Azərbaycanda 9 il insan alveri ittihamı ilə axtarışda olan və bu il həbs edilən Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Amani Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxışı oktyabrın 30-na təyin edilib.

İttihama görə, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində insan alverçisi olaraq beynəlxalq axtarışda olan Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Amani Əhmədova bu ilin aprelin 30-da həbs edilib.

Məlumata görə, Amani Əhmədova 2007-2009-cu illər ərzində Azərbaycan vətəndaşı olan qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparıb, orada onların cinsi istismara məruz qoyub.

Dubaydan geri qayıdan zərərçəkmiş qadınlar İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində dindiriliblər. Onlar Amani Əhmədova tərəfindən aldadılaraq Dubaya aparıldıqlarını, orada cinsi təcavüzə məruz qaldıqlarını qeyd ediblər.

Bu səbəbdən Amani Əhmədovanın barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə ittiham irəli sürülüb, 2009-cu ildə axtarış elan edilib.

Həmin vaxtdan Amani Əhmədovanın barəsində həbs qətimkan tədbiri seçilib, İnterpol kanalları ilə beynəlxalq axtarışa verilmişdi.

İstintaq orqanı tərəfindən Amani Əhmədovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Paylaş