“Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov yaxın günlərdə qandallana bilər

Cahan.info xəbər verir ki, ona qarşı açılan cinayət işi həbsə aparır.

Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib ki, Q.Şükürov barəsində Cinayət Məcəlləsinin 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Q.Şükürovun adı ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktını pozulması ilə müşayiət olunan korrupsiya cinayətində keçir. Bu il sentyabrın 15-də ABŞ-ın Qiymətli Kağızlar Komitəsi (SEC) “United Technologies Corporation” şirkətini 13 milyon 400 min dollar cərimələyib. Buna səbəb şirkətin törəmə müəssisəsi olan “Otis Elevator Co.” lift istehsalı şirkəti tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı “Liftremont” kimi gedir) rüşvət verilməsidir. ABŞ-da başlanan araşdırmaların Bakıda davam etdiriləcəyi də istisna olunmur.

Q.Şükürovun barəsində Cinayət Məcəlləsinin 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi başlanması da təsadüfi deyil. İstintaqçılar hazırda Qüdrət Şükürovun keçmiş qudası Rəfael Əsgərovu şahid qismində dindirir. Bu haqda “Yeni Müsavat”a istintaqa yaxın mənbələrdən daxil olan məlumatda deyilir ki, R. Əsgərovun dindirilməsi Q.Şükürovun “Lifttəmir”ə ayrılan büdcə vəsaitlərinin hansı banklardan, nə vaxt, hansı miqdarda çıxarıb hara aparması, hansı əmlakların alınmasına yönəltməsi haqda dolğun məlumatların protokollaşdırılmasına imkan yaradıb.

R.Əsgərov Q.Şükürovun “otkat”ları haradan, hansı yollarla alması haqda da bilgilərə malikdir. ABŞ-da bu qalmaqallı korrupsiya işi ilə bağlı araşdırmalardan xəbər tutunca böyük korrupsiya cinayəti ilə bağlı şahid qismində ifadə vermək üçün olduqca ciddi addımlar atıb. 2 həftə əvvəl o, ABŞ-ın ölkəmizdəki səfirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və baş prokurora sensasion məktub ünvanlayıb.

O, şahid qismində ifadə vermək üçün Azərbaycan hüquq-mühafizə orqanları ilə yanaşı ABŞ-ın müvafiq dövlət qurumlarına da bildiyi və şahidi olduğu böyük korrupsiya qalmaqalı ilə bağlı məluma verməyə hazır olduğunu bəyan edib.

Cahan.info xəbər verir ki, Qüdrət Şükürovun adı illərdir ki, liftlərlə bağlı maxinasiyalarda və korrupsiyada hallanır. Onun sərvəti, ailə üzvlərinin dəbdəbəli həyat tərzi haqda da məlumatlar illərdir ki, mətbuatın gündəmindən düşmür.

Bakıda liftlərin durumu hər ötən il pisləşdiyi göz önündə ikən “baş liftçi”nin varidatı əksinə, artıb. 500-600 manat məvacib alan bir məmurun dünyanın dörd bir tərəfində, Türkiyədə, Avropada, Rusiyada mal-mülk alması, banklardan milyonlarla pul çəkməsi xəbərləri də var. Ən son məlumatlar isə belədir ki, Qüdrət Şükürov mülk-mülklərini, bank hesablarındakı vəsaitləri müxtəlif şəxslərin adına keçirib.
“Yeni Müsavat”a daxil olan məlumatlarda Qüdrət Şükürovun mal-mülklərini Azərbaycan vətəndaşları İlqar, Aynur, Xuraman, Gumaş Ramazanovların adına keçirməsi iddia edilir.

Bildirilir ki, Qüdrət Şükürov Xətai rayonunda yerləşən “Women’s secrets” gözəllik salonu, “Bank of Baku”dakı çox böyük məbləğdə vəsaitlər, Bakıdakı çoxsaylı mənzillər, bağ evləri, bahalı nəqliyyat vasitələri də Ramazanovların adına rəsmiləşdirilib.

Bu iddianın ortada olması onu deməyə əsas verir ki, Qüdrət Şükürov vəzifədən çıxarıla biləcəyini, müvafiq olaraq istintaqa cəlb olunma ehtimalını göz altına alıbmış. Və ya mümkündür ki, Qüdrət Şükürov əmlakının izinin itirilməsinə adı ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktını pozulması ilə müşayiət olunan korrupsiya cinayətinə qarışandan sonra başlayıb. Tələsik adındakı mal-mülkü başqalarının adına keçirməklə əlindən çıxmasını önləməyə çalışıb

Qüdrət Şükürovun bu korrupsiya əməli qızının ikinci dəfə dəbdəbəli toyla ərə getməsi xəbərlərindən sonra üzə çıxdı. Şükürovun keçmiş qudası Rafael Əsgərov onun korrupsiya əməlləri barədə faktları yerli KİV-lərə, xüsusən “Yeni Müsavat”a ötürdü, habelə müxtəlif dövlət orqanlarına yazdı.

O, müsavat.com-a bildirirdi ki, 2013-cü ilin aprelində Q.Şükürovun təklifi ilə birlikdə Moskvaya gediblər. Həmin səfərdə Q.Şükürov içki məclisindən sonra Moskvada yaşayan bir erməni ilə əlaqə saxlayıb.

Həmin erməni Vardan Avakyan olub: “OTİS” lift zavodunun rəhbərliyində təmsil olunan V.Avakyana Q.Şükürov özünü qeyri-azərbaycanlı kimi təqdim etməklə onunla görüşmək istədiyini deyib. Növbəti gün isə onunla görüşə gedib. R.Əsgərov yazıb ki, ermənilərin işğal etdiyi Qubadlıdandır və həmin vaxt qudası ilə erməninin görüşünə getməkdən imtina edib. Həmin görüşdən sonrakı günlərdə qudalar Moskvadan İstanbula uçublar.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı fakt üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Baş prokurorun təqdimatı əsasında “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov tutduğu vəzifədən azad olunub.

Paylaş