Bakıətrafındakı bütün dəmiryol relsləri çıxarılıb satılır

Bu barədə FİA.Az-ın əldə etdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC metal biznesi qurub.

Dəmiryol xətlərinin yenilənməsi adı ilə istifadə müddəti başa çatmayan relslər metalloma verilərək gəlir əldə olunur.

QSC tərəfindən “28 May”dan başlayaraq Keşlə və Bülbülə istiqamətində qədər dəmiryol relsləri çıxarılır, yenisi ilə əvəzlənir və köhnələri satılır.

Halbuki, onların istismar dövrü qurtarmayıb. Lakin QSC sədri Cavid Qurbanovu işin bu tərəfi maraqlandırmır.

“Məlum olur ki, Azərbaycanda ən iri metal satıcısı Cavid Qurbanovdur. Arana enmiş bu dağlı hər gün öz adamları və fırıldaqçı şirkətlər vasitəsilə min tonlarla metal satır.

Soruşacaqsız ki, bu metal hardandı? Cavab verirəm – dəmiryolu relslərini sökürlər, elektrik və digər qatarları balansdan silirlər.

Bax bununla məşğul olur bizim Cavid. Sürət qatarları? Bizə nəyə lazımdı qatarlar? Pul ver!”- bu sözləri jurnalist Eynulla Fətullayev yazmışdı.

C.Qurbanov özü demişdi ki, Bakı Dairəvi dəmir yolunun təmiri ilə əlaqədar 13 min tondan çox rels və 180 mindən çox şpal dəyişdirilməlidir.

Dəmir yolunun təmir tələb edən hissəsinin ümumi uzunluğu 100 kilometrdən çoxdur. Bu o deməkdir ki, baş dəmiryolçu 13 min tonluq relsi hissə-hissə sökərək satıb milyarderə çevrilir.

FİA.Az-ın əldə etdiyi məlumata görə,
 təmirdən sonra 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edə bilər.

Amma buna qədər C.Qurbanovdan 13 min ton rels və 180 mindən çox şpalın dəyişdirilərəkən köhnələrin hara istifadə edildiyini soruşan yoxdur.

Həmin rels və şpalların heç də hamısı istismar dövrünü başa vurmayıblar. Bu halda ortada Bakı Dairəvi dəmir yolunun təmiri zamanı ciddi korrupsiya və biznes olduğu görünməkdədir.

Bu biznes Bakıdan kənara da çıxır. Yada salaq ki, Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsinin rəisi Şəmsəli Quliyevin rəhbərliyi ilə Ucar rayonunun Oğuz küçəsi ərazisində dəmir yolu relslərinin aparılır. Şəmsəli Quliyevi hamı rels alverçisi kimi tanıyır.

Hacıqabul, Kürdəmir və Ucar rayonlarında bəzi idarə müəsisələrinə yük daşınması üçün sovet dönəmində dəmir yolu xətləri çəkilmişdir.

İndi həmin idarə və müəssisələrin bir neçəsi işləmədiyindən Şəmsəli Quliyev həmin dəmir yolu relslərini təmir işləri adı ilə qanunsuz olaraq sökdürüb satdırır.

Hər yanda isə deyir ki, guya Cavid Qurbanovun tapşırığı əsasında reysləri satır. Görünür, düz danışır…

 
Paylaş