Lift idarəsinin rəisi  SOCAR-ın tikdiyi müalicə-diaqnostika mərkəzlərindən neçə milyon qazanıb ?

KORRUPSİYA.AZ xəbər verir ki, xeyli  vaxtdır  Bakı Lift İdarəsinin rəisi  Qüdrət Şükürovun adı  mətbuatın gündəmindən düşmür.

Rəisin  öz qızının ikinci dəfə keçirilən toyuna 400 min manatdan çox pul xərcləməsi ilə bağlı  mətbuatda yayılan xəbərdən sonra cəmiyyətdə xeyli suallar yaranıb. Görəsən, dövlətdən 550 manat əmək haqqı alan məmurda bu qədər pul haradandır ?

Əgər  Qüdrət Şükürov bizneslə məşğul olursa, bu qanunla qadağandır. Bəs, bu milyonların mənbəyi nədir ?

Digər tərəfdən rəisin  qanunsuz əməlləri barəsində mətbuatda bu qədər məlumatlar yayıldığı halda görəsən Qüdrət Şükürov  niyə vəzifəsindən azad olunmur, niyə məsuliyyətə cəlb edilmir?

Adi lift idarəsinin  rəisi bu dərəcədə toxunulmaz, “odda yanmaz, suda batmaz”,..?

Qüdrət  Şükürovu kim(lər)  qoruyur ?

Axı, elə gün olmur ki, Bakı şəhərində lift qəzası olmasın.

Hər gün oxuyuruq ki, filan binada lift qəzası olub, sakinlər şaxtaya düşüb, ölən və yaralananlar var və s.

Lift qəzaları və  faciələri  ilə bağlı  rəsmi statistikaya nəzər salanda adam dəhşətə  gəlir. Əlbəttə liftlərdə nasazlıq və qəza mümkündür. Amma  bu sayda yox. Deməli, Bakı şəhərində liftə görə məsuliyyət daşıyan Qüdrət Şükürov işinin öhdəsindən gələ bilmir.

Mətbuatda yayılan məlumatlara görə, Qüdrət Şükürovu “qoruyan mələk”  SOCAR-ın prezidenti cənab Rövnəq Abdullayevdir.

Amma heç kim izah eləmir ki, SOCAR-la Lift idarəsinin nə əlaqəsi ola bilər ?

Rövnəq Abdullayevlə Qüdrət Şükürovun yaxınlığı nədən qaynaqlanır ?

Bəzi sadəlövh yazarlar SOCAR prezidenti ilə Lift İdarəsi rəisinin tələbə yoldaşı olmağını əsas gətirirlər. Açığı çox gülməli səbəbdir. Bəs onda əsl səbəb nədir ?

SOCAR-ın (ARDNŞ)  maliyə vəsaiti hesabına tikilən Naxçıvan, Lənkəran, Cəlilabad, Şirvan, Xızı, Gəncə, Bərdə, Quba, Zaqatala, Qəbələ, Şamaxı  və s  müalicə-diaqnostika mərkəzlərində  liftlərin  quraşdırılmasına  ayrılan külli miqdarda maliyyə vəsaiti təkcə Qüdrət Şükürovun cibinə getməyib.

Həm də quraşdırılan  liftlərin hamısı təzə olmayıb. “Kraska”lanmış  köhnə liftlər  təzə adı ilə dövlətə sırınıb və ortada milyonlar qazanılıb. Təsəsvvür edirsiniz, məcburi köçkünlərin məskunlaşdığı  yarımçıq binalardakı liftləri söküb diaqnostika mərkəzlərində quraşdırıblar.

Və bu  yolla  Qüdrət Şükürov  milyonlar qazanıb.

Korrupsiya.Az-ın araşdırmalarına  əsasən bu gün isə Qüdrət Şükürov  həmin milyonların hesabına Bakı şəhərində lift  biznesi ilə bağlı bir neçə özəl şirkətə sahiblik edir. “Kleemen”  lift şirkəti də Qüdrət  Şükürova məxsusdur. Və məmur olan Şükürov iş gününü  çox hissəsini şirkətin Xətaidəki ofisində olur. Görəsən, Bakı ŞİH-nin rəhbərliyi onun  iş vaxtı harada olması ilə maraqlanmır ?

Şükürovun  digər əməlləri ilə bağlı növbəti yazıda bəhs edəcəyik.

 

Paylaş