Azərbaycanın adını AŞPA-da deputat Səməd Seyidov batırırsa, daxildə də həmkarı Rafael Cəbrayılov biabır edir

FİA.Az-ın xəbərinə görə, adı qalmaqallı işlərdən düşməyən deputatın iş xanımı Məlahət Qurbanova ilə qovğası bitmək bilmir.

Media yazır ki, devalvasiyadan əvvvəl deputat xanım sahibkardan bir neçə yüz min manat götürüb.

Ancaq R.Cəbrayılov borcu inkar edib, boynundan ataraq, kiminsə adından sui-istifadə etdiyini bildirib.

Həmin pul dəyərdən düşsə də, M.Qurbanova onunla kompromisə getmişdi. Bir il müddətində pulun M.Qurbanovaya qaytarılacağı notarial qaydada təsdiq olunmuşdu.

Təəssüf ki, millət vəkili nişanı daşıyan bu şəxs sözünə əməl etməyib. Artıq üç ilə yaxındır ki, o borc olduğu kimi olaraq qalır.

M.Qurbanovanın biznesi risk altındadır və müəssisəsi bağlana bilər. Burada çalışan işçilər işsiz qala bilər.

Bildirilir ki, R.Cəbrayılovun əleyhinə çox saylı audio-video çəkilişlər, təkzibedilməz faktlar var. Ancaq buna baxmayaraq, deputat hələ də borcunu qaytarmır.

Son günlər baş verənlər Azərbaycan parlamentində mandat sahibi olanları bir daha saf-çürük etməyə əsas verir.

Rəfael Cəbrayılovla bağlı iddialardan birinin yaranmasına səbəb keçən seçkilərlə bağlıdır.

Hələ bir neçə il əvvəl keçmiş ABU rektoru Elşad Abdullayev bəyan etmişdi ki, o, daha bir deputatın ifşasına həsr edilən video yaya bilər.

Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən videogörüntülərdə sabiq YAP-çı deputat Gülər Əhmədova Rafael Cəbrayılovu da öz gücü ilə deputat seçdirdiyini demişdi. E.Abdullayevə mandat vəd edən G.Əhmədova bildirmişdi ki, onun gücü kifayət qədərdir: 

“Rafael qalmışdı kənarda, bilmirdi nə etsin… Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu…”.

Bu məqamda xatırladaq ki, R.Cəbrayılovun deputat mandatını rüşvətlə aldığı barədə indiyə qədər mediada bir neçə dəfə informasiyalar yayılıb.

Hələ 2010-cu ildə mediada yayılan məlumatlarda 9 saylı Binəqədi seçki dairəsindən deputat seçilmək üçün R.Cəbrayılovun 3 milyondan çox pul xərclədiyi bildirilirdi.

Lakin həmin informasiyada R.Cəbrayılovun deputat seçilməsinə köməkliyi G.Əhmədovanın deyil, spiker Oqtay Əsədovun etdiyi qeyd olunmuşdu.

R.Cəbrayılovla bağlı son dövrlərdə yayılan üç хoşagəlməz хəbərə də diqqət yetirək.

Hər üç xəbərdə də deputat və qardaşı başqalarının pulunu mənimsəməkdə ittiham olunur.

Bakı şəhərində yerləşən “Lombard”da işləyən Osman Hacıyevin müəssisənin daimi müştərisi Mirəhməd Abbasovla dostluq əlaqəsi yaranıb.

M. Abbasov övladları üçün ev almaq istəyən O.Hacıyevə deputat Rafael Cəbrayılovla şərik olduğunu və ona çox münasib qiymətə ev ala biləcəyini söyləyib.

Evin kvadrat metrində çox böyük endirim etdirən Mirəhməd Abbasov Osman Hacıyevin etimadını qazanıb.

Osman Hacıyev Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun adına olan “Dərhal” MMC tərəfindən Mehdiabad qəsəbəsində inşa edilmiş Binəqədi Gənclər Şəhərciyində yerləşən kompleksdəki 2-ci bina, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 117 kv.metrlik mənzili alıb.

Bunun üçün Mirəhməd Abbasova 52 min manat ödəyərək, mənzilin müqaviləsini və ödəmə çekini təhvil alıb.

14 sentyabr 2012-ci ildə Elşən Cəbrayılovla bağladığı müqavilə ilə ev sahibi olduğunu düşünən Osman Hacıyev binanın başa çatmasını gözləməyə başlayıb.

Lakin bu yaxınlarda bina ilə bağlı şikayətlər artınca, o, da narahat olaraq, 52 min manat (O zamanın kursu ilə 66 min dollar) ödədiyi evin taleyi ilə maraqlanmağa başlayıb.

Gözləmədiyi bir münasibətlə qarşılaşıb. “Dərhal” MMC-dən bildirilib ki, “sənin müqavilən ləğv edilib və ev-filan yoxdur”.

Osman Hacıyev haqlı olaraq, pulunu istədikdə isə, “Get məsələni Mirəhmədlə həll et” deyə, kobud cavab alıb.

Daha sonra isə Mirəhməd Abbasov R.Cəbrayılovla anlaşaraq, bütün pulları guya deputatın sürücüsünün mənimsədiyi yalanını ortaya atıb.

İş bununla da bitmir. Eyni dərddə olan onlarla insandan biri də onun çalışdığı “Lombard”ın müdiri Məlahət Qurbanovadır.

M.Qurbanova Cəbrayılov və şəriki Mirəhməd Abbasova verdiyi nə 165 min manatı, nə də bu pulun qarşılığında təqdim olunan 300 minlik mülkü ala bilir.

İki ilə yaxındır ki, döymədiyi dövlət dairəsi qalmasa da, heç bir qurum Rafael Cəbrayılovun özbaşınalığı qarşısında səsini çıxarmaq istəmir.

Əvəzində isə Cəbrayılov illərdən bəri Yeni Azərbaycan Partiyasının aparıcı funksionerlərinə qarşı istifadə etdiyi reket mətbuatında M.Qurbanovanı ağır şəkildə təhqir etdirir.

Yəni, bir deputat düşünün, Azərbaycan qadınının pulunu mənimsəyib, özünü isə ləkələməklə məşğuldur. Doğrudan da, rüsvayçı bir durumla qarşı-qarşıyayıq.

Paylaş