayası 70 manatdan aşağı başa gəlir. Əhaliyə isə 1000 kubmetr qazı 100 manata, 2000 kubmetrlik limit dolandan sonra isə 200 manata, ortalama 135-140 manata satılır. Yəni, SOCAR-ın zərərlə işləməsi əhaliyə satılan qazın ucuz olması ilə bağlı deyil.

Digər tərəfdən, son dönəmlər ən çox müzakirə olunan məsələ qazın itkiyə getməsilə bağlıdır. Burada isə əsas önə çıxan məqam itkiyə gedən qazın qeyri-rəsmi satışından irəli gəlir. Əslində SOCAR dövlət şirkəti olaraq bazarda inhisarçı mövqeyə sahibdir. Yəni, enerjinin bu növünün satışı birbaşa olaraq SOCAR-ın balansındadır və bazarda ona alternativ olan ikinci bir şirkət yoxdur. Bu amilin özü də SOCAR-ın zərərlə işləməsinin əslində yanlış idarəetmədən qaynaqlandığını göstərir.

Ehtimal olunur ki, mütəmadi olaraq yaranan və narazılığa səbəb olan qaz problemli SOCAR və Azəriqaz İB üçün ciddi başağrısına çevriləcək.

Artıq seçkilər yekunlaşıb, prezident yeni hökuməti formalaşdırmağa başlayıb. Hökumətin tərkibində ciddi kadr və struktur islahatlarının aparılacağı ehtimal olunur. SOCAR rəhbərliyinin də bu islahatlardan yayına bilməyəcəyi ehtimallar arasındadır. Bu ehtimalı ölkədə yaz-qış fərqi qoyulmadan mütəmadi olaraq yaranan qaz probleminə çarə tapılmaması bir az daha gücləndirir.

Ümumiyyətlə, son zamanlar SOCAR-ın prezidenti Rövnəq Abdullayev haqqında neqativ məlumatlar yayılır. İstər şəxsi biznesi, istərsə də digər xoş olmayan məqamlarla mütəmadi olaraq gündəmə gələn SOCAR rəhbərinin bu dəfə öz kreslosunda təkrar otura bilmək şansı da azalır. İdarəetmədəki təkrarlanan problemlərin Rövnəq Abdullayev üçün ciddi başağrı olacağı istisna edilmir.

Azəriqaz İB-nin rəhbəri Əkbər Hacıyev də veriləcək qərardan kənarda qalmayacaq. Qurum SOCAR-ın balansındadır və ölkədə yaranan qaz probleminin bir ucu da Əkbər Hacıyevə aparır. 2017-ci ildə qurumda aparılan audit yoxlamasında ciddi nöqsanların tapılması da Ə.Hacıyevi hədəfə gətirib. Belə ki, yoxlamalar zamanı məlum olub ki, qurumun balansında olan əsas vəsaitlərin əvəzsiz olaraq digər hüquqi şəxslərin balansına köçürülüb. Digər bu kimi hallar “Azəriqaz” İB-nin fəaliyyətinin (auditlə əhatə olunan dövrdə) zərərlə başa vurması ilə nəticələnib. Üstəlik, zaman-zaman əhaliyə satılmalı olan qazın “itki”sinin adına yazılmasına dair ittihamlar səsləndirilir.
Ehtimal olunur ki, ən yaxşı halda Azəriqaz İB SOCAR-ın tərkibindən çıxarılaraq müstəqil quruma çevriləcək. Təbii ki, köhnə kadrlarla deyil, yeni tərkibdə olan rəhbər heyətilə. Bütün hallarda ölkədə yaranan qaz problemi həm SOCAR, həm də Azəriqaz İB-nin rəhbər şəxsləri barədə veriləcək qərarda önəmli rol oynaycaq./fia.az/

Paylaş