Ölkədə fəaliyyət göstərən OBA marketdə satılan ərzağın üzərində Azərbaycan dilində məlumat olmaması ilə yanaşı, həm də tarixi yapışqanlı kağızla qeyd edilib.

Hakimiyyet.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı marketin müştərisi Mirzəyevə Dilşadxanım Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynova ünvanlanan şikayət məktubunda qeyd edib. M.Dilşadxanım Binəqədi rayonu Sulutəpə qəsəbəsi, döngə 11 ünvanında yerləşən OBA marketdən aldığı kefiyyətsiz malın geri qaytarılmadığını bildirib:

“Rusiyanın Omsk vilayətində istehsal olunmuş 600 qramlıq “Qauda” markalı pendir və “Uzun ömür” Süd məhsulları MMC-nin istehsalı olan 0.5 kq olan “Nur” markalı nehrə yağı aldım. İstehlak üçün 3 gün sonra açdıqda həmişə istifadə etdiyim “Qauda” pendirlərindən fərqli olaraq, aldığım pendirdə ciddi acılıq və sanki bükülmə materialından keçmiş xoşagəlməz ətirlik dadını hiss etdim. Diqqətlə baxdıqda pendirin üzərində Azərbaycan dilində məlumat olmadığını, saxlanma müddətinin rus dilində 180 gün yazılsa da, buraxılma tarixinin yapışqanlı kağızla yazıldığını gördüm. Güman edirəm ki, buraxılma tarixi sonradan yapışdırlmışdır. 0.5 kq-lıq nehrə yağının isə dəmir dadı verdiyini, nehrə yağına bənzəmədiyini, qabın üzərində 90 gün yararlıq tarixi göstərilsə də, yağın keyfiyyətsiz olduğunu gördüm. Malları soyuducuda saxladım. 23.07.2018-ci il tarixində qeyd olunan malları dükana apardım, satıcıdan malların yoxlanmasını və geri qaytarılmasını xahiş etdim. Qeyd edirəm ki, mallara dadına baxmaq üçün cüzi toxunulmuşdu. Satıcı mala baxmadan “toxunubsan“ deyib pulumu qaytarmaqdan imtina etdi. Mən onu başa salmaq istədim ki, malı açmasaydım, onun keyfiyyətsiz olduğunu necə bilərdim? Lakin satıcı buna əhəmiyyət vermədi”, – şikayətçi bildirib.
Məsələ ilə bağlı açıqlama verən OBA marketin ictiamiyyətlə əlaqələr şöbəsinin meneceri Elvin Babayev şikayətin araşdırılacağını və məhsulun keyfiyyətində hər hansı bir dəyişiklik olub-olmadığını yoxlamaq üçün məhsuldan nümunə götürülərək, laboratoriyaya göndəriləcəyini bildirdi.

Paylaş